Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 13:02:00
Azərbaycanda 6 minə yaxın müəllim yerdəyişmə ilə bağlı müraciət edib  

Yeni tədris ilinə qədər müəllimlərin yerdəyişməsi ilə bağlı bütün işlər yekunlaşacaq.

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

O bildirib ki, müəllimlərin yerdəyişməsi ilə bağlı sənəd qəbulu dünəndən etibarən başa çatıb: "Müraciətlər zamanı 5857 nəfər iş yerinin dəyişdirilməsi üçün elektron ərizələrini təsdiq edib. Hazırda onların ərizələrinə baxılır”.

M.Camalzadə qeyd edib ki, yerdəyişmə zamanı yalnız rayon və şəhərdaxili deyil, eləcə də bir rayondan və ya şəhərdən digərinə yerdəyişmə həyata keçirilir: “Müraciət edənlər arasında respublikanın bütün rayon və şəhərlərinin məktəblərində çalışan müəllimlər var. Müəllimlərin yerdəyişməsinin səbəbləri də müxtəlifdir”.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən yerdəyişmə ilə bağlı hər hansı limit təyin edilməyib: “Təbii ki, müraciət edən müəllimlərin hamısının iş yerini dəyişmək mümkün olmayacaq. Çünki əksər hallarda bəzən eyni yeri daha çox insan seçir. Aydındır ki, bir yerə də yalnız bir namizəd seçilə bilər. Müraciətlər arasında daha çox ibtidai sinif, fiziki tərbiyə, ingilis dili, riyaziyyat fənn müəllimləri yer alıb. Ümumilikdə 5628 vakansiya elan edilib. Bu da kifayət qədər böyük rəqəmdir. Bunun da 10 faizi, yəni 511 yer Bakının payına düşür”.

Mərkəz rəhbəri əlavə edib ki, iyunun 14-nə qədər yerləşdirilmə prosesinin başa çatdırılması planlaşdırılır: “Proses başa çatdıqdan sonra namizədlərin şəxsi səhifələrinə məlumatlar göndəriləcək. Təbii ki, yeni tədris ilinə qədər bütün işlər yekunlaşdırılacaq”.