Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 11:33:06
Deputat-rektor: “Bağçalar mütləq Təhsil Nazirliyinə qaytarılmalıdır” - MÜSAHİBƏ

Eldar Quliyev: “Mən Ceyhun Bayramovun təklifini dəstəkləyirəm”

AzEdu.az Azərbaycan Kooperasiya İnstitutunun rektoru, professor, millət vəkili Eldar Quliyevlə müsahibəni təqdim edir:

-Eldar müəllim, əvvəlcə, təhsil qanunvericiliyi  barəsində danışaq. Qəbul olunan təhsil qanunlarına daha nələr əlavə olunmalıdır?

-Milli Məclidə 2016-cı ildə Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu qəbul edildi. Bu, çərçivə qanunu idi.Ondan sonra bir neçə qanunlar da qəbul etdik:“Məktəbəqədər təhsil haqqında”, “Texniki peşə təhsili haqqında” qanunlar qəbul olundu.

Əsas çərçivə qanunundan sonra törəmə 4-5 qanun qəbul olunacaq.

Çərçivə qanununda təhsilə aid olan bütün müddəalar ümumi şəkildə öz əksini tapıb.Amma gələcəkdə orta ixtisas, ali təhsil haqqında qanun layihələri qəbul olunarsa, biz orada lazımı məsələləri daha geniş və ətraflı əks etdirəcəyik. Gələcəkdə qanunun işləməsi üçün sənədə bu istiqamətlərdəki müəyyən məsələlərin daxil olunması nəzərdə tutulub. Əsas odur ki, qanun işlək olsun və kağız üzərində qalmasın.

-Məktəbəqədər təhsildən danışdınız. Bağçalar bu gün icra orqanlarının tabeliyindədir. Onların Təhsil Nazirliyinin tabeliyinə verilməsinin nə kimi faydası olar?

-Düşünürəm ki, bağçalar Təhsil Nazirliyinin tərkibində olmalıdır. Doğrudur, icra hakimiyyəti də müəyyən məsələlərdə məsuliyyət daşıyıb, səlahiyyət sahibi ola bilər. Amma tabelik birbaşa Təhsil  Nazirliyinə olmalıdır. Azyaşlı uşaqlarla işləyəcək tərbiyəçi də vahid proqram əsasında öz işini görməlidir ki, məktəbə daha yetişkin şagirdi yollayabilsin. Bunların hamısının sistemli, proqram şəklində cərəyan etməsi üçün bağçaların Təhsil Nazirliyinə - vahid mərkəzə tabeliyi çox yaxşıdır. Bağçalarda azyaşlılarla  əyləncəli oyunlar oynaması, onların yatırılıması, yedizdirilməsi ilə yanaşı, təlim-tərbiyə və ibtidai tədris məsələləri  də vacibdir. Bu zaman artıq  oradan çıxıb məktəbə gedən uşaq müəllimin nə demək olduğunu daha yaxşı anlayacaq.

 Azərbaycanda təhsil məsələləri ilə məşğul olub onu idarə edən bir qurum var- Təhsil Nazirliyi. Uşaqların məktəbəqədər yaşa kimi hazırlanması da bir nömrəli məsələlərdən biridir. Valideyn uşağı bağçaya yeyib-içmək və oynamaq üçün göndərmir. Təbii, bunlar da olmalıdır. Amma bunlarla da bərabər, məktəbə də hazırlaşmalıdır. Elə adından da göründüyü  kimi məktəbəqədərki hazırlığı burada keçməlidir ki, əlifbanı, vurma cədvəlini və  başqa məsələləri  müəyyən səviyyədə öyrənsin. Bir mütəxəssis kimi, fikrimi bilmək istəyirsinizsə, deyirəm ki, bağçalar mütləq Təhsil Nazirliyinə verilməlidir.

 -Digər problemə keçək: yataqxana problemi bir institutun tədris keyfiyyətinə nə dərəcədə zərbə vurur?

 -Azərbaycandakı ali təhsil müəssisələrinin  bir nömrəli problemi yataqxa ilə bağlıdır. Bir çox dövlət və özəl universitetlər, o cümlədənbizim institutda da bu problem var. 1990-cı illərin əvvəllərində biz məcbur qalıb orada məcburi köçkünləriyerləşdirmişik. İnstitutumuzun şəhərin mərkəzində iki yataqxana binası olsa da, biz tələbələrimizin bu problemini həll edə bilmirik.Bu,  həm onlar üçün çətinlik yaradır –kirayə ev, yol problemi və s.- həm də bizim üçün  problemlər yaradır. Dərsdən sonrabiz bilmirik ki, tələbəmiz haradadır və o, nə işlə məşğul olur... Amma yataqxana sistemində komendant  və eləcə də dekan müavinləri bu məsələlərə rəhbərlik və nəzarət etməlidir. Demək, yataqxana sisteminin varlığı tələbələrə daha yaxşı nəzarət etməyə, onların dərslərdən yayınmamasına, kənar təsirlərə düşməməsinə şərait yaradır. Bizim iki yerdə - Ziya Bünyadov küçəsi 30  və Azadlıq prospektində yataqxana binamız var. Hər ikisində hazırda məcburi köçkünlər yaşayır. Amma bu günlərdə xoş xəbər aldıq: rəsmi distansiyalar Ziya Bünyadov küçəsi 30-dakı beşmərtəbəli yataqxana binamızın təmirinə, daha doğrusu, sökülüb yenidən tikilməsinə icazə verdi. Çünki bina qəzalı vəziyyətdədir.  İnşaat planı da hazırdı və  biz öz vəsaitimiz hesabına 5 mərtəbəli binanı 9 mərtəbə etmək və tələbələrin ixtiyarına vermək istəyirik. Amma hazırda orada məcburi köçkünlər yaşayırlar. Ölkə prezidentinin tapşırığına əsasən, onlar yaxın günlərdə yeni tikilmiş evlərlə təmin olunacaqlar.

-Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin kollegial fəaliyyəti təhsilə nə dərəcədə fayda verəcək? Halbuki, əvvəllər belə deyildi...

-Məncə, o məsələlər artıq aradan qaldırılıb. Çünki TQDK dəyişib, vahid Dövlət İmtahan Mərkəzinə çevrildi. Özü maliyyələşən Publik Hüquqi şəxs oldu. Həm də strategiya dəyişdi  və bu iki qurum arasında kollegial əlaqələr inkişaf etdi.

-Hansı universitetlərdəki  təhsil sistemini, bəyənirsiniz? Hansı ölkənin təhsil modelini bizdə tətbiq olunmasını istərdiniz?

-1648-ci ildə əsası qoyulmuş Harvard Universitetində hər il 21 min tələbə təhsil alır. ABŞ-ın 12 prezidenti oranı bitirib. Harvard dünya universitetlərinin reytinqində ilkin pillədə qərarlaşıb. Amma heç zaman keyfiyyəti maddiyata qurban verməyib. Məsələn, bu il 100 məzun buraxıbsa, deməli, elə 100 tələbə də qəbul edəcək. Orada demək olar, hər iki tələbəyə bir müəllim və texniki heyət düşür. Bu da sırf təhsilin keyfiyyəti ilə bağlıdır. Ona görə də dünyanın ən güclü məzunlarını bu gün Harvard buraxır.

Biz cənab Prezidentlə Seul Universitetində olmuşuq. Onların  həqiqətən də yüksək səviyyədə təhsil vermək üçün çox gözəl şəraitləri, kampusu var. 10-12 tədris korpusu, tədris korpusunun içərisində tələbə yataqxanaları, tələbələrin dincəlmək üçün əyləncə mərkəzləri, yaşıllığa bürünmüş bir neçə hektarlıq həyətyanı sahəsi var ki, oradan da çay axır. Tələbələr üçün hər cür şərait yaradılıb. Biz isə  cəmi 26 ildir ki, müstəqilik. Mən deməzdim ki, bizim tələbələr onların tələbələrindən zəifdir. Dünyagörüşü az ola bilər. Çünki biz 70 il sovetlərin tabeliyində olmuşuq. Xaricə çıxmaq imkanımız, dil öyrənmək imkanımız az idi.

-Yeni təhsil naziri Ceyhun Bayramov  beynəlxalq olimpiada qaliblərinin ali məktəblərə xüsusi güzəştlərlə qəbulu barəsində təklif irəli sürüb və Milli Məclisdə də müzakirə edilib. Siz bu təklifi necə dəyərləndirirsiz? Deputat həmkarlarınızdan biri bunun qəbul zamanı xaos yarada biləcəyini deyir...

-Ceyhun Bayramov düz deyir. Bəzi həmkarlarım  bunun əleyhinədir.Amma mən düşünürəm ki, şagird olimpiadada birinci olursa, biz onu niyə qiymətləndirməyək ki?! Belə uşaqların sayı hər il uzağı 20 nəfər olar da. Amma hər il minlərlə  uşaq imtahan verir. Həmin 20 nəfərə niyə güzəştlər etməyək?! Mən Ceyhun Bayramovun təklifini dəstəkləyirəm.  Bu stimuldur və uşaqlar çalışacaqlar ki, gələcəkdə onlar da olimpiadada  iştirak edərək, qalib olsunlar,  universitetləri imtahansız qazansınlar.

Final - Azərbaycan aliminin ilkin olaraq BMT-nin  kitabxanasına təqdim etdiyi kitab haqqında:

Eldar müəllimin Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada nəşr edilən “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabı qısa zamanda böyük uğurlar əldə etdi:

Bu kitabdan sonra professor Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü seçildi və kitabın Romada keçirilən təqdimatı maraqlı anlarla yadda qaldı. Kitab barəsində Eldar müəllim bunları deyir:

-Ərzaq təhlükəsizliyi həm də elmi yanaşma tələb edən bir məsələdir. Xüsusən, 2008-ci ildə dünyada baş qaldıran iqtisadi böhrandan sonra ərzaq təhlükəsizliyinin qlobal problem kimi aktuallaşması bu istiqamətdə elmi araşdırmaları, yəni, problemin həllinə elmi yanaşmanı zəruri edib. Bu baxımdan, mənim “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabındakı araşdırmalarım, ərzaq təhlükəsizliyinə dair tədqiqatlarım, problemə elmi yanaşmam, fikir və mülahizələrim beynəlxaql müstəvidə diqqəti cəlb etdi.

Mən kitabda ərzaq çatışmazlığının səbəbləri və problemlərdən çıxış yollarını elmi əsaslarla göstərmişəm. Kitabın ötən  ilin aprel ayında Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada ingilis dilində nəşr edilməsi də bu diqqətin nəticəsi idi. Kitaba tanınmış alimlər Herman Vari, Vladimir Timinski və Hayrettin İvginin rəy verməsi də buna bariz nümunədir. 
Kitab mənim bir neçə illik, o cümlədən ABŞ, Meksika, Kuba, Koreya Respublikası, Yaponiya, Almaniya, Qətər və digər ölkələrə səfərlərim zamanı apardığım araşdırmaların nəticəsi olaraq ərsəyə gəlib.  Təsadüfi deyil ki, kitabda qoyulan məsələlər BMT-nin diqqətini cəlb edib.

Ona görə dünyanın ən böyük kitabxanalarından olan BMT-nin Cenevrədəki kitabxanasının ekspertlər şurası tərəfindən kitabın bu kitabxanaya qəbul olunması barədə qərar qəbul olunub.  Təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, Azərbaycanın 26 illik müstəqillik tarixində məhz ilk azərbaycanlı olaraq mənim kitabım BMT-nin kitabxanasına qəbul olunub. Vatikanda Akademiyanın üzvü olmaq da asan məsələ deyil və alimlərimiz bu akademiyanı yüksək səviyyəli hesab edirlər.

Yeri gəlmişkən, BMT-nin Nyu Yorkdakı kitabxanası da artıq mənim “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər”kitabım üçün müraciət edib. Kitabın Romadakı təqdimatına gəlincə, çox yüksək səviyyəli təşkil olunmuşdu. Bir sıra tanınmış alimlər kitabla əlaqəli fikirlərini söylədilər. Və bu kitabın günün tələblərinə cavab verdiyini, oxucular üçün vacib olduğunu vurğuladılar. Qoyulan problemlərin qarşısını almaq üçün kitabda tövsiyələrin olduğunu qeyd etdilər.