Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-17 15:26:00
Məktəblərin açılmasını səbirsizliklə gözləyirik, bir də ona görə ki....

Məktəblərin nə vaxt açılacağı və tədris prosesinin hansı formada davam etdiriləcəyi artıq bu gün deyil, uzun müddətdir ki, təkcə təhsil ictimaiyyətini yox, bütün cəmiyyət üzvlərini düşündürür. Müxtəlif versiyalar səsləndirilir, rəy və təkliflər irəli sürülür. Nə qədər fərqli baxışlar sərgilənsə də, nəticə etibarı ilə bu yanaşmalar geniş ictimaiyyətin təhsilimizə olan maraq və diqqətinin bariz nümunəsidir.

 

Yeni tədris ilinin başlanması ilə bağlı ən başlıcası və ümidvericisi isə odur ki, bu prioritet sahə dövlətin və onun əlaqədar qürumlarının tam və ciddi nəzarətindədir. Təhsil naziri Emin Əmrullayevin İctimai Şura üzvləri ilə onlayn formatda məsləhətləşmələri,  habelə Nazirin bu günlərdə ölkənin müxtəlif regionlarından olan valideyn, şagird və müəllimlərin iştirakı ilə keçirdiyi videokonfrans, Təhsil İnstitututunun COVİD-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələrinin  ictimaiyyətə təqdim edilməsi və geniş müzakirələrə səbəb olması, tədris ilinə hazırlıqla bağlı fikir mübadiləsi aparmaq məqsədilə  Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərinin nazir Emin Əmrullayev ilə bu günkü onlayn görüşü  və sadalamadığımız digər operativ və davamlı tədbirlər bir daha göstərir ki, koronavirus pandemiyası ilə əlaqədar tədris ilinə hazırlıqla bağlı nəzərdə tutulan versiyaların hər birinin ayrılıqda təhlili və işlək icra mexanizminin müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq  işlər görülür.

 

Əlbəttə, şəraitdən asılı olaraq, biz də əksəriyyət çoxluq kimi dərslərin ənənəvi qaydada başlanılmasının arzusundayıq və yoluxma sayının kəskin şəkildəvə azlması və bütövlükdə yox olması gününü səbirsizliklə gözləyirik. Onu də hər kəs bilməmiş deyil ki, heç bir yüksək texnologiya canlı ünsiyyəti, məsafədən təhsil ənənəvi təhsili lazımınca əvəz edə bilməz.  Ənənəvı təhsil formasına keçiddə bir də ona görə maraqlıyıq ki, həyata keçirmək əzmində olduğumuz layihəmiz var ki, bu da normal şərait tələb edir.

 

Hələ məktəblərin bağlanmasının ilk günlərindən onlayn rejiminə keçidlə əlaqədar valideynlər və şagirdlərlə məsafəli əlaqələrimizdən yararlanaraq, belə qərara gəldik ki, məktəbimizdə “Valideyn Resurs və Uşaqlara Dəstək Mərkəzi”ni yaradaq. Bu məqsədlə geniş və əhatəli bir layihə hazırladıq. “Valideynlə birgə işləyək” adlı lahiyəni Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsinə təqdim etdik.

 

Təhsil Nazirliyi tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş layihələr haqqında məlumat dərc olunarkən öyrəndik ki, müsabiqəyə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriya üzrə isə 648 olmaqla, ümumilikdə 852 layihə təqdim edilib. Qaliblər sırasında məktəbimiz də yer alaraq, 15 000 min manatlıq büdcəyə sahib olmuşdur. Bu vəsaitlə məktəbimizə əlavə kompyuterlər, kameralar, digər texniki vasitələr alınmasını, məktəbin ərazisində abadlıq işləri görülməsini nəzərdə tutmuşuq ki, bunları da məktəblərin açılması və təhlükəsiliyin tam təmin edilməsi şəraitində reallaşdırmaq arzusundayıq.

 

Əfəndiyeva Yaqut

Bakı şəhəri A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəbin direktoru