Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-18 18:52:00
Müəllimlər virtual məktəblə bağlı təlimə cəlb edilib - FOTO

“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi  avqustun 18-də məcburi köçkün rayonlarının məktəblərində fəaliyyət göstərən müəllimlər üçün növbəti onlayn təlim təşkil edib.

Bu barədə AzEdu.az-a açıqlama verən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, təlim layihə çərçivəsində təşkil olunan sayca 5-ci tədbirdir: “Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Pandemiya dövründə məcburi köçkün məktəblərində onlayn təhsilə dəstək” layihəsi çərçivəsində keçirilib. Layihənin məqsədi məcburi köçkün məktəblərində çalışan müəllimlər və təhsil alan şagirdlərin “Microsoft Teams” proqramından və digər onlayn tədris resurslarından  istifadə bacarıqlarının artırılması ilə COVID-19 pandemiyasının təhsil sahəsində yaratdığı problemlərin həllinə ictimai dəstək  verməkdir. Təlimdə Yevlax rayonunda məcburi köçkünlər üçün inşa edilən qəsəbədə fəaliyyət göstərən Ağdam rayonu 23 saylı və Kəlbəcər rayon 30 saylı tam orta məktəbdə çalışan 20 müəllimin iştirakı nəzərdə tutulurdu. Amma daxil olan müraciətlər əsasında Kəlbəcər rayon 18 və 20 saylı, o cümlədən Yevlax rayon Səmədabad kənd orta məktəbinin müəllimlərinin də təlimdə iştirakına şərait yaradılıb. Təlimə, ümumilikdə 32 müəllim qatılıb. Təlim zamanı iştirakçılar “Microsoft Teams” proqramından istifadə ilə bağlı məlumat alıb və əvvəlki zamanlarda qarşılaşdıqları problemlərin həlli yollarını öyrəniblər".


“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin Baş təlimçisi Xalid Çəndirli iştirakçılara “Microsoft Teams” proqramı ilə bağlı məlumat verib.  “Microsoft Teams” proqramı üzərindən keçirilən təlim zamanı iştirakçılara "virtual məktəb"də qeydiyyat, “Microsoft Teams” proqramından  istifadə, onlayn test tapşırıqlarının icra edilməsi, onlayn sinif iclaslarında iştirakla bağlı məlumat verilib.  Həmçinin, iştirakçılara portalda keyfiyyətli görüntülü, audio dərslərdə iştirak prosedurları praktiki olaraq göstərilib.

Eyni zamanda iştirakçılar “Microsoft Teams” proqramı üzərindən praktiki tapşırıqları icra ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.