Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 12:25:56
Bakıda məktəblərin 10 faizində şagird sıxlığı müşahidə olunur  

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin yalnız 10 faizində şagird sıxlığı müşahidə olunur. Bizim qənaətimizə görə, bu sıxlıq 31 məktəbdə var".

AzEdu.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bəzi ərazilərdə yeni məktəblərin tikilməsi sayəsində bu problemin həllinə nail ola biləcəklər.

M.Vəliyeva əlavə edib ki, 2018-2019-cu tədris ili üçün Bakı şəhərində uşaqların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb olunacaq:

"Təəssüf ki, biz gələcəkdə bunu bütün məktəblərdə həyata keçirə bilməyəcəyik. Bunun da səbəbi bəzi məktəblərdə sıxlığın olması, məktəblərin iki növbəli fəaliyyət göstərməsidir. Ümumiyyətlə, birinci sinfə qəbul məsələsində ərazi prinsipinin tətbiq olunması bir çox hallarda şagird sıxlığının qarşısının alınmasına şərait yaradır. Çünki bəzən valideyinlər evlərinin yaxınlığındakı məktəbi qoyub, uşağı arzu etdikləri məktəbə qoymaqla bağlı müraciət edirlər. Belə hal olan zaman bizim yanaşmamız budur ki, əvvəlcə məktəbin ərazisində yaşayan uşaqlar həmin məktəbdə təhsilə cəlb olunmalıdır. Vakant yerlər qaldığı təqdirdə, valideyinlərin istək və arzuları nəzərə alınmaqla onların da uşaqları məktəbə yerləşdirilə bilər".