Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-03 17:48:00
İdeyası ilə çempion olan UNEC tələbəsi - "Görmə əngəlli nənəmlə yaşayırdım və..."

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Birləşmiş Krallığın dəstəyilə “British Council” tərəfindən keçirilən “Creative Spark” müsabiqəsində ölkə çempionu olub.

 

AzEdu.az xəbər  verir ki, onlayn keçirilən yarışda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “Biznesin idarəolunması” ixtisası üzrə 3-cü kurs tələbəsi Məhəmməd Kekalovun “Kekalove adaptive fashion” biznes ideyası həm ölkə (Country champion), həm də “Sosial təsir” kateqoriyası üzrə qalib olub.

 

“Kiçik yaşlarımdan əngəlli şəxslərin hansı problemlərlə qarşılaşdığını, həyat tərzinin necə formalaşdığına bələd olmuşam”

 

AzEdu.az qalib tələbənin təəssüratlarını təqdim edir:

 

“Bu ideya beynimdə çoxdan formalaşıb. 2019-cu ilin aprelində isə dostlarımla birlikdə həmin idea üzərində işləməyə başladım. Nənəm görmə əngəllidir və mən uşaqlıqdan onunla birlikdə yaşamışam.Kiçik yaşlarımdan əngəlli şəxslərin hansı problemlərlə qarşılaşdığını, həyat tərzinin necə formalaşdığına bələd olmuşam. Əngəlli insanlara qulluq, diqqət birlikdə yaşadıqları qohumların həyat tərzlərinə çevrilir.

 

Məhəmməd ideyanı təkmilləşdirmək üçün xeyli əngəlli insanlarla ünsiyyətdə olduğunu və geyimlərin dizaynına bu cür başladığını bildirdi:

 

“Bir il 12-ci sinifi Amerikada təhsil aldım. Eyni zamanda orada da əngəlli şəxslər çox idi. Onlarla da ünsiyyətdə olurdum, beləliklə də daha çox məlumat toplayırdım. Müşahidə etdim ki, əngəlli şəxslər paltar geyinəndə müəyyən problemlərlə qarşılaşırlar. Əngəlli şəxslər üçün paltarların dizaynı üzərində dostlarımla birgə çalışmağa başladıq. Bu geyimlər hazırlanmadan öncə əlil maşınında əyləşənlərlə söhbət edirik”.

 

Qaliblər elan olunsa da, “Creative Spark” proqramı tam yekunlaşmayıb.

 

“İdeyama görə bu nəticəni əldə edəcəyimi gözləmirdim. Videonu tək çəkdim və özümü hazırladım ki, ola bilər ki, ideyam qalib gəlməsin. Buna baxmayaraq, qalib gəlməyi çox arzu edirdim. Nəticəmə görə hədsiz sevindim. Qaliblər elan olunsa da, “Creative Spark” proqramı tam yekunlaşmayıb. Sentyabr ayında ideyaları necə təkmilləşdirmək olar mövzusunda onlayn təlimlər olacaq. Bundan sonra isə start up-la məşğul olmaq üçün proqram mənə mentor ayıracaq. Növbəti mərhələ üçün bu şəkildə hazırlaşacam”.

 

Məhəmməd Kekalov ideyasının formalaşmasında təsiri olan vacib amilləri də açıqladı:

 

“Birinci kursda oxuyanda getdiyim Harvard Biznes məktəbindəki  təlimin ideyamın inkişafında böyük rolu oldu. məhz bu ideyanı orada təkmilləşdirdim və o müəllimlərlə birlikdə ilkin biznes modelini hazırladım. Həmçinin İqtisad Universitetində keçirilən dərslərin də ideyamın təkmilləşməsində çox köməyi oldu”.

 

Hazırda UNEC-in tələbəsi olan Məhəmməd magistratura təhsili üçün 1 ildən sonra müraciətlərə başlayacaq:

 

“Magistratura təhsilinin də mütləq olduğunu düşünürəm və sahibkarlıq, sosial-sahibkarlıq, innovasiya istiqamətləri üzrə təhsil almaq istəyirəm. Magistr təhsili üçün xarici ölkə universitetini seçəcəyəm. Necə ki, Harvard Bines məktəbində öyrəndiklərimi Azərbaycanda tətbiq etdim, eyni ilə master təhsilimi də xaricdə oxuyub ölkəmizə fayda verməyi və “Kekalove adaptive fashion” ideyasını inkişaf etdirməyi düşünürəm. 1 ildən sonra müəyyən universitetlərə müraciət etməyə başlayacağam”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları