Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-09 09:42:00
 “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsinin nəticələri açıqlanıb  

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) birinci “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

EİF-dən AzEdu.az-a bildirilib ki, müsabiqəyə qrant layihələr ötən il yanvarın 5-dən 28-dək daxil olub. Həmin müddətdə müsabiqəyə Azərbaycandan 138 layihə təqdim edilib. Müsabiqə qaydalarına və tələblərinə cavab verməyən dörd layihə texniki ekspertiza mərhələsindən keçməyib.

“Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsi çərçivəsində 69 fundamental-tətbiqi xarakterli və iki xüsusi qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalib gələn layihələrin sayı üzrə) kifayət qədər yüksək - 51.45 faiz təşkil edib. Fizika-riyaziyyat və texnika elmləri üzrə 21, kimya elmləri üzrə 11, Yer haqqında elmlər üzrə 9, biologiya, tibb və aqrar elmləri üzrə 11, humanitar və ictimai elmlər üzrə isə 17 layihə qalib elan olunub. Layihələrin maliyyələşdirilmə həcmi 25-95 min manatdır. Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 4 milyon 90 min manat təşkil edib.

Layihələrdən 70-nin icra müddəti bir il, birinin icra müddəti isə iki ildir. Layihələr akademik və ali təhsil müəssisəsindən olan iki rəhbərlə (əsas rəhbər və həmrəhbər) təmsil edilirlər. Müsabiqədə iştirak edən müvəqqəti yaradıcı kollektivin formalaşdırılmasında akademik və təhsil qurumlarında olan alimlərin sayında paritet gözlənilib. Rəhbər və həmrəhbərlərdən 109-u kişi, 31-i qadındır.

Layihələr Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika, Radiasiya Problemləri, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri, İnformasiya Texnologiyaları, Kataliz və Qeyri-üzvi Kimya, Neft-Kimya Prosesləri, Polimer Materialları, Geologiya və Geofizika, Coğrafiya, Neft və Qaz, Aşqarlar Kimyası, Molekulyar Biologiya və Biotexnologiyalar, Mikrobiologiya, Zoologiya, Genetik Ehtiyatlar, Torpaqşünaslıq və Aqrokimya, Memarlıq və İncəsənət, Folklor, Ədəbiyyat, Qafqazşünaslıq, Dilçilik, Şərqşünaslıq, Fəlsəfə, Tarix, Hüquq və İnsan Haqları, İqtisadiyyat institutları, işlər idarəsinin 1 və 3 nömrəli laboratoriyaları, Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyində həyata keçiriləcək. Həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Hərbi Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “ADA” Universiteti , Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Turizm və Menecment Universitetində, Azərbaycan Dillər Universiteti, Lənkəran Dövlət Universiteti, Səhiyyə Nazirliyinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda və Əqli Mülkiyyət Agentliyində reallaşdırılacaq.