Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-31 14:00:00
Tədris mərkəzinin direktoru: “Valideynlər ödənişləri geri alacaqlarını deyirlər”  

 

 

"Valideynlər onlayn dərsləri qəti şəkildə istəmirlər.

Abituriyentlərin dərslərdən kənarda qalmaması üçün ən azından fərdi şəkildə dərslərə icazə verilməli idi”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında  “Zirvə”  Tədris Mərkəzinin direktoru Rahib  İbrahimov deyib.

Onun fikrincə, karantin dövründə abituriyentlərin dərslərdən kənarda qalmaması üçün, ən azından, fərdi şəkildə dərslərə icazə verilməli idi:

 

“Danılmaz faktdır ki, bu gün tədris kursları ölkədə təhsilin inkişafında böyük rol oynayır. Fikrimcə,  karantin dövründə abituriyentlərin dərslərdən kənarda qalmaması üçün, ən azından, fərdi şəkildə dərslərə icazə verilməli idi.

Dərslər onlayn formada keçirilməyə başladıqdan sonra “Zirvə” Tədris Mərkəzi olaraq, bu tədris formasını daha mükəmməl şəkildə tətbiq etməyə çalışdıq.

 

Abituriyentlər onlayn dərslərlə yanaşı,  virtual formada imtahanda da iştirak edirlər.

 

Bundan əlavə, keçirilən dərslər proqram yaddaşına yazılır və onlar başa düşmədikləri dərsləri yenidən izləyə bilərlər”.

 

R.İbrahimov valideynlərin onlayn dərslərə münasibətindən də  söz açıb:

 

“Bütün bunlara baxmayaraq, əksər valideynlərdə onlayn dərslərə qarşı tərəddüd var.  Övladlarını qeydiyyatdan keçirsələr də yenidən karantin elan edilməsindən, onlayn dərsə keçilməsindən ehtiyat edirlər.  Kursa yazılarkən  şərt qoşurlar, əgər yenidən karantin olarsa dərsləri dayandıracaqlarını və ödənişləri geri alacaqlarını deyirlər.

 

Onlar övladlarını kompüter önündən çətinliklə uzaqlaşdırdıqlarını, onlayn dərslərin isə uşaqları yenidən ekran önünə cəlb etdiyini bildirirlər. Buna görə də, əksər valideynlər onlayn dərsləri qəti şəkildə istəmirlər”.