Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-15 16:29:00
Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlayacaq

Sentyabrın 15-də Gürcüstanda ölkə üzrə 2 min 84 orta məktəbdə yeni tədris ili başlayacaq.


AzEdu.az AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstan Təhsil Nazirliyi məktəblərlə bağlı vacib tövsiyələr hazırlayıb. Tövsiyələrə əsasən şagirdlər arasında 1 metrlik sosial məsafə olacaq. Şagirdlərdən başqa, məktəb binasına daxil olan bütün şəxslər - müəllimlər, tərbiyəçi və texniki işçilər tibbi maska taxmalıdırlar. Məktəb binasına daxil olan zaman termoskrinq və əllərin dezinfeksiyası da vacibdir.

 

İkinövbəli məktəblərdə növbə dəyişikliyi zamanı yarım saatlıq fasilə olacaq və ortaq istifadə edilən sinif otaqları, sanitar qovşaqlar dezinfeksiya ediləcək. Hərarəti olan və digər simptomlar daşıyan şagirdlər üçün özünütəcrid otaqları yaradılacaq.

 

Fasilə zamanı otaqlar havalandırılmalı, məktəblərdə ümumi istifadə edilən ərazilərdə (dəhliz, müəllimlər otağı və s.) şagirdlərdən başqa hər kəs maskadan istifadə etməlidir.

 

Məktəb rəhbərlərinə şagird sayına və təchizata görə, dərs saatını müstəqil müəyyən etmək imkanı veriləcək. Dərs saatı 30 dəqiqədən az olmamalıdır.

 

Hətta ehtiyac duyulduğu təqdirdə, bir növbəli məktəb bir neçə növbədə fəaliyyət göstərə bilər.

 

Nazirliyin müəyyən etdiyi qaydalara əsasən ibtidai siniflərdə I, II, III və IV siniflərdə dərslərin məktəblərdə keçirilməsi vacibdir.

 

Bundan başqa, məktəbin imkanlarından və epidemioloji vəziyyətdən asılı olaraq V-VI siniflər üçün həftədə 1 gün, VII-XI siniflər üçün 2 gün, XII siniflər üçün isə maksimum 3 gün distant (uzaqdan) qaydada dərslər keçirilə bilər.

 

Ancaq bu zaman Təhsil Nazirliyi ilə əvvəlcədən razılıq əldə edilməlidir.