Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 15:18:30
Magistraturaya plan yerlərinin artırılması keyfiyyətə heç bir təsir göstərmir - EKSPERTDƏN İRAD

“Hər il magistr pilləsi üzrə plan yerlərinin artırılmasının məqsədi bakalavrların xarici ölkələrə üz tutmasının qarşısını almaqdır. Amma artırılan plan yerləri tam şəkildə doldurulmur. Kəmiyyətin artması hesabına keyfiyyətin artması mümkün deyil”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O, magistratura pilləsi üzrə ayrılan plan yerlərinin keçmiş statistikasını  nəzərə çatdırıb:

“İlk növbədə qeyd edim ki, ali məktəblərin magistratura pilləsinə sənəd verənlərin sayındakı azalmalara baxmayaraq, hər il plan yerləri artırılır. Əgər 2016-cı ilə qədər magistr pilləsinə qəbul olmaq üçün sənəd verənlərin sayı 25 min, plan yeri 5 min idisə, cari ildə bu pilləyə qəbul olmaq üçün sənəd verənlərin sayı 12 min nəfərə qədər azaldı, plan yerlərinin sayı isə 9 minə qədər artırıldı. Düzdür, 2013-cü ildə prezidentin imzaladığı "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin əlçatan olması göstərilib. Bu gün Azərbaycanda ali təhsilli insanlar ümumi ölkə əhalisinin cəmi 17 faizini təşkil edir. Hər 1000 nəfərdən cəmi 126-sı ali təhsillidir. Bu göstərici dünya standartlarından aşağıdır. Əsas problem isə keyfiyyətli ali təhsil verə bilməkdir”.

Onun sözlərinə görə bütün bunlar hansısa bir inkişaf və ya fəaliyət nəticəsində baş verməyib:

“Hesab edirəm ki, hər il magistr pilləsi üzrə plan yerlərinin artırılmasının məqsədi bakalavrların xarici ölkələrə üz tutmasının qarşısını almaqdır. Amma artırılan plan yerləri tam şəkildə doldurulmur. Düşünürəm ki, plan yerinin artırılması yeni ixtisasların ortaya çıxmasını da şərtləndirir. Əslində, universitetlərin müvafiq ixtisasları qəbul etmək, tədrisi aparmaq imkanı varsa, bu yaxşı haldır. Tələbələrin sayının artması, universitetlərin özünü maliyyələşdirməsi üçün də müsbət haldır. Amma birmənalı şəkildə deyim ki, magistraturaya qəbul olanların sayının əvvəlki illə müqayisədə 36 % artması təhsildə hansısa bir inkişaf və ya fəaliyət nəticəsində baş verməyib. Bu yalnız plan yerlərinin artırılması hesabına ortaya çıxmış statistik göstəricidir”.

O, magistratura pilləsi üzrəayrılan  plan yerlərinin artırılmasının gəncləri elmə cəlb etmək üçün hansısa rol oynayacağını düşünmədiyini bildirib:

“Bu say artımı ancaq kəmiyyət artımıdır. Kəmiyyətin artması heabına keyfiyyətin artması mümkün deyil. Başda təhsil nazirliyi olmaqla, heçbir mərkəz  gənclərin elmə, təhsilə gəlməsinə stimul vermir. Magistr pilləsinə plan yerləri artırılsa da, Təhsil nazirliyi sonradan onların elmi tədqiqat işlərinin müdafiəsinə kömək etmir. Azərbaycanda 1 nəfər də olsun 30 yaşından aşağı elmlər doktoru yoxdur. Gənclər elmə ona görə gəlmirlər ki, onlara verilən əmək haqqı azdır, bundan başqa AMEA -da və digər elmi tədqiqat mərkəzlərində, institutlarda gəclərə şərait yaradılmır, onların müdafiəsinə ciddi şəkildə mane olurlar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları