Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-03 10:00:00
Yovşan çölünün adamı - Şəmil Sadıq - 42

 

 

Bu gün “Hədəf Şirkətlər Qrupu”nun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin 42-ci doğum günüdür. Bu münasibətlə “Hədəf Nəşrləri”nin direktoru Səbuhi Şahmursoyun essesini oxuculara təqdim edirik.

 

Lap çoxdan – yeniyetməlikdə atamla söhbət əsnasında mövzu Tenqri olanda kişi adətinin əksinə uzun-uzadı danışmadan belə bir cümlə işlətmişdi: “Tenqri yaxşı insanların cəmidir”. Elə o vaxtdan “yaxşı insan” anlayışı mənim üçün nəsə xüsusi məna kəsb etməyə başladı. Həyatın axarına düşüb tez-tez dəyişdiyim çevrələrdə bir gözüm həmin “yaxşı insan”ları axtarırdı. Axı onlar Tenqrinin bir parçasıydı...

Hələ 2014-cü ildə fəaliyyətə hazırlaşan, amma mənə qaranlıq qalan səbəblərdən açılmayan “TRT Çocuk Qafqaz” uşaq kanalında redaktor olaraq çalışmaq üçün müsahibəyə çağırılanda, orada oxuduğum ilk material “Kitabi-Dədə Qorqud” boylarının uşaqlar üçün işlənmiş versiyaları oldu. O ərəfələrdə həmin kanal bu ssenarilər əsasında cizgi filmlər silsiləsi yaratmaq niyyətində idi. Boyların adaptasiyasını oxuduqca öz-özümə deyirdim: “İnsan gərək o qədər nəhəng olsun ki, “Kitabi-Dədə Qorqud”u uşaqlar üçün sadələşdirmək cəsarətini özündə tapsın”. Təxminən bir il sonra bir dostum mənə “Odərlər” kitabını hədiyyə etdi. Oxuyarkən qəribə sakral aləmə düşdüm, sanki “yovşan çölünün” ətri gəldi burnuma. Özümü həmişə bədii əsərlərdən gözlədiyim müəllif səmimiyyətinin lap özəyində tapdım. Bu nə coşqu idi, ilahi! Elə bildim, əlimdəki kitab yox, tətiyi çəkilmiş silahdır! Kitab barəsində sosial şəbəkə ünvanımda paylaşım edəndə müəllifin reaksiyası belə oldu: “Yazı çox xoşuma gəldi. Mən də alıb oxumaq istədim. Təşəkkürlər”. Onda artıq bildim ki, “Dədə Qorqud”u uşaqlar üçün sadələşdirən o cəsarətli insanın səmimiyyəti və təvazökarlığı məhz cür olmalıdır. Çünki mənəvi məsələlərdəki “güclər” uşaq saflığında gizlənir. Onlar heç də məişət səviyyəsində keçərli olmur. Əksinə, adamı kənardan zəif kimi göstərir. Amma onlara varınca ta ilk insandan üzübəri bütün sevgiləri, valideyn-övlad bağını, vətənə bağlılığı, ümumiyyətlə, təmənnasız olan hər şeyi varlığında hiss edirsən. Bu məqamda anlayırsan ki, həmin duyğular elə insanın özüdür; insan o hisslərsiz mövcud ola bilməz.

Bir də varlığı ilə bu duyğuları adama yaşadan insanlar var. O, adi bağban, taksi sürücüsü, marketinq şöbəsinin koordinatoru və ya hansısa iri şirkətin direktoru ola bilər. Onunla ünsiyyətdə anlayırsan ki, niyyəti qətiyyən sənə nəyisə təlqin etmək deyil, qarşında filosof kimi görünməyə can atmır, heç dünyanın gərdişi ilə də işi yoxdur; o sadəcə öz işini yaxşı bilir və görür, özünə, öz səmimiyyətinə inanır və bunu mümkün edə bildiyi səadətilə yaşayır. Hərçənd, sənə sanki bütün varlığıyla bu duyğunu ötürür: “Sən də varsan”, “Sən də mövcudsan”.

Və heç də hamı bu neçə minillik mənəvi yaddaşın təzahürlərinin maddi, fiziki təməl kodunu tapa bilmir. Bu, təxminən əxlaqın mədəniyyətə çevrilmə nöqtəsinə bənzəyir: o haqda hər şeyi bilirsən, amma necə tətbiq edəcəyin barədə heç bir təsəvvürün yoxdur. Bir çox elm dahisinin bu barədə etirafı da var. Bəs bizim həyatımızı rahatlaşdıran ixtiraların müəllifləri buna necə nail olub? Görəsən, maddələrin xassəsi, təbiəti barədə ilk dəfə düşünən insan fərqinə varıbmı ki, təbiət elə adəmoğlunun özünə bənzəyir? Görəsən, bunu anlayanda heyrətə gəlibmi? İnsansız səhraların necə canlı olduğunu duyubmu? Bütün dünyanı özü sananda qəlbində Onu tapıbmı? Bu gözə görünən və görünməyən bağları necəsə birləşdirəndə Tenqri ilə rastlaşıbmı?

Hə, deyəsən, Tenqri elə o insanların cəmidir. Həyatın bədbinliyi onların da içindən süzülüb keçir, amma nə özündən nəsə saxlaya, nə də oradan nəsə götürə bilir. O insanlar hər yaşda içindəki cəsarəti, səmimiyyəti, təvazökarlığı və insan xislətinin dərinliyində nəcib olan hər şeyi qoruyub saxlaya bilir.

Biz həmişə insanlar haqqında onların vəfatından sonra danışmağı sevirik, bu “nekroloji” addımımızın da həmin insanlar üçün artıq heç bir əhəmiyyəti qalmır. Mənə öz varlığıyla “Sən də mövcudsan” deyən insanın fiziki olaraq Tenqriyə qovuşmasını gözləmədən demək istəyirəm: “Odərlərin, Bilgə Turanın, İnsan mühəndisinin Tenqrisi olduğunuz kimi, sizi atamın tərif etdiyi həmin insanlardan biri olaraq tanımışam. Ağ yolunuz açıq olsun, Yovşan çölünün adamı”.