Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-10 12:33:00
Dünyada milyonlarla uşaq məktəblərdən uzaqlaşdırılıb, zorla işlədilir

Azyaşlıların məcburi əməyə cəlb olunması dünya ölkələrində rəsmi şəkildə qadağan olunsa da, hələ də bu problemlə üzləşən milyonlarla uşaq var.

Mərkəzi Cenevrədə yerləşən Beynəlxalq İş Təşkilatının (LIO) bu problemlə  bağlı apardığı araşdırmada bir çox məqamlar üzə çıxıb.

Araşdırma zamanı   işləməyə məcbur edildikləri üçün fiziki və ruhi zərər çəkən  18 yaşdan aşağı uşaqların sayının milyonlarla ölçüldüyü məlum olub. Ara-sıra valideynlərinə təsərrüfat işlərində kömək edən və qəzet paylayan şagirdlər bu kateqoriyaya daxil edilməyib.

ILO-nun təxminlərinə görə, 2016-cı ildə dünyada 5-17 yaş aralığında olan 218 milyon uşaq fiziki əməklə məşğuldu. Onlardan 152 milyonunun zorən işlədildiyini deyən ILO bu kateqoruyaya daxil olanların yarısının 12  yaş və ondan aşağı olduğunu açıqlayıb. Bu, həm də məktəblilərin təhsildən yayınması deməkdir.

Araşdırmaya əsasən, ən acınacaqlı vəziyyətin Afrikada olduğunu deyə bilərik.  ILO burada hər beş  uşaqdan birinin əməyinin istismar olunduğunu qeyd edir.

12 iyun Dünya Uşaq Əməyinin İstisamarına Qarşı Mübarizə günü münasibətilə keçirilən Beynəlxalq Konfransda  azyaşlıların  işçi qüvvəsi kimi işlədilməsi ilə  bağlı məsələlərə toxunulub.

Konfransda çıxış edən ILO rəhbəri Guy Ryder uşaq əməyinə qarşı mübarizənin vacibliyinə diqqət çəkib. O, uşaq əməyinin yalnız tekstil, tütün, qəhvə istehsalı kimi sahələrdə deyil, eyni zamanda yerli istehsalda da istismar olunduğunu deyib. Konfransın digər iştirakçısı, uşaq hüquqlarının müdafiəçisi, Nobel mükafatçısı Kailash Satyarthi isə hələ görüləcək çox işlərin olduğunu dilə gətirib:

“Əgər hələ də uşaqlar, xüsusilə də məktəblilər kölə halına salınır, ferma, dükan, fabrik və şəxsi evlərdə işləməyə məcbur edilir, hətta bəzən heyvanlardan daha ucuz alınıb satılırlarsa, bu,  insanlıq adımızda hələ də bir ləkənin olması deməkdir”.

1973-cü ildə ILO tərəfindən qəbul edilən, işləmək üçün vacib sayılan minimum yaş həddini əhatə edən qanun bir çox ölkələr tərəfindən qəbul edilməyib.

1999-cu ildə ILO uşaq əməyinin ən pis tərəflərinə toxunan başqa bir müqavilə hazırlayıb.  181 dövlətin imzaladığı müqavilə uğurlu alınıb.

2016-cı ildə əvvəlki illərlə müqayisədə işləyən uşaqların sayı  təxminən, 134 milyon azalsa da, ILO problemin aradan qaldırılması üçün qadağaların kifayət etməyəcəyi düşünür.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları