Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-28 13:38:00
Bu şəxslər peşə təhsili müəssisələrinə  müsabiqəsiz qəbul olunurlar-RƏSMİ  

 

Peşə təhsili müəssisələrinə qəbul ümumi orta və ya tam orta təhsil haqqında attestat əsasında aparılır.

 

Dövlət peşə təhsili müəssisələrində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.

 

Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

 

 Peşə təhsili müəssisələrinə qəbul ixtisas və təhsil müəssisəsinin sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak ödənişsizdir.

 

Peşə təhsili müəssisələrinə qəbulun vaxtı və yeri hər il Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir və kütləvi informasiya vasitələrində yerləşdirilir.

 

Peşə təhsili müəssisələrinə qəbul Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

 

 AzEdu.az “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında qərara əsasən xəbər verir ki, əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilirlər.

 Cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə qəbul seçilmiş ixtisaslar üzrə məhkumların ərizələri və cəzaçəkmə müəssisəsinin göndərişləri əsasında peşə təhsili müəssisələrinin tərəfindən həyata keçirilir.

 Xüsusi peşə təhsili müəssisələrinə qəbul məhkəmənin qərarı əsasında yerli icra hakimiyyəti orqanlarının yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın göndərişlərinə müvafiq olaraq peşə təhsili müəssisələri tərəfindən həyata keçirilir.

 Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) peşə təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmirlər.

 Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə təhsili müəssisələrinə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əsasən həyata keçirilir.

 Sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili müəssisələrinə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili müəssisələrinə qəbulu Qaydası”na uyğun olaraq aparılır.

 

 Peşə təhsili müəssisəsinə ixtisas seçimi sənəd qəbulu zamanı həyata keçirilir.

 Ərizəçilər sərbəst seçim əsasında müvafiq peşə təhsili səviyyəsini, peşə təhsili müəssisələrini və ixtisasları müəyyən edir və istədikləri ardıcıllıqla seçirlər. Peşə təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd vermiş şəxslər maksimum 5 (beş) ixtisas seçmək hüququna malikdirlər.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları