Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 13:26:00
Müəllimlərin işə qəbul imthanları kimə asandır, kimə çətin… - SORĞU

Müəllimlərin işə qəbulu ( MİQ ) qaydalarına əsasən, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış və ekvivalentliyi müəyyən edilmiş Azərbaycan vətəndaşı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər iştirak edə bilər. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Bu il müsabiqəyə ayrılan vakant yerlərin syaı hələ ki məlum deyil.

Bəs imtahan iştirakçıları MİQ imtahanlarının təşkilini necə qiymətləndirirlər?

Mövzu ilə bağlı AzEdu.az gənc müəllimlər arasında sorğu keçirib:

Aysel Səfərzadə: “Bu il MİQ imtahanı ilə bal toplayıb qəbul oldum. İxtisasım üzrə müvafiq yerlər var idi. Əvvəlki illərə nisbətən vakant yerlər daha çox idi. Amma düşünürəm ki, yenə də kifayət qədər deyildi. Sualları və imtahana ayrılan vaxtı normal qiymətləndirirəm. Ancaq riyaziyyat üçün düşünürəm ki, azdır.

Gənc müəllim kimi MİQ imtahanlarının daha yaxşı təşkil olunması üçün təklif edərdim ki, ayrılan vakansiyaların hamısı müraciətçilər üçün göstərilsin”.

Gülnar Mehdizadə: “Mən MİQ imtahanı verəndə açığı belə sadə olacağını düşünməmişdim. Sadəlik deyəndə ixtisas suallarını nəzərdə tuturam. İmtahanlar, fikrimcə, yaxşı təşkil olunur. Nəzarət olduqca güclü olur. Amma düşünürəm ki, imtahanda kurrikulum üzrə düşən suallar məntiqi olmasa daha düzgün olar. Belə olan halda imtahanların təşkilini hətta mükəmməl hesab etmək mümkündür”.

Anar İbadov: “Keçən ilki MİQ imtahanında iştirak etmişəm. Ancaq qəbul oluna bilməmişəm. Bu il yenidən imtahan verəcəm. Təcrübəmdən deyə bilərəm ki, suallar çətin olur, amma müəmmalı və ya səhv suallara rast gəlməmişəm. Kurrikulum üzrə düşən suallar isə dəqiq olmur, yəni nəsə çətinlik yaradır. Təklif edərdim ki,kurrikuluma düşəcək suallar barədə müəllimlərə proqram verilsin. Müəllim də kurrikulum istiqamətində necə suallar olacağı barədə məlumatlı olsun”.

İradə Hüseynova: “Müddətsiz əmək müqaviləsi ilə işləmək üçün imtahan vermişdim. İmtahandan uğurlu keçsəm də, müsahibə mərhələsindən keçə bilmədim. Bu il yenidən iştirak edəcəm. Mən bir sual üzərində çox fikirləşirəm. Buna görə də, düşünürəm ki, ayrılan vaxt azdır. Çünki cavabları az bir müddətə yaxşı cavablaya bilməyən müəllimi imtahandan kəsmək doğru deyil. Mən imtahandan keçsəm də, vaxt azlığı ucubatından istədiyim nəticəni toplaya bilməmişdim”.

Jalə Hüseynova: “Mən MİQ imtahanından uğurla keçmişəm. Lakin düşünürəm ki, seçim üçün ayrılan vacant yerlər çox azdır. Bildiyim qədərilə bu il seçim şansı daha azalıb. Gənc müəllim kimi təklifim və istəyim yalnız seçim üçün vacant yerlərin sayının artıırlmasıdır. Qalan hər şey – imtahanın təşkili, nəzarət və suallar mükəmməldir”.

Kamran Məmmədov: “Vakant yer imtahan verənlərin sayına görə cox az olur. Azərbaycan dili və ədəbiyyatı üzrə keçən il bir yer üçün 100 və daha çox müəllimin mübarizə apardığının şahidi olmuşam. İmtahana ayrılan vaxt 1.5 saatdır. Məncə, 2 saat olsa lap yaxşı olar. Çünki kurrikulum üzrə salınan sualları cavablamağa çox vaxt gedir.  Amma ayrılan bu qədər vaxtla kifayətlənənlər də olur”.