Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-09 12:29:00
Gərəksiz elmi nəşrlərə görə xərclənən çoxlu pullar, qondarma elmi reputasiya və ya məlumatsızlıq? -TƏHLİL

Dünya üzrə Azərbaycanın elminin reytinqi

“SCImago Journal Rank” elmmetrik təsisatın veb saytında elmi nəşrlərə görə ölkələrin reytinq cədvəlində Azərbaycan 240 ölkə arasında 93-cü yerdə qərarlaşır (https://www.scimagojr.com/countryrank.php). Sözügedən təsisatın Azərbaycan üzrə göstəricilərinin daha təfsilatlı analizləri göstərir ki, ölkə elminin əsas yükü, başlıca olaraq fiziklərin, riyaziyyatçıların, kimyaçıların və digər təbiət elmləri sahəsində fəaliyyət göstərən alim və mütxəssislərin çiyinləri üzərindədir. Lakin istiqamətcə və sayca daha böyük tədqiqat qruplarını əhatə edən ictimai və himanitar sahə üzrə göstəricilərimiz heç də ürəkaçan deyil (https://www.scimagojr.com/countrysearch.php?country=AZ).

 Əsas elmmetrik bazalar

Məlumat üçün qeyd edək ki, hazırda, qlobal miqyasda, ölkələr üzrə akademik dissiplinlərin, o cümlədən elmi müəssisələrin, universitetlərin, həmçinin ayrı-ayrı mütəxəssislərin elmi fəaliyyətlərinin qiymətləndirilməsi mexanizmi, başlıca olaraq  “Scopus” və “Web of Sciences” bazlarına daxil olan nəşrlərə əsaslanır. Xatırlatmaq yerinə düşər ki, bunların bəzi azsaylı analoqlarını istisna etsək, dünyada müxtəlif məqsədlərlə, başlıca olaraq biznes xatirinə yaradılan bazaların sayı olduqca çoxdur.

 Azərbaycanda “Scopus”, “Web of Sciences” və eləcə də digər  bazlarla bağlı tələblər    

Azərbaycanda da elmmetrik göstəricilərin təhlili başlıca olaraq “Scopus” və “Web of Sciences” bazlarına daxil olunan nəşrlər nəzərə alınmaqla qiymətləndirilir. Belə ki, ölkənin əsas elm mərkəzi hesab edilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), eləcə də təhsillə paralel, elmi fəaliyyət göstərən ali təhsil müəssisələrinin illik hesabatlarında elmi tədqiqatların vəziyyətinin qiymətləndirilməsi məqsədilə hər iki baza üzrə nəşr olunmuş əsərlərin sayı və əvvəlki illərə nəzərən kəmiyyət trendləri müqayisəli nümayiş etdirilir. Bəzən sözügedən təşkilatlar elmi fəaliyyəti stimullaşdırmaq məqsədilə göstərilən bazalar üzrə məqalələr nəşr edən tədqiqatçılara əlavə pul mükafatı da verirlər. Təbii ki, bu da hər ötən il dünya üzrə elmi göstəricilərimizə müsbət təsir göstərir.

Lakin, sözügedən təşkilatlar xarici nəşr qismində, xüsusən “Rusiya Elmi Sitatgətirmə İndeksi” (РИНЦ) və digər bazalarda indeksləşən və yaxud, ümumiyyətlə indeksləşməyən jurnallarda çap edilən məqalələri xarici nəşrlər adı altında qeydə alırlar. Bundan başqa, belə məqalələrin çoxluğu tədqiqatçının ümumi nəşr göstəricinin, eləcə də uğurlu tədqiqatçı imicinin formalaşmasına xidmət edir.

Azərbayacanda, məsələn, elmlər doktoru elmi dərəcələnin və professor elmi adının verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən müvafiq elm sahəsindən asılı olaraq,  müəyyən sayda “Scopus” və “Web of Sciences” daxil olmaqla,  “Ulakbim”, “Philosopher's Index”, “ERIH PLUS”, “Copernicus” və s. kimi bazalara daxil olunan elmi nəşrlərin çapı tövsiyə edilir (http://aak.gov.az/jurnals_index/jurnals_index.pdf).

Fəlsəfə doktoru və dosentliklə bağlı beynəlxalq bazalara daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki məqalənin dərci kimi AAK-nın irəli sürdüyü tələblərdə (http://aak.gov.az/ed_senedler/ed_asasname.pdf?fbclid=IwAR3cvN-Aq8plWSTXlRrYE2Yf7m6sc60KY5vqldNDLk5wD4BpsdVj4NAwwaM) konkret hansı bazadan söhbət getdiyini aydınlaşdırmaq olmur ki, bu halda iddiaçıların çoxu “РИНЦ” başda olmaqla, digər bazalarda məqalələr nəşr etməyə can atırlar.

 “Zibil jurnallar” anlayışı və onların məqsədi

“Zibil jurnallar” və yaxud “Yırtıcı jurnallar” kateqoriyasına daxil olan nəşrlərin tək məqsədləri biznes maraqlarından irəli gəlir. Dövri nəşr fəaliyyəti göstərən belə jurnallar multidissiplinar xarakter daşımaqla bərabər, ümumi istifadəyə açıq olmaqla, demək olar ki, heç peşəkar redaksiya xidməti göstərmirlər (https://en.wikipedia.org/wiki/Predatory_publishing). Mütəxəssislərin rəyi olmadan, eləcə də heç bir halda müəlliflər tərəfindən təqdim edilən məqalələrin elmi ekspertizasını həyata keçirmədən, təxminən 30 manatdan başlayaraq bəzən 1000 manatı aşan pul müqabilində, müəllif üçün çox asan başa gələn şəraitdə və qısa müddətdə məqalələri çap edirlər.

 Belə jurnallar, hər hansı yolla olsun, çox nadir hallarda  “Scopus”, “Web of Sciences” və əksər hallarda isə “РИНЦ”, “CrossRef”, “Copernicus”, “Google Schoolar”, “ResearchGate” və digər bazalarda indeksləşməklə nəşr fəaliyyətini genişləndirirlər. Ona görə də belə jurnallara məxsus veb saytlarda müxtəlif çoxsaylı bazalara aid logotiplər yer alır ki, bu da müştəri cəlb etmək məqsədi daşıyır. Bəzən bir çox jurnallarda aldatmaq məqsədilə həmin bazaların sırasına “Clarivate Analytics (Thomson Reuters)” də daxil edilir ki, az məlumatlı müəlliflər belə yalana aldanırlar. Daxil olduğu bazanın nüfuzundan asılı olaraq, qiymətlər artır.

Bu tip jurnallarla bağlı, müəlliflər üçün daha bir cəlbedici məqam “impakt factor”la əlaqəlidir. Belə ki, jurnallarının reytinqcə qiymətləndirilməsi üçün “Scopus” impakt faktora ekvivalent hesab etdiyi “CiteCore” göstəricisinə əsaslanırlar. Lakin “Web of Sciences” öz elmi dərgilərinin impakt faktorunu “Journal Citation Reports” jurnalının məlumatları əsasında  müəyyənləşdirir. Bunlardan başqa, dünyada “SJIF”, “ISRA (India)”, “ESJI (Kazakhstan)” və s. kimi bazalar var ki, onlar jurnallar üçün qondarma impakt formalaşdırır. Bəzən həmin bazaların impakt faktoru “Scopus” və “Web of Sciences”dan fərqli olaraq daha yüksək rəqəmlərlə ifadə olunur. Qeyd olunan göstəricilər həqiqəti əks etdirməməklə bərabər, yalnız biznes maraqlarına xidmət edir.

Pul qazanmaq məqsədli xidmət göstərən “Zibil jurnallar” müştərilər tərəfindən göndərilən mahiyyəti, məğzi, xüsusən tədqiqatın profilinin jurnala aid olub-olmaması maraq kəsb etməyən, eləcə də dəfələrlə eyni tipli dərgilərdə çap edilən məqaləni olduğu kimi nəşr edirlər. Nəşr xidmətindən savayı, jurnalın çap versiyası və sertifikat üçün əlavə pul da tələb edirlər.

 “Zibil jurnallar” çap edən “məhşur” ölkələr

Rəsmi statistikaya görə, təkcə 2010-2014-cü illərdə dünya üzrə 8 minə yaxın redaksiya belə nəşr failiyyəti ilə zibil hesab edilən məqalələrin sayını 53 000-dən 420 000-ə qədər artırmışlar. Hazırda, bu rəqəmlər dayanmadan artmaqdadır.

 Ümumilikdə, belə jurnalları iki tipə bölmək olar. Birinci tipə ucuz qiymətə (30 - 500 manat) “РИНЦ”, “CrossRef”, “Copernicus”, “Google Scholar”, “ResearchGate” və digər bazalarda indeksləşən jurnallarda məqalə nəşr edənlər aiddir ki, onlar daha çox Hindistan və Rusiyada fəaliyyət göstərən “işbaz”ların əməyi nəticəsində ərsəyə gəlir. Bəzən bəzi Avropa ölkələrində, eləcə də hətta ABŞ-da məqalə çap etdirmək məsədilə tədqiqatçılara vaxtaşırı “e-mail”lər gəlir. Həmin “e-mail”lərin mənşəyi heç də təsdüflə əlaqələndirilməməlidir. Çünki qondarma redaksiyalar daim pullu jurnallarda məqalə çap etdirənləri internetdən axtarır və onlara mütəmadi eyniməqsədli təkliflə bağlı “e-mail”lər yollayırlar. Əslində çox vaxt Polşa, Avstriya və s. ölkələrə məxsus jurnallarda məqalə çap edən (bəzən hətta rus dilində) belə qondarma redaksiyaların hamısı elə Rusiyada fəaliyyət göstərirlər ki, həmin nəşrlərin qeyd olunan ölkələrlə heç bir əlaqəsi yoxdur.

Nisbətən baha məbləğə (300 - >1000 manat) “Scopus” və “Web of Sciences” bazalarında indeksləşən jurnallarda məqalələr nəşr edən redaksiyalar da artmaqdadır ki, onlar ikinci tipə daxil edilir. Belə jurnallar “Scopus”un ən zəif Q4 kateqoriyası üzrə, həmçinin “Web of Sciences”a məxsus ən aşağı sinif sitatgətirmə indeksi hesab edilən, eləcə də 2015-ci ildən yaradılan və impakt faktoru olmayan “Emerging Sources Citation Index”də ideksləşir. Təhlillər göstərir ki, bu tip jurnallar, əsasən Latın Amerikası ölkələrində, xüsusən Argentina, Meksika, Çilidə  və son zamanlar Türkiyədə nəşr edilir (https://trv-science.ru/2020/05/19/a-wos-i-nyne-tam/?fbclid=IwAR1GNOegegdW3hPr5HGlimY1ECJWgsBlYL7ONa4QVp1hOdUxQyHydJFm8Yc).

 “Zibil jurnallar”ın ifşası

 Belə jurnalların hədəfə alınması və ifşa edilməsi məsələsilə 2010-cu ildən etibarən, ciddi mübarizə aparılmağa başlandı. Xüsusilə, ədəbiyyatçı alim Jeffri Bel bu sahədə ciddi araşdırmalar aparmış və 2017-ci ilə qədər belə jurnalların siyahısını yeniləməklə geniş ictimaiyyətə tanıtdırıb (https://beallslist.net/). Hazırda, Rusiyada “Диссернет” adlı müstəqil və azad şəbəkə  birliyi fəaliyyət götərir ki, sıralarında çoxsaylı müxtəlif sahələri təmsil edən yerli və xarici alimlər, jurnalistlər və könüllülər iştirak edir. 2013-cü ildən fəaliyyət göstərən birliyin məqsədi 1990-cı ildən sonra Rusiyada müdafiə olunan fəlsəfə və elmlər doktorluğu ilə bağlı dissertasiyaların ictimai ekspertizasını keçirmək və nəticələrini ictimailəşdirməkdən ibarətdir. Müdafiə işlərinin aprobasiyası ilə əlaqədar sözügedən qurum rus tədqiqatçılar tərəfindən çap olunmuş elmi əsərləri, həmçinin jurnalları da diqqətdə saxlamaqla bərabər, hər bir “zibil jurnal” haqqında fərdi məlumatları, o cümlədən onların ciddi nöqsanlarını izahlı şəkildə özlərinə məxsus veb saytda yerləşdirirlər. İndiyədək, birlik tərəfindən Rusiyaya, ABŞ-a, Meksikaya, Çiliyə, Turkiyəyə və s. ölkələrə məxsus minlərlə jurnalların siyahısı ictimaiyyətə təqdim edilib. 

Təkcə 2017-ci ildə “РИНЦ”-ə məxsus indeksli jurnalların siyahısından 344 yerli və xarici jurnal “Zibil jurnallar”a aid olduğundan kənarlaşdırılıb. Həmin jurnalların sırasında “Scopus” və “Web of Sciences”a daxil edilmiş dərgilər də mövcuddur.  Siyahı ilə göstərilən linkə (http://www.sib-science.info/ru/ras/300-musornym-zhurnalam-ukazali-na-mest-19042017) keçid etməklə tanış olmaq mümkündür.

“Диссернет”in məlumatlarına görə, Rusiyada “Zibil jurnallar”a müracət edənlərin böyük əksəriyyəti huminatar və ictimai elm sahələri üzrə tədqiqat aparanlardır. Onlar “Scopus”un Q4 kateqoriyalı, həmçinin “Web of Sciences”ın “Emerging Sources Citation Index”li multidissiplinar xarakterli jurnallarında müəyyən məbləğdə ödəniş müqabilində məqalələri çap edirlər. Belə məqalələr, demək olar ki, müasir elmi yanaşmalarla uzlaşmır, elmi ictimaiyyət üçün elmi nöqteyi-nəzərdən maraq doğurmur. Türkiyə və Latın Amerikasında qeydiyyatdan keçən belə jurnallar müştərilərinin məqalələrinin heç elmi ekpertizasını belə təşkil etməməklə bərabər, ən qısa vaxtda onları satylarına yerləşdirirlər. Təqdim olunmuş linkdə (https://trv-science.ru/2020/05/19/a-wos-i-nyne-tam/?fbclid=IwAR1GNOegegdW3hPr5HGlimY1ECJWgsBlYL7ONa4QVp1hOdUxQyHydJFm8Yc) sözügedən jurnalların adları və onlar haqqında təfsilatlı təhlillərin nəticələri təqdim edilir.

Bəli, təhlillərimiz göstərir ki, doğurdan da yalnız pul qazanmaq haqqında düşünən jurnalların ən yağlı müştəriləri MDB ölkələrinin, o cümlədən Azərbaycanın humanitar və ictimai elmlər istiqamətində “elmi araşdırmalar” aparan tədqiqatçıların olduğu həqiqəti heç də uydurma deyil. Əksərən belə jurnalların “Special Edition” adlı nömrələrində demək olar ki, yalnız bizə yad olmayan soyadlardan ibarət çoxsaylı tədqiqatçıların məqalələrini görə bilirik ki, bu da xaricdə nəşr edilən nüfuzlu jurnal baxımından qiymətləndirmə üçün heç də etik sayıla bilməz. Misal kimi “Web of Sciences”ə aid “Emerging Sources Citation Index”də və digər kommersiya məqsədli bazalarda indeksləşən Braziliyaya məxsus “Gênero & Direito” jurnalnın “Vol 9, No 03, (2020): Special Edition” sayına baxmaq kifayət edər (https://periodicos.ufpb.br/index.php/ged/issue/view/2491).

 Məlumat üçün qeyd edək ki, “Scopus” və “Web of Sciences” bazaya daxil edilən hər hansı jurnalın məqalələrilə bağlı plagiat, müəyyənləşdirilən standartlara uyğunsuzluq və s. bu kimi neqativ halları aşkarlayırsa, onda həmin jurnallarla əməkdaşlığı dərhal dayandırır və məqalələri sistemdən xaric edir. Bu da olduqca məntiqəuyğundur. Çünki belə neqativ hallara bilərəkdən yol verən jurnallarla əməkdaşlıq dünyanın nüfuzlu elmi bazalarının illərlə formalaşan imicinə xələl gətirir. Belə bazalar üçün dünya çapında formalaşan imic hər bir digər maraqlardan üstün sayılır.

 Azərbaycanda “Zibil jurnallar”a müraciətin məqsədi: qondarma elmi reputasiya, çarəsizlik və ya məlumatsızlıq?

Analitik təhlillər göstərir ki, “Zibil jurnallar”ın ən yağlı müştəriləri arasında azərbaycanlılar da azlıq təşkil etmir. Brazilyanın, Çilinin, Meksikanın, Rusiyanın, Avstriyanın, Türkiyənin və s. adından qeydiyyatdan keçən “yüksək impakt faktorlu” və yaxud ”Sopus” və “Web of Sciences” kimi mötəbər bazalarda ideksləşən jurnallarda vətəndaşlarımızın soyadlarını görmək nə qədər agrılı olsa da, onun səbəblərini axtarmaq daha məqsədəuyğun və ədalətli olar. Təhlillərimizə görə alim və mütəxəssislərimizi bu işə vadar edən üç əsas səbəb vardır.

Birinci səbəb qondarma elmi reputasiya formalaşdırmaq, ictimaiyyəti aldatmaqdan ibarətdir. Hazırda, xüsusən Rusiyada müxtəlif sahələri təmsil edən peşəkar alimlərdən təşkil olunmuş bəzi qruplar fəaliyyət göstərir ki, onlar ”Scopus” və “Web of Sciences” indeksli jurnallar üçün əməkdaşları tərəfindən yazılmış hazır məqalələrə şərikli müəlliflik hüququ təklif edirlər. Hətta belə qruplar tərəfindən həmin bazalarda müəllifin əvvəllər çap edilmiş məqalələrinə istinadların təşkili, reytinqin yüksəldilməsi kimi qeyri-ənənəvi xidmətlər də göstərilir (http://professional-journals.com/). Bütün belə təkliflərin əvəzində bir neçə 100 və hətta 1000 manatı aşan məbləğlər tələb olunur. Azərbaycanlı tədqiqatçılar tərəfindən belə təkliflərə müsbət cavab verənlər də az deyil. Analizlərimizdən varınan nəticələrə görə, bəzi tədqiqatçılarımız müxtəlif ölkələri (əsasən MDB) təmsil edən xarici həmkarları ilə sözügedən bazalarda həmmüəllif məqalələr çap edirlər. Lakin həmin əsərlərin mövzuları, xüsusən tədqiqat obyektləri tədqiqatçılarımızın araşdırdığı istiqamət və sahə ilə heç cür uzlaşmır. Bundan başqa, hər iki bazada belə tədqiatçılarımızın əsərlərinə olan bəzi istinadlar onların tədqiqat mövzularından və sahələrindən kəskin fərqlənir.

Tədqiqatçılarımızı “Zibil jurnallara” müraciət etməyə təhrik edən ən başlıca səbəb əlacsızlıqdan irəli gəlir. Bilidiyimiz kimi, xüsusən ”Scopus” və “Web of Sciences” indeksli ciddi nəşrlər tərəfindən məqalələrin hazırlanması və tərtibi ilə bağlı dəqiq standartlar vardır. Latın Amerikası ölkələrində, Türkiyədə və s. qeydiyyatdan keçən bəzi “Zibil jurnalları” istisna etsək, təsadüfi adamların həqiqi resenziyalı jurnallarda məqalə çap etdirməsi mümkünsüzdür desək, yanılmarıq.  Müasir elmi tendensiyalarla uyğunlaşmaqda çətinlik çəkənlər, mütərəqqi yanaşma və üsusulları qavraya və tətbiq edə bilməyənlər, ümumilikdə tədqiqat aparmaq bacarığı məqsədəmüvafiq hesab edilməyənlər elmi dərəcə və ad almaq məqsədilə AAK tərəfindən elmi dissertasiyaların aprobasiyası üçün tələb olunan indeksli dövri elmi nəşrlərdə əsərlər çap etdirməkdən ötrü “dəridən-qabıqdan” çıxırlar. Sirr deyil ki, dünyanın elm ictimaiyyəti belə jurnalların nəşr etdikləri əsərlərə etibar etməməklə bərabər, heç onları oxumurlar.

Üçüncu səbəb isə əksər tədqiqatçıların məlumatsızlığından irəli gəlir. Belə ki, elmi bazalar haqqında yetərli məlumatı olmayan gənclərimiz də çoxdur. Belə gənclərimiz tez müdafiə etmək məqsədilə daha asan yola baş vururlar ki, nəticədə işbazların qurbanına çevrilirlər. 

 “Zibil jurnallar”a mübarizədə nə eməli, problemin həlli mümkündürmü?

 “Диссернет”in hesabatına görə, təkcə Rusiyada bəhs edilən jurnalların nəşr fəaliyyətindən qazancı 50 milyon ABŞ dolları həcmindədir. Nəzərə alsaq ki, minlərcə tədqiqatçılarımızın məqalə nəşr etmək məqsədilə ən çox üz tutduğu ölkələr sırasında Rusiya liderlik edir, onda havaya sovrulan pullar haqqında bizdə müəyyən təəssüratlar formalaşır. Məsələnin acınacaqlı tərəfi ondan ibarətdir ki, elmlə məşğul olan vətəndaşlarımızın məvacibi olduqca yetərsizdir. Müdafiə etmək arzusu ilə aldığı az məvacibin müəyyən hissəsini jurnal alverçilərinə qurban verən tədqiqatçılarımızın çap etdirdikləri əsərlər Azərbaycan elminə heç nə vermir. Bilərəkdən və ya bilməyərəkdən belə jurnallarda məqalə çap edən müəlliflər ölkəmizin sərhədlərindən kənarda həm özləri, həm də təmsil olunduqları elmi müəssisənin bəlli imicinə zərbə vurmuş olurlar və nəticə etibarilə üst-üstə toplanan bu neqatif hallar sonda akademik elmi qurum kimi AMEA-nın və tədqiqatçı universitetlərin dünya reytinq siyahısında tutduğu mövqeyinin zəifləməsinə səbəb olur. Bir sözlə, belə yanaşma özünü aldatmaq, gərəkəsiz pul xərcləmək, elmimizi gözdən salmaqdan başqa bir anlam təşkil etmir.

Məsələnin həlli heç də mümkünsüz deyil. İndiki məqamda, bunun üçün ilk növbədə, indeksli jurnallar üzrə müəyyənləşdirilən tələbləri yenidən nəzərdən keçirmək lazımdır. Kommersiya məqsədilə yaradılan, “Zibil jurnallar”ın faydalı alətinə çevrilən qondarma indeksli, pul müqabilində məqalə çap etdirən jurnallardan birdəfəlik imtina etmək daha məqsədəmüvafiq olar. Ən azından РИНЦ” tərəfindən imtina edilən 344 yerli və xarici “Zibil jurnallar”da (http://www.sib-science.info/ru/ras/300-musornym-zhurnalam-ukazali-na-mest-19042017) yerli tədiqatçıların məqalə çap etdirməsini məhdudlaşdırmaq, eləcə də “Диссернет”in lazımsız və yırtıcı jurnallar haqqında iradlarını nəzərə almaq zəruridir. Lakin sonrakı dövrlərdə Azərbaycan da “Диссернет”in funksiyasını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərdən ibarət bir qurumun yaradılması da qaçılmaz zərurət daşıyır.

Gələcəkdə məqalə nəşr etmək arzusunda olan tədqiqatçılarımızın ayrı-ayrı regionlarda və ölkələrdə qeydiyyatdan keçən ən “Zibil jurnallar”ın siyahısı, eləcə də onların yarıtmaz redaksiya fəaliyyətləri ilə tanış olmasını vacib hesab edərək oxucularımızla bu linki paylaşırıq (https://biblio.dissernet.org/city/index). Məqalə çap etdirməzdən əvvəl ən azı bu linkdə göstərilən ölkələr üzrə jurnalları və onların nöqsanlarını araşdırmaq elmimizin ümumi reytinqi və şəxsi elmi fəaliyyətin istiqamətləndirilməsi baxımından faydalı olacaqdır.