Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-26 17:11:00
Mühəndislər quş kimi uça bilən robot düzəltdilər

Alimlər dünyada ilk dəfə qanadlı robot düzəldiblər. Bu robotlar quşlar və yarasalar kimi uçur, havada süzür və sərt manevr edə bilir. Tədqiqatın nəticələri “Science Robotics” jurnalında dərc edilib.

 

AzEdu.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Cənubi Avstraliyanın professoru Cavaan Çal deyib: “İrəli və geri uça bilən, fırlanan ornitopterlər mövcuddur. Lakin onlar quş kimi havada süzə bilməyiblər. Biz buna mane olan bütün problemləri həll etdik”.

 

Son illər konstruktorların və alimlərin yaratdıqları çoxsaylı robotlar müəyyən tapşırıqların öhdəsindən heç də pis gəlmir. Məsələn, “Boston Dynamics” şirkətinin mütəxəssisləri hepard kimi bərk qaçan dördayaqlı robot, kenquru kimi tullana bilən ikiayaqlı robot düzəldiblər.

 

Leonardo do Vinçinin dövründən bəri ixtiraçılar çalışıblar ki, quşlar və uçan həşəratlar, o cümlədən arılar, kəpənəklər və s. kimi miniatür maşınlar düzəltsinlər. İndiyədək heç kim bu işin öhdəsindən tam gələ bilməyib. Səbəbi onunla əlaqədardır ki, kütləsi kiçik olan canlının və ya onun robosurətinin uçması üçün ölçüyəgəlməz resurslar və səylər tələb olunur.

 

Cavaan Çal və onun həmkarları miniatür robosurətlərdə qanadların faydalı iş əmsalının aşağı olmasının bir neçə mexanizmini izah ediblər. Bunun nəticəsində Sinqapur və Avstraliyadan olan alimlər 26 qram ağırlığında qanadlı robot düzəldiblər. O, qaranquş və digər kiçik quşlar kimi uça bilər. Robot plastik membrandan olan dörd qanadlı quş formasındadır. Onların hərəkəti xüsusi motorla idarə olunur. Qanadlarla yanaşı, ona quyruq da qoşulub ki, bu da robota havada manevr etməyə, hərəkətin istiqamətini dəyişməyə, sürəti azaltmağa imkan yaradır.

 

Bu cür robotların müxtəlif iş aspektlərini təhlil edən Cavaan Çal və onun həmkarları müəyyən ediblər ki, enerjinin itməsi daha çox robotların motorundakı oxun bir tərəfdən digər tərəfə rəqs hərəkəti ilə bağlıdır. Alimlər podşipnik dəstini dəyişərək qanadları neylon ilgəkdən asıblar. Bu kiçik dəyişiklik uçuş aparatının faydalı iş əmsalını xeyli artırıb. Belə ki, aparat sadə uçuşa lazım olan enerjidən 40 faiz çox enerji hasil etməyə başlayıb. Ona görə də yeni robot təkcə düz xətt üzrə uçmur, həm də şaquli uçur və oturur, vaxtilə yalnız quşların havada bacardığı mürəkkəb manevrləri edə bilir.

 

Məqalə müəlliflərinin fikrincə, bu robot ən yaxşı propeller sistemlərindən təqribən 1,3 dəfə çox enerji sərf edir. Motorun oxşar quruluşunu nəzərə alan alimlər güman edirlər ki, onun konstruksiyasında analoji dəyişikliklər aparılması vintli təyyarələri yanacaq sərfi baxımından daha qənaətli edə bilər.

 

Sinqapur Texnoloji Universitetinin professoru Yaovey Çin deyib: “Biz hələ çox səy göstərməliyik. Adi qaranquş saatda 112 kilometr sürətlə uçur və uçuş zamanı bədənini döndərə bilir, qanad çala bilir. Ona görə də deyə bilərik ki, biz robotda quşun imkanlarının ondabir hissəsini əks etdirə bilmişik”.