Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-27 21:52:27
Cəmi 3 şagirdi olan, sinifdə donan, gölməçədə dərs deyən... - Ucqar kənd müəllimləri

Müəllimlik ən şərəfli peşələrdən hesab olunur.  Sokratın da dediyi kimi, dünyada hər şeyə qiymət vermək olar, müəllimin yaratdığı əsərin isə qiyməti yoxdur. Bəzi müəllimlər bütün çətinliklərə baxmayaraq,  peşə borclarını yerinə yetirmək üçün ucqar kəndlərdə yerləşən məktəblərdə dərs deyirlər.

Bələ pedaqoqların üzləşdiyi çətinlikləri isə bəzən, saymaqla bitmir. Ucqar kənd məktəblərində yaşanan ən vacib problemləri öyrənmək üçün bu məktəblərin müəllimləri ilə əlaqə saxladıq.

Bir sinifdə 3 şagirdi olan kənd məktəbi…

İsmayıllı rayon Vaqif Qəhrəmanov adına Keyvəndi kənd tam orta məktəbinin müəlliməsi Sevinc Novruzova AzEDU-ya açqılamasında bildirib ki, kənddə ən ciddi problem mavi yanacağın, istilik təchizatının olmamasıdır:

Sevinc Novruzova.png

“İstilik odunla təmin edilir. Geniş imkanları olmayan məktəbdir, uşaq sayı isə çox azdır. Elə sinif var ki, orada cəmi 3 şagird təhsil alır. Ümumilikdə məktəblilərin siniflər üzrə sayı isə 3-11 nəfər aralığında olur. Şagird sayının azlığı  kənddə az ailənin yaşaması, əksəriyyətinin işsizliyə görə başqa yerlərə  köçməsiylə bağlıdır”.

 “Digər əsas problem isə məktəbə gəliş-gedişin təhlükəli olmasıdır. Lahıc məktəbinə getmək üçün uçqunlu yollardan keçmək lazım gəlir. Sulut kəndində isə orta təhsil müəssisəsinə çatmaqdan ötrü çayı adlamalısan. Bu da qışda, çay buz bağlayanda, yazda isə suların səviyyəsi artanda əsl təhlükə mənbəyinə çevrilir”.

Qarda batan maşın və ac canavar…

“Bir dəfə məktəbə gedərkən maşınımız qarda batdı və biz - müəllimlər, kənddən əsas yola qədər 5 km yolu qarlı, dumanlı havada piyada getməli olduq. Kənd meşə ilə üzbəüzdür və hər an canavar təhlükəsiylə qarşılaşmaq mümkündür”.

“Sinifdə donuruq”

Qəbələ rayonu Yeni Dizaxlı kənd orta məktəbinin tarix müəllimi Nərgiz Bəxşəliyevanın dərs dediyi məktəbdə də  istilik sistemi yoxdur:

“Məktəb təmirsizdir. Sinifləri odun sobası ilə isidirik, amma bu kifayət etmir. 2-ci dərsdən sonra demək olar ki, donuruq”.

nərgiz baxşəliyeva.1.jpg

Gölməçənin içində keçilən dərs..

Lerik rayonu Lərmərud  kənd məktəbinin fiziki tərbiyə müəllimi Seymur İbrahimov isə məktəblərinin əsasən təmirsizliyindən narazıdır:

“Fiziki tərbiyə müəllimiyəm. Ümumiyyətlə, məktəb təmirsizdir, idman zalı isə bərbad vəziyyətdədir. Otaqları odunla isidirik. Bu azmış kimi, məktəbimizin damı da demək olar ki, yoxdur. Demək olar ki, gölməçənin içində dərs keçirəm...”

seymur ibrahimov.jpg

İnternetsiz gələcək…

Daşkəsən rayon Dəstəfur kənd tam orta məktəbinin müəlliməsi Gülnar Həsənovanı narahat edən isə şagird sayının azlığıdır:

 “Məktəbdə uşaq sayı azdır, internet isə  yoxdur. Yerdə qalan hər şey  qaydasındadır”.

gülnar ismayıl.jpg

Və bir də, bu var…

Amma ucqarda yerləşən, amma bütün şəraiti ilə mərkəzdəki məktəblərdən seçilməyən təhsil ocaqlarımız da az deyil. Məsələn, 2010-cu ildə tikilən Ağsu rayonu Kalva kənd orta məktəbi kimi. Məktəbin fransız dili müəllimi Nilufər Müslümova deyir ki, məktəbdə təhsil prosesi üçün bütün şərait var:

nilufər müslümova.jpg

“İstiliklə bağlı hər hansı problemimiz yoxdur. İşıq sönəndə müəyyən çətinliklər olur, kombi sistemi işləmir. Bu da kəndin ümumi problemidir. Məktəb yeni olduğuna görə şərait çox yaxşıdır və bütün lazımi ləvazimatlarla təmin olunub. Kəndin yollarına çınqıl tökülüb deyə məktəbə gediş-gəliş rahatdır”.

Nəzrin Rüstəmova