Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-10 16:56:00
Şagirdlərin dərsə laqeydliyi, məktəbə maraqsız münasibəti – Müəllimlərdən çıxış yolu

 

Bu gün orta ümumtəhsil müəssisələrində bəzi şagirdlərin dərsə marağı xeyli zəifdir. Bunun bir çox səbəbləri var: durmadan yenilənən texnoloji inkişaf, yeniyetmələrdə dinamik prosesə meyillilik, kitab-dəftər mühitinin sıxıcılığı və s.  Bəs, onlarda psixoloji və pedaqoji istiqamətdə  dərsə marağı necə artırmaq olar?

Bununla bağlı AzEdu.az müəllimlərin fikrini öyrənib 26 saylı tam orta məktəbin biologiya  müəllimi  Ləman Abdullayevanın sözlərinə görə, bugünki şagirdlərimizin  dünyaya baxışı, dünyagörüşü, təlimə, təhsilə  olan marağı  çox fərqlidir:

“Daha  dinamik və daha enerjili, eynilikdən tez bezən  şagirdlərimiz çoxluq təşkil edir. Bu da,  məlum  məsələdir, müasir dövrün  tələb və inkişafından irəli gəlir.  Onlara  istədiklərini  vermədikdə, artıq  həvəsdən  düşür və oxumaq  istəmirlər. Müasir dərsin  tələblərini  hər bir müəllim  düzgün yerinə yetirməli və sinif  otağına birinci növbədə  o, həvəslə daxil olmalıdır. Şagirdlər ilk növbədə müəllimin gözlərindəki  həvəsi  görməlidirlər. Təlimin təşkilinə verilən tələblər  düzgün yerinə yetirilərsə, dərs də maraqlı  olar, şagirdlər  də həvəslə dərsdə fəal iştirak edərlər.  Bu tələblərə  pedaqoji prosesin tamlığı, təlimdə bərabər imkanların yaradılması, şagirdyönümlülük, inkişafyönümlülük, fəaliyyətin stimullaşdırılması və dəstəkləyici  mühitin yaradılması  aiddir. Hər bir şagirdə fərdi yanaşmaq və hər bir şagirdə xas potensial imkanları kəşf etmək  lazımdır.   Onları həvəsdən salmaq qəti olmaz. Yeni innovativ  metodlardan  istifadə etmək, sinifdə psixoloji dəstək: hörmət və etibar kimi əlaqə yaratmaq  lazımdır və unutmaq  olmaz ki, müəllim fasilitator, şagird isə tədqiqatçı olmalıdır. Biz  şagirdlərimizə  yalnız bilik deyil, həm də  onlara həyati  bacarıqlara yiyələnən əsl vətənpərvər şəxsiyyət kimi  formalaşmağı öyrətməliyik. Müəllimlik çox zəhmət  tələb edən müqədddəs peşə və vəzifədir. Gəlin peşəmizi, sənətimizi, şagirdlərimizi  sevək!”

Azərbaycan dili və ədəbiyyatı müəlliməsi  Nuranə Abbaslının sözlərinə görə,  bu gün şagirdlərdə təlimə maraq oyatmaq  bir qədər çətin görünsə də, əslində, bu,  çox asanddır:

 “Ancaq onu da qeyd edim ki,  burada məsuliyyət, təkcə  müəllimin yox, eyni zamanda,  valideynlərin də çiyinlərinə düşür. Bir müəllim  bacardığı qədər  şagirdlərdə təlimə maraq yaratmalıdır. Ən əsası birinci növbədə onların daha çox nəyə  maraqları  varsa, tədrisə də o yöndən yanaşmalıdır. Hər müəllim işini sevməli və sevdirməlidir. Çünki, şagird ondan öyrənir”.

Gədəbəy rayonu İ.Mahmudov adına Gərgər kənd tam orta məktəbin Azərbaycan dili və  ədəbiyyat  müəllimi Nuranə Abbaslının sözlərinə görə,  müəllim həm peşəsini, həm də  şagirdləri sevsə, onlara sevgi  ilə  yanaşsa,  təlimdə yaxşı nəticələr əldə edə bilər:

“Müəllimlər şagirdlərə dost olmalıdırlar və valideynlər müəllimlərlə  mütəmadi əlaqə yaratmalıdırlar”.

 

Günel Yaşarqızı