Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-27 21:44:57
“Dərsliklər çox qəliz yazılıb” - Millət vəkili dəyişikliklərin anonsunu verdi

Təhsilin səmərəli və davamlı olması üçün bir çox şərtlər mövcuddur. Bura cəmiyyətin tələbatına uyğun olaraq, peşəkar heyət, çevik qiymətləndirmə modelləri, keyfiyyətli maddi-texniki baza və s. daxildir. Bu şərtlərə əməl etmək isə təhsil sahəsində dövlət siyasətinin əsas prinsipidir.

Hesabatlara əsasən, son illər təhsil sistemində bir sıra modern mexanizmlər tətbiq olunub və uğur qazanılıb. Əldə olunan bütün uğurlara baxmayaraq, hər bir sahədə müəyyən boşluqların olması da qaçılmazdır.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Kamilə Əliyeva AzEDU saytına açıqlamasında deyib ki, son illərdə Azərbaycan təhsil sistemindəki inkişafı danmaq qeyri-mümkündür:

“İlk növbədə qeyd edim ki, hazırda təhsil sistemində uğurlu addımlar atılır. Əmək bazarının tələbatına uyğun kadrlar hazırlanır, təhsil müəssisələri informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilir. Təhsil sistemi informasiyalaşdırılıb. Məktəbəqədər, məktəbdənkənar, ali və orta təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili - bütün sadaladığım sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub.

Bütün bunların əsasında isə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri dayanır. Yəni, mövcud qanun mükəmməl hüquqi sənəddir, bizim təhsilimizin konstitusiyasıdır. Qanuna əsasən, biz Milli Məclisin Təhsil Komitəsinin üzvü olaraq zəruri hallarda qanuna müəyyən dəyişikliklər haqqında təkliflər edirik, bu da normaldır”.

81563_src.jpg

Kamilə Əliyeva qeyd edib ki, təhsil sahəsində inkişafla yanaşı, müəyyən çatışmazlıqlar da mövcuddur. Deputatın sözlərinə görə, təhsil sistemində hələ də dəyişikliklərə ehtiyac duyulan məsələlər var:

“Birinci, ibtidai siniflərlə əlaqədar olan problemləri qeyd etmək istəyərdim. Məktəblilərin dərs yükünün yaşlarına uyğun olmaması, summativlərin çoxluğu, əslində, böyük problemdir. Bir sutka ərzində uşaqlar bir neçə dərsdən summativlər həll edirlər. Bu onlara həm də psixoloji cəhətdən çətindir, çünki məktəblilər yaşlarına uyğun olmayan sarsıntılar keçirirlər.

Üstəlik, ibtidai siniflərin dərs proqramı çox ağırdır, yaş səviyyələrinə uyğun gəlmir. İndi 1-2-ci sinif dərsliklərində yer alan elə mövzular var ki, biz onları 4-5-ci siniflərdə keçirdik. Hazırda bu problemlər Təhsil Nazirliyinin gündəmindədir. Summativlərin ləğv olunması və ya azaldılması mütləq öz həllini tapmalıdır”.

Deputat həmçinin dərsliklərin yenidən nəzərdən keçirilməsini zəruri hesab edir. O, qeyd edir ki, orta məktəb dərsliklərini ali məktəb müəllimləri yazmamalıdır:

“Dərsliklərin dili çox qəliz yazılıb. Xüsusilə, ibtidai sinif dərsliklərində həm səhvlər çoxdur, həm də, ümumiyyətlə, mətnlərin dil üslubu qəlizdir. Hazırkı təhsil sistemində məni ən çox narahat edən dərsliklərdəki problemlər və uşaqların dərs yükünün çox olmasıdır. Bu məsələlərlə bağlı ciddi tədbirlər görülməlidir.

Milli Məclisdə bir dəfə belə bir məsələ qaldırmışdım ki, orta məktəb dərsliklərini ali məktəb müəllimləri yazmamalıdır. Orta məktəb dərsliklərini uşaqlarla birbaşa ünsiyyətdə olduqları və şagirdlərin dil üslubunu yaxşı bildikləri üçün orta məktəb müəllimləri yazmalıdır. Ali məktəb müəllimləri dərslik yazanda yaş meyarını, uşaqların psixologiyanı nəzərə almırlar. Bu müəllimlər, yalnız, dərsliklərin yazılmasında  məsləhətçi qismində çıxış edə bilərlər.

Şəxsən, orta məktəb dərsliklərinin bir neçəsində həddindən artıq mürəkkəb cümlələrin şahidi olmuşam. Cümlələrdə sadəlik yoxdur, çox uzundurlar. Cümləni oxuyub sona çatanda, artıq əvvəli yaddan çıxır. Valideynlərlə ünsiyyətdə olanda da görürəm ki, bu məsələ hamını narahat edir.

Təbii ki, bu mövzular Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Əslində, onlar bu problemlərin nədən ibarət olduğunu bizdən daha yaxşı bilirlər. Düşünürəm, sadalanan boşluqlar onları da narahat edir”.

Nəzrin Cavid