Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-14 14:52:00
Müəllimlərin işə qəbulu üzrə imtahanların ilk günündə 2 minə yaxın namizəd iştirak etdi

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. Əvvəlki illərdən fərqli olaraq bu il müsabiqənin test imtahanı mərhələsi Bakı şəhərində bir mərkəzdə deyil, ölkənin 17 şəhər və rayonunda 32 mərkəzdə keçirilir.

 

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

 

O qeyd edib ki, ümumilikdə imtahanlarda iştirak etmək üçün 47 minə yaxın namizədin elektron ərizəsi təsdiq edilib və onlar test imtahanlarında iştirak hüququ qazanıblar. Bununla bağlı hər bir namizədin şəxsi səhifəsinə elektron bildiriş göndərilib. Bu gün fransız dili və fizika fənləri üzrə namizədlər imtahana cəlb olunublar. İmtahanlarda bütün sanitar-epidemioloji qaydalara riayət edilir. Namizədlər imtahan zalına qoruyucu tibbi maskadan istifadə etməklə daxil olublar. Onlar binaya daxil olarkən hərarətləri ölçülür və digər zəruri tədbirlər həyata keçirilir.

 

E.Bağırov vurğulayıb ki, imtahanın ilk günündə 2000-ə yaxın namizəd iştirak edəcək: “Növbəti günlərdə bu say artacaq. Test imtahanları 18 gün davam edəcək. İmtahanlar başa çatdıqdan sonra vakansiya seçimi mərhələsi olacaq. Bu mərhələdən də uğurla keçən namizədlər ümumtəhsil müəssisələrinə müddətli müqavilə əsasında işə qəbul olunacaqlar".