Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-31 13:01:00
Rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir

 

İyul ayının əvvəlindən etibarən “Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində müəllim və şagirdlər üçün hər həftə rəqəmsal bacarıqların inkişafı üzrə interaktiv vebinarlar təşkil olunur.  

Təhsil Nazirliyi və beynəlxalq “Alqoritmika” şirkəti ilə birgə “Virtual məktəbdə” təşkil olunan vebinarların məqsədi iştirakçıların İT bacarıqlarını inkişaf etdirmək, eyni zamanda şagirdlərin asudə vaxtlarını səmərəli şəkildə keçirmələrinə nail olmaqdır.

Vebinarlar barədə daha ətraflı məlumat əldə etmək məqsədilə həm təşkilatçılar, həm də iştirakçılar ilə ünsiyyətdə olduq.

“Rəqəmsal Bacarıqlar” layihəsinin rəhbəri Nilüfər Rəhimovanın sözlərinə əsasən bu günə qədər ümumilikdə 5216 iştirakçının qatıldığı 5 vebinar keçirilib:  “Qeyd edək ki, bu təşəbbüsün əsas üstünlüklərindən biri,  keçiriləcək vebinarlar haqqında qabaqcadan sosial media səhifələrində elan yerləşdirilməsidir. Beləliklə, maraqlı olan hər kəs bu vebinarlarda iştirak edə bilir. Qeyd olunmuş tarixdə və vaxtda təqdim olunan linkə keçid edərək, onlayn vebinarlarda iştirak etmək mümkündür. Bu vebinarlar məktəblilər üçün maraqlı və interaktiv dərslərin təşkili baxımından çox vacibdir. Buna görə də onları yalnız "İnformatika" müəllimləri deyil, digər fənlərin müəllimləri də izləyir. Belə ki, vebinarlarda əldə olunan bilikləri, təkcə bir fənn üzrə deyil, müxtəlif fənlərin tədrisində tətbiq etmək mümkündür.

Nilüfər xanımın dediyinə görə, şagirdlərin vebinarlara göstərdikləri maraq və aktivlik ürəkaçandır. Mövzular bütün yaş qrupunda olan məktəblilər üçün nəzərdə tutulub.  Belə hesab edirik ki, indiki dövrdə hər kəs İKT-nin əsaslarını bilməlidir. İnformasiya texnologiyaları həyatımızın ayrılmaz hissəsidir və bu bacarıqları erkən yaşlardan başlayaraq şagirdlərə aşılamaq borcumuzdur. Bu cür vebinarların, məhz tətil günlərində keçirilməsi isə məktəblilərə biliklərini artırmağa, onların asudə vaxtlarını səmərəli və dəyərli keçirmələrinə imkan verəcəkdir."

Növbəti həmsöhbətimiz, vebinarlardan birinin iştirakçısı, Bakı Avropa Liseyinin “İnformatika” müəllimi Şəfəq Ələkbərovadır. O da təsdiq edir ki, istənilən fənn üzrə müəllimlərin bu vebinarlarda iştirakı vacibdir: “Bu layihənin təşəbbüsünü uğurlu hesab edirəm, çünki mövcud pandemiya şəraitində müasir dövrə uyğun bilik və bacarıqların artırılması çox faydalıdır. Bütün vebinarlar müəyyən bir mövzunu əhatə edir və elanlar əvvəlcədən layihənin sosial media səhifələrində yerləşdirilir. Bu da o deməkdir ki, iştirak etmək istəyən hər kəs özünün xüsusi maraq göstərdiyi bir mövzunu seçə bilir."

Öz növbəsində 7 nömrəli məktəbin 5-ci sinif şagirdi Kənan Məmmədli də vebinarlarda böyük maraqla iştirak etdiyini bildirir: “Məktəbimizdə “Rəqəmsal Bacarıqlar” layihəsi yoxdur, buna görə də layihənin üzvü olmamağıma baxmayaraq, vebinarlarda pulsuz iştirak edə biləcəyimi öyrənəndə çox sevinmişdim. Mən bunu unikal bir fürsət hesab edirəm, çünki məktəbimizdə tədris olunmayan çox sayda faydalı məlumat əldə etdim. Buna görə də çox istərdim ki, bu layihə bizim məktəbdə də təşkil olunsun. Çünki gələcək məhz informasiya texnologiyaları ilə bağlıdır. Hansı peşəni seçsəm də, əldə etdiyim İKT bacarıqları mənə hər zaman lazım olacaq. Buna görə də bütün sinif yoldaşlarım və dostlarıma tövsiyə edirəm ki, vebinarlarda mütləq iştirak etsinlər."