Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-11 14:30:00
Sentimentalizm meyilləri Azərbaycanın  maarifçilik hərəkatına nə  verdi və ondan nə aldı  – Təhsil tarixi   

Sentimentalizm ədəbi termini ilk dəfə  Lessinqin  təsiri ilə  J.J Bode tərəfindən  1868-ci ildə istifadə   edilib.  Bu ədəbiyyat janrı duyarlıq və romantikliyi  əsas ölçü  kimi götürür. Sentimentalistlər ədəbiyyata  yeni məfkurəvi istiqamət, forma yeniliyi və müxtəlifliyi,  ailə-məişət  romanları, insanların fəryadını, münasibətlərini sadəlik və səmimiliyini  ifadə edən  komediyalar, elegiyalar gətirib.

Bəs sentimentalizm  ədəbi cərəyanın Azərbaycan maarifçilik hərəkatına gətirdiyi yeniliklər nələrdir? 

AzEdu.az bununla  bağlı filoloqlarının fikirlərini öyrənməyə çalışıb.

Ədəbi  tənqidçi  Əsəd Cahangirin  sözlərinə görə, sentimentalizm XVIII əsrdən etibarən Avropa xalqları ədəbiyyatında geniş yayılıb. Azərbaycan ədəbiyyatında  XIX əsrin sonu, XX əsrin əvvəllərində inkişaf edib:

“Ədəbiyyatda əsrlər boyu varlı təbəqənin, elitanın həyatı öz əksini tapıb. XVII-XVIII əsrlərdən etibarən isə maarifçiliyin yaranması ilə xalq kütlələrin həyatına maraq yarandı. Ədəbiyyat aşağı təbəqədən, sosial zümrədən olan insanların gündəlik həyatını, problemlərini, ağrı-acılarını ədəbiyyata gətirib, onları qəhrəmana  çevirdi; kiçik adam böyük ədəbiyyatın qəhrəmanı oldu. Ədəbiyyat ona qarşı  bir mərhəmət hissi oyatmaq istədi. Diqqəti ona doğru yönəltməyə çalışdı.  

Maarifçiliyin  ədəbiyyata gətirdiyi ən mühüm sentimental   yeniliklərindən biri də bundan ibarətdir. 

Özündən öncəki dövrlərdə - klassizm ədəbi cərəyanında əsas meyar ağıl sayılırdısa, sentimentalizmdə duyğu, hiss, emosiya  vacib rol oynayır. 

Sentimental ədəbiyyat oxucunun duyğularına təsir etməyi  qarşısına məqsəd qoyaraq, ağıl-düşüncəsindən daha çox duyğularına təsir edir. Həmçinin, bu duyğular vasitəsilə onun qəlbində sadə xalq kütlələri, sadə insana məhəbbət və mərhəmət hissini oyatmaq istəyir.  Cərəyanın ədəbiyyata gətirdiyi ən mühüm yeniliklər bundan ibarətdir.

Azərbaycan ədəbiyyatında sentimentalizm  ən məşhur nümunələrindən biri Abdulla bəy Divanbəyoğlunun  “Can yanğısı” romanıdır. Eyni zamanda,  XX əsrin əvvələrində, xüsusən də Cəfər Cabbarlının ilkin dövr yaradıcılığında bir sıra hekayələrdə bu janr geniş əksini tapıb. Xüsusən də onun “Solğun çiçəklər” dramı sentimentalizm nümunəsi sayılır. Ümumiyyətlə götürdükdə isə ədəbiyyat həmişə hiss, duyğuyla bağlıdır və istənilən cərəyanda, dövrdə müəyyən sentimental elementlər olub”.

Filoloq alim Məti Osmanoğlunun sözlərinə görə, Azərbaycan ədəbiyyatında  sentimental cərəyanına yaxın olan yazıçılardan biri XX əsrdə yaşamış Abulla bəy Divanbəyoğludur. Yazıçının  “Can yanğısı” adlı hekayəsi var ki, onun Azərbaycanda   maarifçilik hərəkatına hər  hansı bir təsiri olub-olmadığını demək, bu   suala cavab vermək çox çətindir: 

“Maarifçilik hərəkatının tarixi missiyası nisbətən fərqli idi və Azərbaycanda formalaşma dövrü də bir az əvvələ gedib çıxır. Mirzə Fətəli Axundzadə  Azərbaycanda  maarifçiliyin fəlsəfi əsaslarını və maarifçi-realizm deyilən ədəbi metodu yaratdı. Sentimentalizm maarifçi-realizmdən sonra Azərbaycan ədəbiyyatına gələn təmayüldür; onu cərəyan adlandırmaq çətindir. Bundan ötrü heç olmasa, bu janrda yazanlardan    500-600-nün adını çəkməli idik. Həmçinin, cərəyanın bir  proqramı olmalı idi. Dünya sentimentalizmdən danışanda, Azərbaycanda da bu cərəyanın nümayəndəsi kimi, ənənəvi olaraq, Abdulla bəy Divanbəyoğlunun adını  xatırladırıq. Hər hansı  ədəbi cərəyandan danışırıqsa,  bilməliyik ki, birincisi, onun ortada bir proqramı və estetik sərhədlərini  müəyyənləşdirən  çərçivələri olmalıdır. Amma Azərbaycan ədəbiyyatında, XX əsrin əvvəllərində belə bir estetik platforma hələlik yaranmamışdı. Bunun maarifçiliklə birbaşa əlaqələndirilməsi mübahisəli görünür. Çünki maarifçilik hərəkatının missiyası tamam başqa  idi. XIX əsrin ortalarında Mirzə Fətəli Axundzadə tərəfindən Azərbaycan maarifçiliyinin həm fəlsəfi əsasları, həm  də  estetik prinsipləri müəyyənləşdirilib. Mirzə Fətəli Axundzadə Azərbaycan maarifçiliyini    Avropa maarifçiliyinə uyğun yaratdı. Ədəbiyyatımızda da  maarifçi-realizm adlanan yeni bir metod formalaşdı. M.F.Axundzadə öz komediya və  nəsr əsərlərini  -  “Kəmalüddövlə məktubları”, “Aldanmış kəvakib”i həmin prinsiplər əsasında qələmə aldı.

XX əsrin əvvəllərindəki Azərbaycan  sentimentalist cərəyanına misal göstərəndə  Abdulla bəy Divanbəyoğlunun adını çəkə bilirik. Onun da birbaşa maarifçiliyə təsirini qiymətləndirmək ədəbiyyatşünaslıq baxımından bir az  ziddiyyətli olardı”.

Günel Yaşarqızı