Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-26 15:49:00
Təhsil elmsiz, elm təhsilsiz ola bilməz deyə-deyə... -Sədr müavinindən deputata dəstək

Artıq dərk olunan bir həqiqətdir ki, təhsil elmsiz, elm təhsilsiz ola bilməz. Pedaqoji fikir və elmi təfəkkürün tarixi inkişafına nəzər saldıqda bu iki sosial prosesin vahid elmi-ictimai xarakter daşıdığını müşahidə edirik. Uzun illik elmi-pedaqoji fəaliyyətim və təhsilin müxtəlif idarəetmə strukturlarında çalışdığım müddətdə qazandığım çoxillik təcrübə də belə bir qənaətə gəlməyimə əsas verir. Artıq o da etiraf olunur ki, ənənəvi olan maksimum elmi bilik fəlsəfəsindən optimal biliyə prinsipini əsas tutmaq vaxtı çatıb. Praktiki elmi biliklərin təhsil sistemində tədris edilməsinin axtarışında olmalıyıq. Bu gün təhsil sistemində fəaliyyət göstərən müəllim-pedaqoji heyətin tərkibinə baxdıqca, bugünkü səviyyə, gənclərin bu sahədəki iştirakı bizi qane edə bilməz. Bazar iqtisadiyyatana keçid şəraitində seçim heç də bir çox hallarda elmin xeyrinə olmayıb. Belə olan şəraitdə dəyərlərin, təhsil alanların və onların yerinə qərar verənlərin qərarlarının dəyişməsi müşahidə edilib və bunlar da təhsilin müxtəlif pillələrinə müəyyən mənada təsir edib. İstəsək də, istəməsək də elmlə təhsilin vəhdətinin vacibliyi zərurəti yaranıb. Təhsil elmsiz, elm təhsilsiz ola bilməz deyə-deyə təhsilimizin həm eninə, həm də dərininə inkişafında ortaq məxrəci doğrudanmı tapa bilməyəcəyik? Dünyada qəbul olunmuş xüsusi qiymətləndirmə meyarları var, bu meyarlara qarşılıq verməyimiz tələb olunur. Məsələn, elmi araşdırmalara geniş yer verilməsi, maddi-texniki bazanın və kadr potensialının fasiləsiz təminatı, dünyanın inkişaf tendensiyalarının nəzərə alınması, beynəlxalq forumlarda iştirak, ali təhsil müəssisələrinin kadrlarının beynəlxalq konfranslarda çıxışları, elm və təhsil çevrələrində nüfuz sahibi olması, beynəlxalq miqyasda təmsilçilik... Bu meyarlara yenə əlavə eləmək olar.

 

Təhsil vahid bir sistemdir və vahid mərkəzdən də idarə olunmalıdır. Əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Digər mühüm bir məqam isə təhsil sahəsində dövlət siyasətini həyata keçirən ali idarəedici orqan məhz Təhsil Nazirliyidir.

 

Təhsil Nazirliyinin səlahiyyətlərinin artırılması heç şübhəsiz ki, ilk növbədə idarəetmənin tənzimləmə və əlaqələndirmə funksiyalarının işlək hala gətirilməsininin tənzimlənməsi, təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Təhsil Nazirliyinə olan etimadın və təhsilimizin gələcəyinə olan inamın yüksəldilməsi, nəticələrə görə cavabdehliyın artırılması, təhsilin idarə olunmasında mobilliyin və çevikliyin təmin olunmasının şərtləndirilməsi, təhsildə varisliyin və fasiləsizliyin daha da gücləndirilməsi, "Dövlət Strategiyası”nda nəzərdə tutulmuş vəzifələrin daha səmərəli və vaxtında yerinə yetiriməsi zamanı qaşıya çıxa biləcək hər hansı bir maneə və əngəllərin operativ surətdə aradan qaldırılmasında mühüm rol oynaya bilər. .

 

 

Bu baxımdan Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyevin kifayət qədər əsaslandıraraq  irəli sürdüyü təklif barədə düşünməyinə dəyər. Çünki, təhsil və elmin vəhdətini gücləndirmək sahədə xeyli irəliləyiş də göz qabağındadır – olimpiada hərəkatı, ayrı-ayrı agentliklərin yaradılması, tədqiqatçılıq meyllərinin gücləndirilməsi, müxtəlif rasionallaşdırma və optimallaşdırma tədbirləri və s.

 

Bununla belə, belə bir keçid mexaniki şəkildə deyil, müəyyən hazırlıqlar, şərtlər və həllini gözləyən bir sıra məsələlərin nəzərə alınması, dünya təcrübəsinə bir daha nəzər salınması baxımından reallaşdırıla bilər. Elə olmasın ki, kurikulumun tətbiqi sahəsində tələskənliyə yol verməyimiz həticəsində əlavə problemlərlə üzləşməyimiz bir daha təkrar olunsun loru dildə desək qaş düzəldən yerdə vurub gözü çıxarmayaq...