Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 15:24:00
“Birincilik bizim üçün hədəf deyildi…”- Türkiyəni silkələyən azərbaycanlı bacıların Xeyrənsəsi

Bir müddət əvvəl Bağçaşəhər Universitetində  “Qızılbeyin” mükafatının qalibi Günel Musayeva ilə müsahibəni təqdim etmişdik.

İndiki müsahibimiz isə həmin universiteti üçüncülüklə bitirən Günel Musayevanın bacısı Xeyrənsə Musayevadır.

AzEdu.aztəhsil uğurları ilə seçilən X. Musayeva ilə söhbəti ixtiyarınıza verir:

-Bağçaşəhər universitetinə dəvət alanda nə hisslər keçirdiniz? Belə bir təklif heç ağlınıza gələrdimi? Təklifi eşidən kimi qərarınız necə olmuşdu?

-Təbii ki, xoş hisslər idi. Təklifi alarkən, ilk reaksiyam müsbət oldu, ancaq universitet haqqında ətraflı araşdırma etmədən qərar vermək istəmədik. Daha sonraməktəbi bitirdiyimiz zaman Bağçaşəhər Universitetini seçmək qərarına gəldik.

-Bağçaşəhər Universitetində hansı ixtisas üzrə bakalavr təhsili aldınız və hazırda hansı istiqamətdə magistratura pilləsini davam etdirirsiniz?

-İqtisadiyyat, edarəetmə və sosial elmlər fakültəsində əsas ixtisas olaraq beynəlxalq maliyyə, ikinci ixtisas isə biznesin idarə edilməsi üzrə oxumuşam. Hazırda “Financial Economy” ixtisasında təhsilimi magistratura pilləsində davam etdirirəm.

-Bacınızla eyni universitetdə təhsil almaq necə hissdir?

-Ümumiyyətlə, ailədən birinin yanında olduğunu bilmək belə, insana güvənc hissi verir və atılan hər addımda  özünə daha inamlı olursan. Ümumi olaraq, bacımla eyni universitetdə oxumaq ikimiz üçün də faydalı oldu. Ortaq dərslərdə bir-birimizə dəstək olurduq. Belə bir ifadə var: “Öyrətsəniz, iki dəfə öyrənərsiniz”. Bizim ikinci ixtisaslarımız fərqli olduğu üçün öyrəndiyimiz yeni məlumatları bir-birimizləpaylaşırdıq ki, bu da ikimizin də perspektivini genişləndirdi.

-Bacınızla həm də eyni məktəbdə oxumusunuz. Məktəb vaxtı aranızdakı rəqabət necə olub? Qiymətləriniz biraz da olsa fərqlənirdimi?

 -Bəli, ikimiz də 62 saylı məktəb-liseyin məzunlarıyıq. Məktəb vaxtı aramızda xoş rəqabət olub, hansı ki, bu, tərəqqi üçün zəruridir. Məktəbdə, dərslərdə olan rəqabət ikimizin də özümüzü inkişaf etdirməyimizə təkan verib. Məktəb xaricində fərqli fənn olimpiadalarında iştirak etmişik,  yəni birbaşa rəqib olmamışıq, amma nəticələrimiz eyni olub. İkimiz də məktəbi “Qızıl medal”la bitirmişik.

-Xaraktercə necə, çox bənzəyirsinizmi?

-Açığı, bənzər cəhədlərimiz də çoxdur, ancaq ümumi xarakter olaraq bir-birimizdən fərqliyik. Elə fərqliliklərimizlə də  bir-birimizi tamamlaya bilirik.

-Bacınızın  universitetin yekunlarına əsasən, birinci olacağını gözləyirdinizmi? Özünüzü də o yerdə görürdünüzmü? Və ya “nələri etsəydim, mən də birinci ola bilərdim” deyə düşündünüzmü?

-Mən Günelin birinciliyə layiq olduğunu düşünürdüm və “Qızılbeyin” mükafatı alması bizim üçün xoş sürpriz oldu. Birincilik bizim üçün hədəf nöqtəsi deyildi və gördüyümüz işi maksimum dərəcədə etməyə çalışırdıq. Önəmli olan öyrəndiyimiz dərslərin bizə faydalı olması və gələcək üçün perspektiv qazandırması idi. Yəni nə Günel, nə də mən birincilik üçün xüsusi bir şey etmişdik, sadəcə, dərslər üçün əmək qoymuşduq ki, onun da mükafatını aldıq.

-Siz üçüncü yerə layiq görüldünüz. Bu yerə sahib olmaq üçün nələr etmək lazımdır? Necə düşünürsünüz, uğurlu tələbə modelinə aid kriteriyalar nələrdir?

-Birincisi, insanın hədəfi olmalıdır, yəni nəyi istədiyini bilməlidir ki, o istiqamətdə addımlar atsın. Bir Çin atalar sözündə“Yönünüzü dəyişdirməsəniz, hədəflədiyiniz yerə əvvəl-axır çatarsınız” deyilir.Daha sonra planlama çox önəmlidir. Təbii ki, hər şey planlara uyğun getmir. İnsan dəyişikliklərə ayaq uydurmağı bacarıb yolda qarşısına çıxan fürsətləri də dəyərləndirməlidir, ancaq böyük məqsədlərə gedən yol kiçik hədəflərdən keçir. Ən azından insan gününü planlamalı və bu gün nələr etməli olduğunu əvvəlcədən qərarlaşdırmalıdır ki, zamanını doğru şəkildə məqsədlərinə görə bölə bilsin. Son olaraq, duyğularımız da bizim əməllərimizə təsir edir. Ətrafımızda bizə dəstək olan, motivasiya verən insanlara ehtiyac duyuruq. Sevildiyini bilən və doğruları, yalnışları ilə yaxınları tərəfindən qəbul edilib dəstəklənəcəyinə inanan insan daha özünə inamlı və səmərəli iş görə bilir. Buna görə ətrafına doğru insanları seçmək də önəmlidir. Açığı, bu mövzuda valideynlərin də üzərinə çox iş düşür. Doğru və ya yalnış qərar vermiş olmaq önəmli deyil, çünki səhv və ya düz də nisbi anlayışlardır, öz qərarını verəbilmə bacarığı daha önəmlidir. Atam və anam bu mövzuda bizə həmişə dəstək olublar. Qısaca ifadə etsəm, uğur modeli üçün hədəf, planlama və doğru insanlara ehtiyacımız var, deyə düşünürəm.

-“Nə yaxşı ki, Türkiyədə təhsil aldım” deyə düşünmüsünüzmü? Və buna səbəb nələr olub?

-Türkiyədə təhsilin keyfiyyəti dünya standardları ilə uyğundur. Buna görə, mən qərarımızdan məmnunam.

-Təhsilinizi bundan sonra harada davam etdirmək istəyirsiniz? Təbii ki, belə bir fikriniz varsa...

-Açığı təhsil üçün bir bitiş nöqtəsi yoxdur. Doğulduğumuz gündən  dünyanı tərk edəcəyimiz ana qədərki zaman öyrənmə prosesimizdir. Zaman və məkan olaraq spesifikləşdirmək istəmirəm, ancaq davam etdirməyi planlaşdırıram. Dediyim kimi, hədəf olduqdan sonra pillələr yolda müəyyənləşə bilər. Önəmli olan yolda olmağın özüdür.

-Magistratura pilləsində birinciliyi düşünürsünüzmü?

-Bu il almalı olduğum bütün dərsləri aldım və ortalama balım 4 üzərindən 4-dür. Təbii ki, xoş bir sürpriz olar, ancaq dediyim kimi, birincilik bizim üçün hədəf nöqtəsi deyil.

-Bəs sizin üçün Azərbaycan təhsili hansı səviyyədədir?

-Azərbaycan təhsilinin daha da inkişaf etməli olduğuna inanıram. Tələbələrin nəzəriyyə ilə yanaşı, praktiki biliklərə də yiyələnməsi zəruridir. Azərbaycan təhsil sistemində strateji hədəflərə ehtiyac var. Belə ki, yaxşı təhsil almış savadlı kadrlar müəyyən bir sahənin inkişafına töhvə verir və bu sahələr də ümumi olaraq ölkənin inkişafında baza rolunu oynayır.

Əsmər Qabil

Leyla Qulami