Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-10 13:30:45
“Son zəng” günündə sinif jurnallarına nə yazılmalıdır? – Müəllimlərin sualı

“14 iyunun tədris ilinin son günü olması, onun həm də dərs günü olması anlamına gəlir. Bu səbəbdən məktəblərdə həmin tarixdə sinif jurnallarında son dərslərin qeydiyyatı aparılmalıdır. Digər bir tərəfdən RTŞ tərəfindən 14 iyunda sinif jurnalına “Son zəng” adlı dərs yazılması dönə-dönə tapşırılır... İndi sual olunur, həmin gündə cədvəl üzrə 6 dərs saatına sinif  jurnalına “Son zəng” adlı dərs yazılacaqsa, o zaman bu dərs kim üçün keçirilir və “Son zəng” tədbirinin iştirakçıları kimlərdir?

AzEdu.az  xəbər verir ki, bu barədə  “facebook” sosial şəbəkəsində təhsil problemləri ilə bağlı müxtəlif qruplarda bölgə məktəblərinin birində müəllim işləyən  Cəmaləddin Əlizadə yazıb.

“Azərbaycan Respublikası Təhsil Nazirliynin 28.07.2017-ci il tarixli, 226 nömrəli əmrinə 11 nömrəli əlavədə göstərilir: Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar;  ikinci yarımil - 1 fevral - 14 iyun.

Son zəng tədbirinin keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrində isə “Son zəng” tədbirinin 14 iyun tarixində hər bir müəssisənin ərazisində təşkil olunması qeyd olunur. Bundan əlavə, “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin, sabiq məzunların dəvət olunması göstərilir. Və nəhayət “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində məktəb rəhbərliyinə zəruri tədbirlər görülməsi tapşırılır.

İndi keçirəm mətləbə: 14 iyunun tədris ilinin son günü olması, onun həm də dərs günü olması anlamına gəlir. Bu səbəbdən, məktəblərdə həmin tarixdə sinif jurnallarında son dərslərin qeydiyyatı aparılmalıdır. Digər bir tərəfdən RTŞ tərəfindən 14 iyunda sinif jurnalına “Son zəng” adlı dərs yazılması dönə-dönə tapşırılır... İndi sual olunur, həmin gündə cədvəl üzrə 6 dərs saatına sinif jurnalına “Son zəng” adlı dərs yazılacaqsa, o zaman bu dərs kim üçün keçirilir və “Son zəng” tədbirinin iştirakçıları kimlərdir”.