Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-02 09:12:00
15 Azərbaycanlı müəllim “Microsoft-un İnnovativ Ekspert Müəllimi (MIE)” adına layiq görülüb

 

Virtual məktəbdə tədris aparan 15 Azərbaycanlı müəllim “Microsoft-un İnnovativ Ekspert Müəllimi (MIE)” adına layiq görülüb.  

"MIE Expert" Microsoft şirkəti tərəfindən hazırlanmış təhsilin transformasiyası üçün texnologiyalardan istifadə edən dünyanın qabaqcıl müəllimlərini bir araya gətirən birillik proqramdır. “MIE Expert” kimi seçilmiş müəllimlər proqramın iştirakçısına çevrilir və il ərzində çeşidli elektron vəsait və dəstəyə çıxış əldə edirlər. Proqramda iştirak şərtlərinə gəlincə, iştirakçı hal-hazırda işləyən ümumtəhsil məktəbin istənilən fənn müəllimi olmalı, tədris keyfiyyətini artırmaq üçün texnologiyalardan yenilikçi üsullarla istifadə etməli, tədris prosesini şagirdlərdə 21-ci əsr bacarıqlarını inkişaf etdirəcək üslubla təşkil etməlidir.

Azərbaycan üzrə bu il proqramın qalibi seçilən, yaradıcı yanaşmaları ilə şagirdlərini təhsilə sövq edən və təcrübələrini dünya ilə bölüşən 15 müəllimi təqdim edirik:

  • Əhədova Mətanət (Bakı Avropa Liseyi)
  • Ələkbərova Aidə (Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəb)
  • Əliyev Elvin (Bakı Beynəlxalq Təhsil Kompleksi)
  • Bədəlova Natəvan (Bakı şəhəri Heydər əliyev adına lisey)
  • Abbasquliyeva Gülgəz (“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi)
  • Bəhramova Ülviyyə (Bakı şəhəri 230 nömrəli tam orta məktəb)
  • Çəndiri Günay (Bakı şəhəri 177 nömrəli tam orta məktəb)
  • Dadaşova Aynurə (Siyəzən şəhəri İnteqrasiya Təlimli Internat Tipli Gimnaziya)
  • Çəndirli Xalid (“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi)
  • Elyazova Aidə (Samux rayonu İnstitut qəsəbə tam orta məktəbi)
  • Qafarova Könül (Bakı şəhəri 26 nömrəli tam orta məktəb)
  • Həsrətov Alqış (Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəb)
  • Orucova Aynurə (Gəncə şəhəri 22 nömrəli tam orta məktəb)
  • Qafarova Ofeliya (Bakı şəhəri 220 nömrəli məktəb-lisey)
  • Rüstəmova Vüsalə (Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəb)

Mənbə:https://onedrive.live.com/?authkey=%21AA7Q1t8EBnqLNsE&cid=91F4E618548FC604&id=91F4E618548FC604%218267&parId=91F4E618548FC604%216015&o=OneUp

Təhsildə yeni texnologiyalar tətbiq edən bu müəllimlər yalnız sinif mühitində deyil, onlayn mühitdə də zaman və məkandan asılı olmayaraq tədrisə davam edirlər. Bu isə pandemiya dövründə keyfiyyətli təhsilin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir.

Proqramın qaliblərindən olan Bakı Avropa Liseyinin müəllimi Mətanət Əhədova öz uğuru barədə təəsüratlarını paylaşarkən bildirib: “Pandemiya dövründə təhsildə innovativ metod və üsulların tətbiqi, beynəlxalq təhsil arenasına qoşulmaq və peşəkarlığın artırılmasında Microsoft Education və Virtual Məktəbin rolu danılmazdır. Virtual məktəbə ilk qoşulan müəllimlərdən olmuşam və “Teams” proqramı ilə interaktiv alətləri tətbiq edərək həm şagirdlər, həm də həmkar müəllimlər üçün müxtəlif onlayn dərslər, təlim və vebinarlar keçmişəm. İnnovativlik, kreativlik, zəhmət və məqsədyönlülük həmişə öz bəhrəsini verir.”

Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin müəllimi Aidə Ələkbərova isə qeyd edib ki, qalib seçilməsində iştirak etdiyi “Microsoft” şirkətinin onlayn kursları və təlimləri əhəmiyyəti rol oynayıb: “Burada öyrəndiklərimi Virtual məktəbdə distant dərslərdə tətbiq edirəm. Şagirdlərimdə tələb olunan bilik və bacarıqları formalaşdırmaq üçün onlayn kurslardan öyrəndiklərimlə yanaşı, Virtual məktəbdə təklif olunan geniş interaktiv alətlərdən də istifadə edirəm.”

Bakı şəhəri 220 nömrəli məktəb liseyin müəllimi Ofeliya Qafarova distant dərslərində Virtual məktəbdə təqdim edilən “Flipgrid”, “Peardeck”, “Wakelet”, “Sway” kimi alətləri geniş tətbiq etdiyini bildirir:  “Bu alətləri dərslərimdə tətbiq edərək interaktivliyi təmin edirəm. Onu da qeyd edim ki,  bu yaxınlarda şagirdlərimlə birgə “Teams” platforması üzərindən 6 ölkənin iştirakı ilə  Beynəlxalq Açıq Dərsdə iştirak edərək Azərbaycanı təmsil etmişik. Bu cür dərslərə davamlı olaraq qoşulmağı planlaşdırırıq.”

“Cəmiyyətimizdəki Microsoft İnnovativ Müəllim (MIE) Mütəxəssisləri, dünyanın digər ilhamverici müəllimləri ilə əlaqə qurmağa hazır olan və ömür boyu öyrənmə yollarına davam edən müəllimlərdir. Bu eksklüziv qlobal birliyin bir hissəsi olmaq, innovativ müəllimlər mütəxəssisləri arasında olmaq çox sevindirici hisdir.” – Bu barədə Gəncə şəhəri 22 nömrəli tam orta məktəbin müəllimi Aynurə Orucova bildirib.

Biz də öz növbəmizdə təhsildə yeni texnologiyalar tətbiq edərək tədris aparan qalib müəllimlərimizi təbrik edir və tutduqları yenilikçi yolda uğurlar arzulayırıq.