Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-11 17:16:00
Ağstafa və Tovuzda əsaslı təmir edilən məktəblərin açılış mərasimi keçirilib - FOTOLAR

Sentyabrın 11-də Ağstafa rayonu, Muğanlı kənd tam orta məktəbinin əsaslı təmir işlərindən sonra açılış mərasimi keçirilib. 

 

AzEdu.az xəbər verir ki, mərasimdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov və məktəb direktoru iştirak edib. 

 

Bildirilib ki, Muğanlı kənd tam orta məktəbinin əsaslı təmir olunmuş binası 624 şagird yerlikdir. 2019-2020-ci tədis ilində məktəbdə 359 şagird və 20 uşaq məktəbəhazırlıq qrupunda təhsil alıb. Şagirdlərin təlim-tərbiyəsi ilə 49 müəllim çalışır. 

 

Təhsil müəssisəsində müasir sinif otaqları,  fizika-kimya laboratoriyaları, biologiya, texnologiya kabineti var. İdman zalı yenidən qurulub, yeni idman qurğuları ilə təchiz olunub. Akt zalı müasir fomada düzəldilərək 180 yerlik oturacaqla təmin edilib.100 şagird yerlik bufet müasir avadanlıqlarla təchiz edilib, müasir kitabxana yaradılıb.     

 

Məktəblilər üçün futbol, voleybol, basketbol stadionları da istifadəyə verilib. Məktəb üçün müasir istilik qazanxanası tikilib. Qazla təchiz edilib. 

 

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar. 

  

Həmçinin, sentyabrın 11-də Tovuz rayonu, Aşağı Quşçu kənd tam orta məktəbinin əsaslı təmir olunmuş tədris binasının da açılışı baş tutub.

 

Açılışda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü və məktəb direktoru iştirak edib.

 

Bildirilib ki, məktəb 1176  nəfər şagird yerlikdir. Məktəbdə müasir tipli kitabxana, idman zalı, 100 nəfərlik yeməkxana, avadanlıqlarla təchiz edilmiş  3 laboratoriya, 192 nəfərlik akt zalı, müasir infrastrukturla təchiz edilmiş sinif otaqları, müəllimlər otağı və digər yardımçı otaqlar yeni tədris ilində şagirdlərin istifadəsinə veriləcək. Məktəbdə 850 şagirdin təlim-tərbiyəsi ilə 93 müəllim məşğul olacaq.

 

Daha sonra qonaqlar məktəbdə əsaslı təmirdən sonra yaradılmış şərait ilə tanış olublar.