Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 13:15:00
Elm adamları ölkəni sürətlə tərk edir – Alimlərin “beyin axını” narahatlığı  

Son illərdə yüksək ixtisaslı elmi kadrlar Rusiyanı tərk etməkdədirlər. Onlar xüsusilə Qərbə və ABŞ-a üz tutur,  oranın müvafiq elmi mərkəz və universitetlərində çalışır.

AzEdu.az xarici mediaya istinadən məlumat verir ki, Rusiya onları ölkəyə qaytarmaq üçün müxtəlif yollara əl atsa da, hələ ki, bu, faydalı olmur.

Xarici ölkələrdəki Rusiya vətəndaşlarına cavabdeh olan “Rossotrudnichestvo” adlı təşkilat “Rusiyaya qayıdın” deyərək, on minlərlə insanı geri çağırıb. Çağırış əsasən ABŞ, İngiltərə kimi dost hesab edilməyən ölkələrdəki tələbələrə yönəlib. Rusiya onların öz ölkələrində təhsilə davam etməsini istəyir. Siyasətçilər bu çağırışın Rusiya ilə Qərb arasındakı Skripal skandalından sonra münasibətlərin pisləşməsinin nəticəsi kimi qiymətləndirirlər. Rusiya səlahiyyətliləri tələbələri və elm adamlarını ölkədə görməkdən məmnunluq duyduğunu bildiriblər. Hazırda ölkəyə qayıdacaq tələbə və elm adamları üçün tətbiq olunacaq  güzəştlər müzakirə edilir.

Moskva Diplomatiya Universitetinin siyasət və idarəetmə fakültəsinin dekanı ölkəyə qayıdıb təhsilə davam edən rusiyalı tələbələrə xarici ölkədə aldıqları dərslərin öz universitet və ölkəsi tərəfindən tanınacağını vəd edib. Rusiya Təhsil Nazirliyinin statistikasına görə,  2014-cü ildə təxminən, 60 000 rus əcnəbi universitetlərdə təhsil alıb. Ölkədə iqtisadi vəziyyətin pisləşməsi səbəbindən artıq bu sayın artdığı bildirilir. Eyni zamanda buradakı İngiltərə səfirliyi də rusları ölkəsində iş, təhsil məqsədilə görməkdən şad olduğunu deyib. Oksford  Universiteti isə rusiyalı tələbələrə müraciət edərək ingilis təhsil sisteminin onlara daim açıq olduğunu və universitetə giriş şərtlərinin dəyişməyəcəyini bildirib.

Rusiyadakı “beyin axını” iqtisadiyyata daha çox təsir edir. Təxminlərə  görə , SSSRİ-nin  süqutundan sonra Rusiyadan milyonlarla elm adamı beyin axını edib. Moskva Elmlər Akademiyasının nümayəndəsi Viktor Kalunişkin rusca danışan insanların 30 %-nin Microsoft məhsullarının inkişaf etdirilməsinə xidmət etdiyini bildirib. Rusiya höküməti tələbə və elm adamlarını ölkəyə qaytarmaq üçün 15 il davamlı olaraq proqramlar həyata keçirsə də istənilən nəticə əldə olunmayıb.

Qeyd edək ki 1990-cı illərdə həyat şəraitinin çətinləşməsi səbəbindən Azərbaycanlı elm adamları və tələbələr də xarici ölkələrə üz tutublar. Azərbaycandan “beyin axını” daha çox Rusiya, Türkiyə və Qərbi Avropa istiqamətində olub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları