Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-24 14:11:00
Şagirdlərimizdən beynəlxalq olimpiadada möhtəşəm uğur - Təhsil nazirindən təbrik - FOTO

COVİD-19 pandemiyası ilə əlaqədar onlayn formada keçirilən  Dünya Biologiya Olimpiadasında Azərbaycanı təmsil edən şagirdlər 1 qızıl və 3 gümüş medal qazanmaqla böyük uğura imza atıblar.

 

AzEdu.az  xəbər verir ki, Sumqayıt şəhər 15 saylı tam orta məktəbin X sinif şagirdi Mətin Muradlı QIZIL, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdləri Asiman Ziyyədinov  və Sədiyar Qafarov GÜMÜŞ, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin X sinif şagirdi Ranal Qurbanov GÜMÜŞ medala layiq görülüblər.

 

Təhsil naziri Emin Əmrullayev qələbə münasibətilə şagirdləri, onların valideynlərini və komandanın hazırlığında böyük zəhməti olan müəllimləri, ümumilikdə, bütün təhsil ictimaiyyətini təbrik edib.

 

Nazir qeyd edib ki, Beynəlxalq Olimpiadalar Təhsil Nazirliyinin fəaliyyətinin prioritetlərindən biridir. İstedadlı şagirdləri daha erkən yaşlarda müəyyən etmək məqsədilə hər il müxtəlif fənlər üzrə fənn müsabiqələri təşkil olunur. Fənn müsabiqə qalibləri ölkəmizin müxtəlif şəhər və rayonlarında yaradılmış Beynəlxalq Olimpiada Mərkəzlərində xüsusi hazırlıq proqramlarına cəlb edilir.

 

Təhsil naziri Azərbaycan məktəblilərinin olimpiadalarda qazandığı uğurlara diqqət çəkib:

 

“1992-ci ildən Azərbaycanı müxtəlif olimpiadalarda təmsil edən məktəblilər 29 qızıl, 205 gümüş və 263 bürünc medal olmaqla 497 medal əldə ediblər. 2013-cü ildən bu günə qədər 8 qızıl, 53 gümüş və 133 bürünc medal olmaqla 194 medal qazanılmışdır ki, bu da bütün medalların təxminən 40%-ni təşkil edir.”

 

Qeyd edək ki, müsabiqədə ilk 3 yeri hər biri 3 qızıl 1 gümüş medal qazanmaqla Rusiya, Çin və ABŞ məktəbliləri tutublar. Azərbaycan komandası 1 qızıl 3 gümüş medalla Yaponiya və Sinqapur məktəbliləri ilə yanaşı 5-7-ci yerləri paylaşırlar.

 

Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq!