Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-10 12:53:41
Xarici universitetlər üçün tələb olunan motivasiya məktubları necə yazılmalıdır? – Mütləq əməl edin

Xarici ölkə  universitetlərinə müraciət zamanı  motivasiya məktubunu hazırlamaq vacib addımlardan biridir. Hazırda, demək olar, bütün xaricdə təhsil proqramları motivasiya məktubu tələb edir.

Hamının bildiyi kimi, qurumlar və universitetlər də bu məktubu detallı şəkildə dəyərləndirirlər.

Motivasiya  məktubu, təəssüf  ki, universitetlərə müraciət edən bəzi abituriyentlər üçün ikinci dərəcəli tələb kimi qəbul edilir və kütləvi olaraq, internetdəki hazır formalardan istifadə olunur.

AzEdu.az  xaricdə oxumaq istəyən hər kəsin bilməli olduğu bu detal haqqında ətraflı bilgiləri təqdim edir:

Motivasiya məktubu yazılarkən internet  resurslarından  mümkün qədər uzaq durmaq  lazımdır;

İstək məktubunuzu yazmağa başlamazdan əvvəl niyə o ölkə, şəhər, universitet, fakültə və ixtisası seçdiyinizi düşünün və hərtərəfli analiz edin;

Əgər ingilis dilində və ya başqa bir dildə yazırsınızsa, qrammatik cəhətdən düzgün olduğunu dəfələrlə yoxlayın və hələ də əmin deyilsinizsə, ana dilində yazıb peşəkar mütəxəssislərə  tərcümə etdirin;

Məktuba başlamazdan  əvvəl özünüz haqqında nələrdən yazacağınız haqqında siyahı hazırlayın;

Universitetlər, adətən, motivasiya məktubunu iki üsulla – elektron poçt vasitəsilə məktub şəklində və ya müraciət formasında ayrılmış  bir bölmədə yazılmalı mətn kimi tələb edə bilərlər. Bunlardan birincisində, təbii olaraq, məktub formatının, digərində isə esse formatının tələblərinə ciddi əməl olunmalıdır;

Motivasiya məktubu formatdan asılı olmayaraq, 1.5 səhifə həddini keçməməlidir. İri həcmli məktublar uzunçuluqdan başqa bir şey ifadə etmədiyi üçün, qəbul komissiyaları tərəfindən də yaxşı qarşılanmır. Əlbəttə ki, müraciət etdiyiniz universitetin bəlli bir söz limiti tələbi varsa, bu həddi aşmadan həmin miqdarda sözü istifadə etməlisiniz.

Motivasiya məktubu yazarkən nə etmək olmaz?

1.İstək məktubu tərcümeyi hal deyil. Həyatınızdakı hər detalı sıralamağın heç bir əhəmiyyəti yoxdur;
2.Məktuba tələb olunmadığı halda şəkil və ya hər hansı bir link əlavə etməyin;
3.İnternetdən ya da dostlarınızdan kopyaladığınız yazıları istək məktubu adı ilə yollamayın;
4.Lazım olduğundan uzun yazmayın. İfadələriniz sadə və aydın olmalıdır;
5.Özünüzü tərifləməyin, müsbət tərəflərinizi müxtəlif cümlələr vasitəsilə çatdırın. Bunları edərkən maksimum inandırıcı olmağa çalışın;
6.Normalda istifadə etmədiyiniz , mənasını çox yaxşı bilmədiyiniz cümlələr işlətməyin;

Müraciət etdiyiniz ixtisasla birbaşa əlaqəsi olan diplom işi mövzunuz və ya nəzərəçarpan nailiyyət və ya iş təcrübəniz varsa, bunları bir cümlədə qeyd etmək yaxşı olar. Mütəxəssislər, burada da uzunçuluğa yol verməməyə və motivasiya məktubunu tərcümeyi-halınıza çevirməməyi tövsiyyə edir. Diplom işi ilə əlaqədar mövzunun adını qeyd etmək yaxşıdır. Nailiyyətləri isə ayrıca CV-də sadalamısınızsa, onları yenidən sıralamağa gərək yoxdur. Buna baxmayaraq, sizdə motivasiya formalaşdıran bir nailiyyətiniz olubsa, bunu qeyd etməyə dəyər;

Nəzərə alın ki, müraciət etdiyiniz universitetin hansı ölkədə olmasından asılı olmayaraq, istək məktubları rəsmi məktubdur. Rəsmi yazışma və sənədlərdə olduğu kimi bu məktublarda da həm öz, həm də qarşı tərəfin ünvanını, məktubun yazıldığı tarixi və yeri məktuba mütləq əlavə etməlisiniz;

Məktubunuzu hər zaman təşəkkür edərək bitirin.