Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-02 15:29:00
Murad Camalzadədən avtobus sürücüsü olduğunu deyən direktorla bağlı maraqlı yanaşma-Psixoloji təhlil

 

 

İnsan Resursları Mərkəzinin direktor əvəzi Murad Camalzadə sosial şəbəkələrdə məktəb direktorunun  Baku Bus sürücüsü işləməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

 

 “Sosial şəbəkələrdə və bir sıra mətbuat orqanlarında məlumat yayıldı ki, Saatlı rayonunun ümumi təhsil müəssisələrindən birinin direktoru Bakı Nəqliyyat Agentliyində sürücü qismində çalışır.

 

 

Bu məlumatın yayılması sözügedən direktorun öz sosial hesabında paylaşdığı foto görüntülərdən qaynaqlanıb. Məlumat yayıldıqdan sonra Bakı Nəqliyyat Agentliyi rəsmi təkzibini gecikdirmədi və elan etdi ki, belə şəxs adıçəkilən təşkilatda sürücü qismində çalışmayıb və çalışmır.

 

Bilmirəm ki, məktəb direktorumuz niyə belə addım atıb. Bilmirəm ki, həmin direktorumuzun bu hərəkəti “Müəllimlərin etik davranış qaydaları”na münasibətdə yanlış hərəkətdir ya çox yanlış hərəkətdir. İstənilən halda bu hadisə baş verməsəydi, pis olmazdı”.

 

Murad Camalzadə öz facebook hesabında hadisə ilə bağlı siravi vətəndaş mövqeyini də qeyd edib:

 

“Mən, ümumilikdə, bu hadisədən yola çıxaraq dövlət qulluqçusu kimi yox, sıravi vətəndaş kimi fikir bildirmək istəyirəm. Ehtimal edirəm ki (bu sadəcə ehtimaldır), məktəb direktorumuz avtobus idarə etməyə hobbi kimi yanaşır, bu işi sevir. Bu kimi romantik xəyallar və istəklər, əslində, əksəriyyətimizdə var.

 

 

Sadəcə kimlərsə bunu etiraf edir, kimlərsə bu istəklərini gizlədir. Misal üçün kimlərsə bütün həyatını və peşəsini dəyişib uzaq Sibirdə ağac doğrayan peşəsində işləmək istəyərdi.

 

 

Kimlərsə okeanlara açılıb balıqçılıqla məşğul olmaq arzusunu səsləndirməkdən çəkinir. Kimlərsə uzaq-uzaq ölkələrdə beynəlxalq təşkilatların həyata keçirdiyi humanitar layihələrdə çalışmağa gizli arzu kimi yanaşır.

 

 

Mənə elə gəlir ki, bütün bu gizli xəyallar min illər əvvəl əcdadlarımızın neolit inqilabı nəticəsində oturaq həyata keçməsinin şüurumuzda buraxdığı izlər və romantizmdir. Çox uzun dövr ərzində yalnız yığıcılıq və ovçuluqla məşğul olan, istədiyi an başqa yerdəki digər bir mağarada məskunlaşma sərbəstliyi olan insanların sonradan oturaq həyata keçməsi travmasız ötüşməyib. Bəzən bir yerdə dayana bilməməyimizin, həyatımızı tez-tez dəyişməyə can atmağımızın səbəblərindən biri də budur. Hətta bəzilərimizin xörək yeməyə xüsusi şövqlə yanaşması da, əcdadlarımızın fərqli qidalanma vərdişləri ilə bağlıdır. Mənim kimi xörəkləri sevən insanlar əcdadlarına bir az daha sadiqdir . Sədaqət isə vacib keyfiyyətdir.

 

 

O, öz hobbisi barədə də məlumat verib və yük maşını sürməyin xəyalı oldunu bildirib:

 

“Yeri gəlmişkən, yuxarıda qeyd etdiyim gizli xəyallardan məndə də var. Düzdü, nə vaxtsa ABŞ-da yaşamağı planlaşdırmıram. Amma həyatım elə gətirəsi olsa Alyaskada Dalton Highway yolu ilə Fairbanks-dən Coldfoot-a yük maşını sürəcəyəm #IceRoadtrucker

 

Xəyallar nə qədər güclü olsa da, xatırlamalı olduğumuz başqa reallıq da var. Reallıq isə odur ki, elə həmin oturaq həyata keçdikdən sonra insanlıq birgə yaşayış şərtlərindən irəli gələrək müəyyən qayda və normalara əməl etməyə məcbur oldu. Öz istəklərini ətrafdakıların rifahı naminə məhdudlaşdırmağa başladı. Tutduğu mövqedən asılı olaraq (bu vacib məqamdır), arzu etdiyi kimi yox lazım olan formada davranışlar sərgiləmək zərurətini hiss etdi. Böyük cəmiyyətlər isə həmin zərurətlər hesabına quruldu”.


Firayə Allahverdiyeva
Müəllifin digər yazıları