Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-12 13:54:00
Vebinarlar iştirakçılara yeni və müasir biliklər aşılayır

Artıq 2 aydır ki, Təhsil Nazirliyi və beynəlxalq “Alqoritmika” şirkətinin dəstəyi ilə Virtual məktəbdə müəllim və şagirdlər üçün rəqəmsal bacarıqların inkişafı üzrə interaktiv vebinarlar təşkil olunur. Məqsəd iştirakçıların İT bacarıqlarını inkişaf etdirmək, müəyyən alətlərdən istifadə etməklə dərslərin interaktiv təşkilini təmin etmək,  eyni zamanda şagirdlərin asudə vaxtlarını səmərəli şəkildə keçirmələrinə nail olmaqdır.

 

“Təhsilverən və təhsilalanlara rəqəmsal bacarıqların aşılanması ölkəmizin ümumtəhsil şəbəkəsi üçün mühüm əhəmiyyət kəsb edir.” – Bu barədə müsahibəsində “Rəqəmsal bacarıqlar” layihəsinin təlimçisi Nübar Əsədova söyləyib. O bildirib ki, vebinarlar tək şagirdlər üçün deyil, müəllimlər üçün də keçirilir. Belə ki, bu günə qədər ümumilikdə 6239 iştirakçının qatıldığı 7 vebinar keçirilib. - “Məktəblilər və eyni zamanda müəllim iştirakçılar üçün müvafiq aktual mövzular hazırlamışıq. Şagirdlər vebinarlarda fəal iştirak edir, suallar soruşaraq, tapşırıqları yerinə yetirirlər. Hər sonrakı vebinarda iştirakçıların sayı getdikcə  artır. Bu, şübhəsiz ki, şagirdlərin bu vebinarlara olan marağından qaynaqlanır. Vebinarlarımızda nəinki şagirdlərimiz həmçinin müəllimlərimiz də çox aktiv iştirak edirlər. Müxtəlif fənn müəllimləri öz təcrübələrini bölüşür, suallar verir və bu alətlərin dərsdə istifadəsi ilə bağlı öz fikirlərini bizimlə bölüşürlər. Çox sevindirici haldır ki, müəllimlərimiz bu alətlərin dərsdə istifadəsini həvəslə öyrənir və öz şagirdlərinə maraqlı, interaktiv dərslər hazırlamaq məqsədi ilə tədris ilinin başlamısını səbirsizliklə gözləyirlər.”

 

Öz növbəsində vebinarların iştirakçısı, 189-190 nömrəli məktəbin müəllimi Gülnar İbadlı “Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində həm müəllimlərin, həm də şagirdlərin fərdi inkişafı üçün vebinarların təşkilinin çox vacib və uğurlu təşəbbüs olduğunu bildirdi. Bu vebinarlar, xüsusilə, pandemiya dövründə, insanların öz evlərini tərk etməməli olduqları bir vaxtda onların özünüinkişaf və vaxtlarını sağlam keçirmələri baxımından əhəmiyyətlidir: “Vebinarlar iştirakçılara yeni və müasir biliklər aşılayır. Buna görə də bu vebinarlar layihədə iştirakından asılı olmayaraq, bir çox şagird və müəllim tərəfindən böyük maraqla qarşılanır.

 

Vebinarların digər iştirakçısı, 239 nömrəli məktəbin ibtidai sinif müəllimi Ülkər Tahirova da onları çox lazımlı hesab edir: “Müəllimlər və şagirdlər İKT sahəsində öz bacarıqlarını inkişaf etdirir, kompüterlərlə tanış olur və internetdə işləyirlər. Alqoritmin yaradılması sahəsindəki biliklər gündəlik həyatı planlaşdırmağa da kömək edir, vebinarlarda keçirilən praktik məşğələlər isə həm yaradıcılıq, həm də məntiq bacarıqlarını inkişaf etdirir." Ülkər xanımın sözlərinə görə, o, hər zaman əlçatan olan “bulud” xidməti, eləcə də orada fayl və animasiyaların yaradılmasını bu vebinarlar vasitəsilə öyrənmişdir: “Mən artıq təcrübələr zamanı multiplikasiya effekti ilə informasiya yarada bilirəm. Düşünürəm ki, bu mənim ibtidai sinif şagirdlərim üçün çox maraqlı təcrübədir. Çox istərdim ki, vebinarlar növbəti tədris ilində də davam etsin. Bununla da daha çox müəllim və şagird onlardan faydalana biləcəklər."

 

Vebinarların şagirdlərə necə təsir bağışladıqlarını öyrənmək üçün  onlarla da söhbət etdik. Vebinarlardan birində iştirak edən Bakı Avropa Liseyinin 7-ci sinif şagirdi Məzahir Abdullayev qeyd edir ki, bu vebinarların üstünlükləri ondan ibarətdir ki, karantində evdə oturarkən, şagirdlər yeni və faydalı məlumatlar əldə edə bilərlər: “Vebinarlar hər kəs üçün ödənişsizdir və onlara yetişmək üçün yollarda vaxt itirmək lazım deyil. Buna görə də İKT sahəsində biliklərimi genişləndirmək, şəxsən, mənə olduqca maraqlıdır. Mən əvvəl “Microsoft Power Point”də öz cizgi filmimi yarada biləcəyimi bilmirdim, lakin indi “Stop-motion cizgi filmlərinin yaradılması texnikası ilə tanışlıq” mövzusunda təşkil olunan vebinardan sonra biliklərimi praktikada tətbiq etməyə çalışdım və nəhayət ki, bacardım. Özümü rejissor kimi hiss etməyim çox həyəcanlı və maraqlıdır."

 

Vebinarın digər iştirakçısı, 8-ci sinif şagirdi Rüstəm Məlikov da öz növbəsində uşaqlıqdan İT sahəsinə həvəs göstərdiyini və buna görə də, məmnuniyyətlə, vebinarlarda iştirak etdiyini bildirdi: “Bu vebinarlar sayəsində özüm üçün yeni və faydalı məlumatlar əldə edirəm. Vebinarlarda təsvir olunan bəzi proqramları artıq az da olsa bilirəm və vebinarın gedişatında onlardan necə istifadə edəcəyimi də öyrənəcəyəm. İstərdim ki, vebinar zamanı bizə daha çox təcrübə və bilik  öyrətsinlər."