Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-14 16:51:00
Sədr müavini Təhsil İnstitunun təkliflərini təhlil etdi: “Bu nüanslarla razı deyiləm”

       

“Hesab edirəm ki, Təhsil  İnstitutunun təklifləri mövzu ilə bağlı yeni rəy və təkliflərə yol açmaq baxımından da faydalı olacaqdır.”

 

AzEdu.az  xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov bildirib.

 

O, bildirib ki, pandemiyadan asılı olmayaraq  "Virtual məktəb" layihəsi, teledərslər, distant və məsafədən təhsilin digər modellərinin tətbiqinin davam etdirilməsi təhsilimizin modernləşməsi, interaktivliyin təmin edilməsi və gələcəkdə yeni sınaqlara hazır olması baxımından irəliləyiş olar:

 

“COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna Təhsil naziri Emin Əmrullayevin təşəkkürünə İctimai Şura olaraq biz də qoşulur və eynilə hesab edirik ki, həqiqətən də qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır.

 

Bununla belə təkliflərdə əks olunan bir nüans “Təkliflər”ə verilən şərhlərdən də göründüyü kimi məni də qane etmədi. Belə ki, Təhsil İnstitututunun növbəti tədris ili ilə bağlı təklif etdiyi iki ssenaridən - tədrisin məsafədən təşkilini nəzərdə tutan 1-ci ssenarinin Respublikanın təhsil müəssisələrində tədris prosesi məsafədən həyata keçirilir bəndinin “təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur” ifadəsi təklifdən daha çox hökm xarakteri daşıyır və geniş ictimaiyyətdə pessimist əhval-ruhiyyə yaradır. Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

 

Sədr müavini təkliflərin hazırlanması zamanı nəzərə alınmalı olan nüansları qeyd edib:

 

“Düzdür, Ümumdünya Səhiyyə Təşkilatı və YUNESKO-nun da tövsiyələri nəzərə alınmaqla pandemiya şəraitində təhsil sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar etməli və yeni prosedurların hazırlanmasına ciddi önəm verməli, lakin  COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvi məsələsinə həddən artıq ehtiyatla yanaşılmalıdır. Başqa sözlə, “tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınmalıdır”.

 

O, təhsil müəssisələrinin fəaliyyəti  məsələsində üçüncü-hibrit variantın olduğunu qeyd edib:

 

“Göründüyü kimi , gələcək fəaliyyət hər şeydən əvvəl dinamikadan asılı olan məsələdir. Bununla belə, sabah hadisələrin hansı axarda cərəyan edəcəyinə heç kim təminat verə bilməz. Yəni epidemioloji vəziyyətlə bağlı artım və azalma, dinamikasındandan asılı olaraq  məsələnin həllinə yanaşılmalıdır. Deməli, əgər yoluxma sayının kəskin aşağı düşmə prosesi davam etsə, ənənəvi forma tətbiq oluna bilər. Əgər virus daha da kəskinləşsə, onlayn təhsil həyata keçiriləcək. Bunlarla yanaşı üçüncü - hibrit variant da var. Bu varianta əsasən, bəzi siniflər onlayn, bəziləri isə ənənəvi təhsil sistemindən yararlana bilər. Təbii ki, bunlar işin gedişatından asılı olacaq. Təhsil müəssisələrini açılmasına isə hələ ki, 1 ay var.”

 

Sədr müavini  bu mövzuda  ictimai rəyin öyrənilməsinin əhəmiyyətini vurğulayıb

 

“Ümumi ictimai rəyin öyrənilməsinin təhsildə aşkarlıq, şəffaflıq, demokratiklik, humanistlik prinsiplərinin bərqərar olunmasında rolu və əhəmiyyəti danılmazdır və şübhəsiz ki, bu rəy və təkliflər ümumi nəticəyə gəlməkdə və yekun qərar çıxarmaqda öz rolunu oynayacaqdır. Necə ki, artıq, təhsil ictimaiyyəti, valideynlər və digər maraqlı tərəflərdən yüzlərlə münasibət bildirilib və bildirilməkdə davam edir.”

 

O bildirib ki, bu hal cəmiyyət üzvlərinin, geniş ictimaiyyətin təhsilə olan diqqət və marağının, baş verən proseslərə biganə qalmamasının bariz nümunəsidir.