Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-29 15:56:00
Pandemiya dövründə jurnalistika-Mətbuat katibləri mediamızı qiymətləndirdi

Milli mətbuatımızın yaranmasından 145 il ötür. Bu zaman kəsiyində mediamız olduqca çətin sınaqlar qarşısında qalıb. Yaşadığımız pandemiya şəraiti də buna bariz nümunədir.


AzEdu.az mətbuat katibləri arasında sorğu keçirərək jurnalistlərimizin bu çətin günlərdə mediada fəaliyyətlərini necə qiymətləndirdiklərini öyrənib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov sanitar-epidemioloji vəziyyətlə əlaqədar fəaliyyətlərini məsafədən təşkil etdiklərini qeyd edib.


“Koronavirus infeksiyası ilə bağlı ölkədə görülən müvafiq tədbirlər, tibbi-gigiyenik qaydalar məsafədən işləməyi tələb edir.


Məlum olduğu kimi, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə bu ilin mart ayının əvvəlindən təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldı və bununla bağlı bütün tədbirlər təxirə salındı. Məktəblərdə tədrisin dayandırılması haqqında müvafiq qərar qəbul olunan gündən qabaqlayıcı tədbirlər görülməyə başlandı. Təhsil müəssisələri də, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inzibati binası da dəfələrlə dezinfeksiya olundu.


İşdən və ya evdən aparılan müzakirə və məsləhətləşmələr onlayn qaydada təşkil olunur. Zərurət olduqda, rəhbərlik tərəfindən müvafiq müzakirələr videokonfranslar formasında həyata keçirilir.


Bu dövrdə ənənəvi fəaliyyətdə dəyişiklik olsa da, mətbuat xidməti olaraq media ilə əlaqələr öz axarı ilə davam etdi. Bu baxımdan elə bir çətinliyimiz yoxdur. Bu müddətdə sözün həqiqi mənasında fədakarlıq göstərərək çalışan media adamları ilə elektron vasitələrlə əlaqə saxlamaq indi daha da aktualdır. Öz operativliyini qoruyan, fəaliyyətinə peşəkar yanaşan bütün media təmsilçilərinə belə xüsusi vəziyyətdə təhsilə, müəllimlərə, məktəblilərə həssas münasibətlərinə və hərtərəfli məlumatlandırmaya görə dərin minnətdarlığımızı bildiririk.


İnanırıq ki, tezliklə Azərbaycanda koronavirus təhlükəsi aradan qalxacaq, bütün sahələrin, o cümlədən də medianın işi əvvəlki axarına qayıdacaq”.

 

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə Milli Mətbuat Günü münasibəti ilə bütün media nümayəndələrini təbrik etdiyini deyib.


“İctimaiyyətlə informasiya mübadiləsinin təmin edilməsində medianın əhəmiyyəti müzakirəyə ehtiyacı olmayan həqiqətdir. Bu baxımdan biz daim DİM-ilə media işçiləri arasında səmərəli əməkdaşlığın qurulmasına çalışırıq.


İctimaiyyət həmişə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna böyük maraq göstərib. Şadam ki, bu sahədə həyata keçirilən tədbirlər, yeniliklər KİV nümayəndələri tərəfindən diqqətdə saxlanılır və bu istiqamətdə maarifləndirmə işinin aparılmasında bizə əvəzsiz kömək göstərilir.


Hazırda COVID-19-la mübarizə şəraitində, bu mübarizənin ön xəttində dayanan jurnalistlərin fədakar əməyi xüsusilə qeyd olunmalıdır. Məsələn son bir aydır ki, Dövlət imtahan Mərkəzi tərəfindən pandemiya şəraitində imtahanlar keçirilir. Bu müddət ərzində 140 mindən artıq insan imtahan verib. Elə bir imtahan, elə bir tədbir olmayıb ki, jurnalistlər bizim yanımızda olmasın. Mən bu bayram günündə ayrıca hansısa qurumun və ya jurnalistin adını çəkmək istəməzdim. Çünki qəbul kampaniyanın gedişi müddətində həm televiziyada, həm yazılı mətbuatda, həm də internet portallarında jurnalist dostlarımız tərəfindən lazımi dəstəyi ala bilirik.


İndiki vəziyyətdə bizə dəstək olan mətbuat nümayəndələrini bir daha təbrik edirəm və peşə fəaliyyətlərində yeni uğurlar, ən əsası isə cansağlığı arzu edirəm”.


Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc  İsgəndərova pandemiya dövründə jurnalistlərimizin əzmlə vəzifə borclarını yerinə yetirdiklərini qeyd edib.


“Reytinq xətrinə qeyri-rəsmi, istinadsız xəbərlər yaymayan həmkarlarıma təşəkkür edirəm.
 

Pandemiya hələ bitməyib, davam edir. Bu dövrdə təhsil sahəsindən yazan jurnalistlərin fəaliyyətinə gəldikdə isə qeyd etməliyəm ki, onların işi göz önündədir. Təhsillə bağlı hər bir mövzuya operativ reaksiyaları təqdirəlayiqdir.
 

Mövcud vəziyyətdə Azərbaycan Texniki Universiteti (AzTU) ilə bağlı istənilən xəbər və ya hər hansı yenilik təhsil sahəsindən yazan jurnalistlərinin diqqətindən yayınmayıb. Kiminsə adını unudaram deyə konkret olaraq ad çəkmək istəmirəm, amma AzTU ilə əməkdaşlıq edən, fəaliyyətini obyektiv işıqlandıran jurnalistlərimizə minnətdaram. İstər pandemiya dövrü olsun, istər postpandemiya dövrü, fərq etməz.
 

Fürsətdən istifadə edib Milli Mətbuatın 145 illiyi münasibətilə jurnalistləri təbrik edirəm”.


Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva COVID-19 pandemiyasının bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir situasiya yaratdığını deyib.


“Müəllim-tələbə-tədris əlaqələrinin onlayn formatı Azərbaycan təhsili tarixində ilk dəfə 2019/2020-ci tədris ilinin yaz semestrinin və yay imtahan sessiyasının məsafədən baş tutmasına əsas verdi.
 

Medianın ekstremal vəziyyətlərdə, xüsusilə insanların sağlamlığına qlobal təhlükə mövcud olan şəraitdə fəaliyyəti həqiqətən ondan yüksək peşəkarlıq tələb edir. Bu dövrdə nəinki təhsildən, hətta digər sahələrdən yazan jurnalistlər də "əsgər" kimi ön cəbhədə vuruşdular. Ona görə təhsildən yazan jurnalistlərin də fəaliyyətini müsbət qiymətləndiriəm, onların ən böyük uğuru bu sahə ilə bağlı məlumatları dolğun və obyektiv çatdırılması oldu.
 

Karantin qaydalarına uyğun olaraq, onlayn əməkdaşlıq etməyə məcbur olsaq da, ünvanlanan suallara, qaldırılan məsələlərə tez bir zamanda, operativ reaksiya verməyə çalışdım. Həmkarlarımı Milli Mətbuat Günü münasibətilə təbrik edir, sülhün və sağlamlığın hökm sürdüyü bir dünyada əməkdaşlıq etmək diləyilə onlara yeni yaradıcılıq uğurları arzu edirəm”.

 

Azərbaycan Dövlət İqtisad  Universitetinin İcimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri  Elnarə Məmmədova pandemiya dövründə fəaliyyət göstərən jurnalistlərin əməyini yüksək qiymətləndirib.


“Bu mərhələdə təhsil sahəsi üzrə çalışan jurnalistlərin də əziyyəti danılmazdır. Pandemiya dövründə istər orta,istərsə də ali təhsil ilə bağlı böyük əksəriyyət bir sıra problemlərlə üzləşirdi. Ancaq bu kimi məsələlərin araşdırılıb həlli yollarının təqdim edilməsində, mütəmadi olaraq təhsil ilə bağlı ictimaiyyətin suallarının cavablandırılmasında, məlumatların çatdırılmasında jurnalistlərin xüsusi mövqeyi və əziyyəti danılmazdır. Bütün təhsil müəssisələrinin  bağlı olduğu bir zamanda onların mətbuat xidmətləri və məsul şəxsləri ilə daimi əlaqədə olub məlumat almağın özü də həmçinin çətin proses idi. Bu səbəblə onların əməyini yüksək qiymətləndirirəm”.

 

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zamirə Ədilova qeyd edib ki, pandemiya ümumilikdə dünyada tədrisin formatını dəyişib.


“Təhsil sistemində tədrisin fasiləsizliyinin təmin edilməsi üçün operativ olaraq alternativ mexanizmlər işə salındı və biz hazırda bunun uğurlu nəticələrini müşahidə edirik. Ölkə başçımızın birbaşa təşəbbüs və göstərişləri, Nazirlər Kabinetinin qərarları, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər sayəsində distant və onlayn tədris mexanizmi təkmilləşdirildi.
 

Bu mənada, jurnalistlərin də fəaliyyəti bu tendensiyaya adekvat oldu. Sevindirici haldır ki, jurnalistlər çevik kommunikasiya vasitələrindən istifadə edə və müasir tendensiyaları fəaliyyətlərində bacarıqla tətbiq edə bildilər. Təhsil sahəsində ixtisaslaşan jurnalistlər də, pandemiya dövründə istər təhsil verənlərin, istərsə də təhsil alanların operativ məlumatlandırılmasını, maarifləndirilməsini təmin etdilər.
 

Bəşəriyyət uzun illərdən sonra belə bir qorxunc sınaq qarşısındadır, əslində hamımız adət və təcrübə etmədiyimiz bir halı yaşayırıq. Buna baxmayaraq, jurnalistlərin belə çətin dönəmdə öz işlərinin öhdəsindən məharətlə gəlməsi olduqca müsbət haldır. Fürsətdən istifadə edib jurnalistləri Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm. Bütün sınaqlardan belə üzüağ və alnıaçıq çıxmağı arzu edirəm”.
 

Sonda onu da qeyd edək ki, hansı situasiyada çalışmasından aslı olmayaraq bütün media işçilərimizə uğurlar arzulayırıq.

 

Şükufə Süleymanlı

Ayşən Mustafayeva