Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-03 13:43:00
Qəbulda yüksək bal toplayan Şəbnəm: "Pandemiya şəraitinə uyğunlaşmaq  biraz vaxt tələb etdi"

 

 

AzEdu.az DİM tərəfindən təşkil olunan qəbul imtahanında yüksək bal toplayan abituriyentlərlə silsilə yazıları davam etdirir.

 

Qəbul imtahanında 689.600 bal toplayan Şəbnəm Baxışovanın imtahan təssüratlarını təqdim edirik:

 

“İmtahandan əvvəl bu nəticəni əldə edəcəyimi gözləmirdim”.

 

 “İmtahanda soyuqqanlı olmağa çalışdım. Əvvəldən fənləri hansı ardıcıllıqla işləyəcəyimi müəyyənləşdirmişdim. Əlbəttə ki, imtahan stressi hər bir abituriyentdə olur, lakin bunu idarə etməyi bacarmalıyıq. İmtahandan əvvəl bu nəticəni əldə edəcəyimi gözləmirdim. İmtahan bitdikdən və cavablarım yoxlanandan sonra əmin oldum ki, nəticəm 689.600-dür. İmtahana salınan sualların səviyyəsi bir-birindən çox da fərqlənmirdi. Orta çətinlikdə suallar idi”.

 

“Bəzən internet problemləri də yaşanırdı”

 

Şəbnəm pandemiya şəraitində onlayn hazırlıq zamanı üzləşdiyi çətinlikləri də açıqladı. O, ənənəvi təhsilin daha effektiv olduğu qənaətindədir:

 

“Qəbul imtahanı üçün pandemiya şəraitində onlayn hazırlıq başladı. Təbii ki, məşğələlər ənənəvi formadakı qədər effektiv olmur. Ənənəvi formada olan hazırlıqlarda daha çox test işləmək şansımız vardı və müəllimlə birbaşa təmasda ola bilirdik. Bəzən internet problemləri də yaşanırdı. Pandemiya şəraitinə uyğunlaşmaq da biraz vaxt tələb etdi.

 

Abituriyent valideynlərindən və müəllimlərdən aldığı dəstəyi yüksək qiymətləndirdi:

 

“Müəllimlərim və valideynlərimdən psixoloji dəstək aldım. Qayğılarını hiss edə bildim, əsla gərgin mühit yaradılmadı. Gərgin mühit olmayanda beyin dinc qalır və daha yaxşı düşünmək imkanı yaranır”

 

Şəbnəmdən növbəti ilin abituriyentləri üçün tövsiyələr:

 

“Abituriyentlər düşünməlidir ki, qəbul imtahanı həyatımızda olacaq yeganə imtahan deyil. Dərs oxumağı problem kimi görməsinlər, buna vərdiş etmək, həyat tərzinə çevirmək lazımdır”.

 

Şəbnəm Baxışova  “ADA” Universitetində Hüquqşünaslıq fakültəsini seçməyi düşünür.  

 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 13-14 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri 28 avqustda elan edilib.  

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları