Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-13 15:24:00
Peşə təhsilində əməkdaşlıq və yaradılan iş imkanları müzakirə olunub

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “İşəgötürənlərlə əməkdaşlıq və yaradılan iş imkanları” mövzusunda vebinar keçirilib.

 

AzEdu.az xəbər verir ki, vebinarda mərkəzdə təhsil almağın üstünlükləri və yaradılan iş imkanları müzakirə olunub.

 

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov mərkəz haqqında geniş məlumat verib. O bildirib ki, mərkəzdə tədris prosesinin 60-70 faizi praktiki dərslərdir. Burada 8 texniki istiqamət üzrə 9 texniki peşəyə yiyələnmək olar. Tam orta təhsil bazasından torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, mebel ustası, veb-dizayner və proqram təminatçısı, avtomatika üzrə usta ixtisaslarında 1 illik (texniki peşə təhsili) təhsil üçün sənəd qəbul olunur. Eyni zamanda, avtomobil diaqnostikası və təmiri ustası və veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə 3 illik (subbakalavr, yüksək texniki peşə təhsili) proqramlarda təhsil almaq mümkündür. O bildirib ki, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində mərkəzdə ustad dərsləri təşkil olunur. Eyni zamanda, işəgötürənlərlə birgə təcrübə proqramları icra edilir. Təhsilalanlar birbaşa şirkətlərdə təcrübəyə cəlb olunurlar. Bu da məzunların işlə təmin olunmasına töhfə verir.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov qeyd edib ki, peşə təhsilinin inkişaf etdirilməsində işəgötürənlərlə əməkdaşlıq mühüm rol oynayır. Peşə təhsili müəssisələrinin məqsədi işəgötürənlərin tələblərinə tam cavab verən kadrlar yetişdirməkdir. Əmək bazarında ehtiyac duyulan peşələrin müəyyənləşdirilməsində isə işəgötürənlərlə əməkdaşlıq vacibdir.

 

“Microsoft”un şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov diqqətə çatdırıb ki, mərkəzlə əməkdaşlığa əsasən təhsilalanlara və pedaqoji heyətə şirkətin layihələri və proqramları haqqında məlumat verilir: “Çalışırıq ki, mərkəzin tədris proqramları bizim məzmunla uyğunlaşsın. Beləliklə də tələbələr həm təhsil aldıqları mərkəzin imtahanlarına, həm də bizim şirkətin sertifikat imtahanlarına hazır olsunlar.

 

Hazırda Təhsil Nazirliyi ilə müzakirələr aparırıq. Məqsədimiz odur ki, bizim apardığımız sertifikat imtahanları Təhsil Nazirliyinin strukturuna daxil olan təhsil müəssisələri tərəfindən tanınsın. Verdiyimiz sertifikatlar təhsil müəssisələrinin uyğun imtahanlarını əvəzləsin”.

 

Vebinarda “Baku Roofing Company”nin layihə rəhbəri Rəhim Qafarov, “EduMedia” şirkətinin nümayəndəsi Elxan Əzizov, “ALSTOM”un İnsan resursları üzrə meneceri Samirə Nəcəfova Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıqları haqqında məlumat veriblər.

 

Onlayn tədbir Peşə Təhsili üzrə Dövlət Agentliyinin “YouTube” və “Facebook” səhifələrində canlı yayımlanıb.