Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-04 13:47:00
Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Dünən, müəllimlərin işə qəbulu imtahanlarının 15-ci günündə riyaziyyat və texnologiya fənləri üzrə test imtahanları keçirilib.

 

AzEdu.az xəbər verir ki,Təhsil Nazirliyinin tabeliyindəki T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə gedən imtahan prosesini Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ilə yanaşı, media nümayəndələri də izləyiblər. Təhsil Nazirliyinin təşkil etdiyi mediaturda  iştirakçılar imtahan prosesi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

 

Nazir müavini pandemiya ilə əlaqədar bu il keçirilən imtahanların təşkilində dəyişikliklər edildiyini, namizədlərin sağlamlığını qorumaq məqsədi ilə əlavə tədbirlər görüldüyünü vurğulayıb. İmtahanların Bakı ilə yanaşı, 17 regionda yaradılmış 32 mərkəzdə keçirilməsinə diqqət çəkib. O, 2020-2021-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu imtahanlarında tətbiq olunan  yeniliklərə toxunaraq  qeyd edib ki, dəyişikliklər sadəcə pandemiya ilə əlaqədar deyil. Bu il 90 dəqiqə ərzində test suallarına cavab verən namizədlər imtahandan sonra cavablarının təhlilini görmək imkanı əldə edib ki, bu da bir çox baxımdan namizədlərin ürəyindən olub. Belə ki, imtahan bitdikdən sonra 10 dəqiqə ərzində namizədlər suallara cavablarının doğru olub-olmadığını, hətta səhvinin nədə olduğunu öyrənə bilir.

 

Məhəbbət Vəliyeva tədrisi başqa dildə aparılan bölmələr üzrə imtahanda iştirak edən namizədlərə tövsiyələr də verib. Müvafiq bölmədə vakansiyalar üzrə rəqabətin daha az olduğunu nəzərə alaraq namizədlərin Azərbaycan dilində imtahan verənlərlə müqayisədə daha şanslı  olduqlarını vurğulayıb: “Ona görə də siz, sadəcə imtahanları və burada qazanacağınız uğuru düşünün”.

 

Avqustun 24-dən etibarən yaradılan apellyasiya prosesi barədə jurnalistlərə məlumat verən nazir müavini artıq 1666 nəfərin müraciət etdiyini və tədris ili başlayanadək müraciətlərə baxılacağını deyib.

 

İndiyədək 4 fənn üzrə maksimum nəticə göstərilib. İmtahanların sentyabrın 8-dək davam etməsi nəzərdə tutulur.

 

Azərbaycan müəllimi