Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-10 15:18:55
“Bunu etməsək, rezidentura effektli olmaz  və ora imtahanların keçirilməsi vacib deyil” - Adil Qeybulla

“İnkişaf etmiş  ölkələrdə rezidenturanı qazanan tələbə istədiyi xəstəxananı seçir və praktika sayəsində əsl həkim kimi formalaşır. Bizdə isə bəzi məsələlər düzgün qurulmayıb. Əvvəla, rezidentura sistemində imtahan təşkil olunması vacib şərt deyil. Çünki tələbə, onsuz da,  6 il boyuncu bütün fənnlərdən imtahan verir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O, qeyd edib ki, rezidentura sistemi tibb təhsilinin ən yüksək mərhələsi sayılır və yalnız bu mərhələdən sonra fərd həkim kimi çalışmalıdır:

“Nəzəri biliklərə yiyələnmiş hər tələbə, yalnız rezidenturadan sonra həkim kimi formalaşıb fəaliyyətə başlamalıdır. Burada icbari tibbi sığorta çox mühüm rol oynayır. Açığı, etiraf etmək lazımdır ki, bu gün xəstələr həkimə müraciət edəndə, tibb işçiləri onları  digər həmkarlarına və ya rezidentə yönləndirməyə meylli olmurlar. Amma icbari tibbi sığorta sistemində isə xəstə axını olur və bu, tələbələrin öyrənməsi üçün də əla şərait yaradır. İcbari tibbi sığorta olmadığı təqdirdə, rezidentura effektli sistem sayıla bilməz. Hazırda bu sistem, əsasən  Amerika, İngiltərə, Almaniya və başqa inkişaf etmiş ölkələrdə özünü doğruldub. Bu ölkələrdə rezidenturanı qazanan tələbə istədiyi xəstəxananı seçir və praktika vasitəsilə əsl həkim kimi formalaşır. Bizdə isə bəzi məsələlər düzgün qurulmayıb. Əvvəla, rezidentura sistemində imtahan təşkil olunması vacib şərt deyil. Çünki tələbə 6 il boyuncu bütün fənnlərdən, onsuz da, imtahan verir. Məsələn, bakalavr pilləsini Amerika universitetində oxuyan tələbə  üçün öz ölkəsində rezidenturaya qəbul imtahansızdır. Amerikada yalnız əcnəbi tələbələrdən imtahan götürülür”.

Adil Qeybulla Azərbaycanda tələbələrin bilik səviyyəsini yüksək qiymətləndirir. Onun sözlərinə görə, problem tələbələrdə deyil, öyrətmə metodlarındadır:

“Əvvəlki kimi rüşvət və uşaqların tapşırılması kimi mənfi halların olmadığı danılmaz faktdır. Ümumiyyətlə, tibbdə oxumaq, həkim olmaq gələcəkdə həm də yaxşı yaşamaq deməkdir. Tibb universitetinə daxil olan tələbələr artıq bu sənətin nüfuzunu dərk edirlər. Çünki bu gün dünyada sərhədlər açılıb, hər şey şəffaflaşıb, Azərbaycandakı yaxşı həkimlərin gedib xaricdə işləyib, karyerasını uğurlu davam etdirməsi üçün şərait yaranıb. Bunun üçün isə təkcə lazım olan bilikdir. Burada kimisə aldatmaq olar, amma xaricdə bu mümkün deyil. Güman edirəm ki, rezidentlərimiz bunu dərk edirlər və ona görə də, universitetə qəbul olanların əksəriyyəti yaxşı oxuyur. Əsas problem isə rezidenturadaxili öyrətmə sistemindədir”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə onlayn sınaq imtahanları keçirib. Sınaq imtahanları 9 iyun 2018-ci il tarixində kompüter vasitəsilə elektron formada təşkil olunub. Bu il qəbul imtahanının I mərhələsi aprelin 1-i keçirilib. Rezidenturaya qəbulun II mərhələsi isə 08.08.2018 tarixində baş tutacaq.