Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-06 17:52:00
Azərbaycan–Türkiyə əməkdaşlığı: tarixi təcrübə və müasir reallıqlar

Azərbaycan ilə Türkiyə arasında imzalanmış ikitərəfli sənədlərə uyğun olaraq hər il keçirilən hərbi təlimlərin yekununda ictimaiyyətdə belə bir sual yaranır: “Bu əməkdaşlığı hansı formada daha yüksək səviyyəyə çıxarmaq olar?”. Məncə, əməkdaşlığın yüksək səviyyəsi ilkin olaraq birgə ordu hissələrinin və Azərbaycan ərazisində Türkiyə hərbi obyektlərinin (“hərbi obyekt” və “hərbi baza” anlayışları bir-birindən fərqlidir) qurulması ola bilər. Bu, nə üçün vacibdir? Həmin suala cavab vermək üçün həm qarşılıqlı münasibətlərin tarixinə, həm də müasir reallıqlara nəzər yetirməkdə fayda var.

 

Bu fikirlər Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “Azərbaycan – Türkiyə əməkdaşlığı: tarixi təcrübə və müasir reallıqlar” sərlövhəli məqaləsində yer alıb.

 

AzEdu.az məqaləni təqdim edir:

 

“Əkiz qardaşlar olan millətimizin və ölkələrimizin əməkdaşlığının tarixi təcrübəsi göstərir ki, biz bərabər hərəkət etdikdə daim uğur qazanmışıq və qarşımızda kimsə tab gətirə bilməyib. Bir neçə tarixi fakt söylənənləri təsdiq edir. Əvvəla, hələ Birinci Dünya müharibəsi illərində azərbaycanlı gənclər çar Rusiyasının təbəələri olmalarına baxmayaraq, xəlvəti yollarla Osmanlı dövlətinin ərazisinə keçib türk qardaşları ilə bir cərgədə vuruşublar. Azərbaycanlılar türklüyün və İslamın mərkəzi olan Osmanlının qalib gəlməsini arzulayıb və imkanları daxilində fərd olaraq döyüşlərdə iştirak ediblər. Bunun bir örnəyi Çanakkala savaşı olub. İkincisi, 1918-ci ilin sentyabrında Osmanlı və Azərbaycan əsgərlərindən ibarət Qafqaz İslam Ordusu Bakı şəhərini yadellilərdən azad etdikdən sonra Azərbaycan hökuməti təbii paytaxtına qovuşub. Qarabağ erməni silahlılarından təmizlənib. Osmanlı müharibədən çıxdıqdan sonra çətin vəziyyətə düşməsinə və bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə yardımlar haqqında ikitərəfli sənəd də imzalayıb. Azərbaycan torpağında həlak olan Qafqaz İslam Ordusunun əsgərlərinin məzarları sovet sisteminin ağır şərtlərinə baxmayaraq, xalqımız tərəfindən qorunub saxlanılıb, dövlət müstəqilliyi bərpa edildikdən sonra isə təmir olunub. 1918-ci ilin mart soyqırımı qurbanlarının, Qarabağ uğrunda həlak olanların dəfn edildiyi və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində türk əsgərinə abidə ucaldılıb. Üçüncüsü, türk xalqının istiqlal savaşına Azərbaycan sovet hökuməti yardımlar edib. Mustafa Kamal Paşa göstərilən yardımlar üçün Azərbaycan hökumətinin başçısı Nəriman Nərimanova təşəkkür etdikdə, o, “qardaş qardaşa borc verməz, əl tutar” deyib. Azərbaycanlı qız və gəlinlər nişan üzüklərini və zinət əşyalarını göndəriblər. Azərbaycan xalqı Türkiyənin istiqlal savaşında qalib gəlməsini arzulayıb, türk ordusunun hər bir zəfərində qurbanlar kəsilib və evlərin eyvanlarından türk bayraqları asılıb. Dördüncüsü, SSRİ-nin hələ mövcud olmasına, Türkiyənin NATO üzrə müttəfiqlərinin “Qorbaçovun xoşu gəlməz və SSRİ ilə münasibətlər pisləşər” kimi təzyiqlərinə baxmayaraq, Məsud Yılmaz hökuməti cəsarətli addım ataraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb. Nəhayət, 1991-ci ildən sonra qardaş Türkiyə ilə hərbi sahədə əməkdaşlıq böyük bir yol keçib. Hələ 1990-cı illərin sonlarında iki ölkənin Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində müzakirələr zamanı Azərbaycanda Türkiyənin hərbi bazasının qurulması məsələsi gündəmə gətirilib. Deməli, tarixi təcrübə hərbi sahədə əməkdaşlığı yeni bir səviyyəyə çıxarmağı zəruri edir.

Müasir reallıqlar da bu əməkdaşlığın dərinləşdirilməsini zəruri edir. İndi 1990-cı illər deyil, Türkiyə və Azərbaycan da o vaxtkı deyillər. “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən Praqa sammitində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın rəhbəri S.Sarkisyana “Türkiyə burada yoxdur, mən varam” deməsi, Yunanıstan səfirinin etimadnaməsini qəbul edərkən Türkiyənin haqq işini açıq, birmənalı və qəti şəkildə müdafiə etməsi, Azərbaycanın ərazilərinin bir hissəsini işğal edən təcavüzkar Ermənistanın özünü həyasızcasına apararaq bütün danışıqlardan boyun qaçırması, bəzi dövlətlərin isə beynəlxalq normaları pozaraq təcavüzkarı silahlandırmaları ilkin addım olaraq ölkəmizdə Türkiyə hərbi obyektinin qurulmasını və birgə hərbi hissələrin yaradılmasını zəruri edir”.