Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-25 17:13:00
COVİD-19 təhsil jurnalistlərinə nə kimi problemlər yaşatdı?- TJB üzvlərinin gileyləri

 

 

AzEdu.az  Təhsil Jurnalistləri Birliyinin üzvləri  arasında sorğu keçirərək koronavirus dövründə onların  işlərini çətinləşdirən əsas səbəblər nə olduğunu öyrənib:

 

 

Azərbaycan müəllimi”  qəzetinin əməkdaşı Ruhiyyə Daşsalahlı yaranan vəziyyəti nikbinliklə qarşılayıb:

 

 

“Mən ancaq təhsildən yazıram və əminliklə deyə bilərəm  ki, axtardığım suala cavab tapmaq baxımından bu son 4 ayda olduğu qədər rahat dövr yaşamamışdım.

 

 

Bilmirəm ,bu, sadəcə  təhsil sahəsindəmi oldu? Amma hər halda onlayn rejim işimizi asanlşdırdı. Axtardığımız insanların görüşmək üçün vaxtının olmaması barədə bəhanələri əllərindən çıxdı.

 

 

Koronovirusun kölgəsində  qalan sahələr də oldu. Ancaq məncə təhsillə bağlı mövzular hər kəsi maraqlandırdığı üçün  jurnalist olaraq nə oxucu qıtlığı, nə də müsahib dirənişi ilə qarşılaşmadım”.

 

 

APA informasiya agentliyinin müxbiri Günay Elşadqızı koronavirusun ölkəmizdən təsirsiz ötüşmədiyini deyib:

 

 

“Pandemiya bütün sahələrə mənfi təsirini göstərib. Buna baxmayaraq, jurnalist olaraq biz hər zaman işimizin başında olmuşuq.

 

 

Bu təsir jurnalistika sahəsindən də yan keçmədi. Hamımızın işi demək olar ki, koronavirusla bağlı oldu. Tədbirlər təxirə salındı, planlar dəyişildi. Biz qaynar mühitdə işləməyə öyrəşmişik, daima davamlı tədbirlərdə oluruq. Ancaq bu proses mühüm tədbirlərin keçirilməməsinə səbəb oldu. Əsas işimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərində iştirak etmək, qərarları yazmaq, eyni zamanda çalışdığımız qurumlarda olan vacib məlumatları işıqlandırmaq, müsahibələri yazmaqdan ibarət oldu. Ümid edirəm ki, pandemiya tezliklə bitər”.

 

 

Ayna.az saytının əməkdaşı Aləmdə Nəsib pandemiyanın sosial həyatımızı məhdudlaşdırdığından söz açıb:

 

 

“Jurnalist insanlarla ünsiyyətdə olmalı və anında  hadisə yerində olmalıdır ki, yazıb-yaratmaq imkanı əldə etsin.

 

Eyni zamanda ictimai-sosial həyatda aktiv olmaq yaradıcı insanın üfüqünü genişləndirir. Bizim sahə də yaradıcıdır. Hiss etmədən, yaxından duymadan hansısa mövzunu işləmək çətin olur, işləsən belə, istədiyin kimi təsirli alınmaya bilər. Bu baxımdan təəssüf ki, pandemiya həm psixologiyamızda, həm də işimizdə böhran toxumları əkir. Adət etdiyimiz həyat tərzini dəyişmək, yeni  ilə yaşamağı qəbullanmaq və ona uyğunlaşmaq elə də asan olmur”.

 

 

Modern.az saytının əməkdaşı Namidə Bingöl pandemiyanın  bir çox sahələrdə çətinliklər yaratdığını deyib:

 

 

“Koronavirus pandemiyası ölkəmizdə yayılmağa başlayanda biz hələ onun tam detallarını anlaya bilmirdik. Bizi hansı süprizlərin gözlədiyini, nələr ola biləcəyini dərk etmirdik. Bunlar bizə o dövrlərdə müəmməlı idi. Lakin vəziyyət gərginləşəndə və  karantin rejimi elan olunduqdan sonra müəyyən çətinliklər yaranmağa başladı.

 

Əvvəllər müxtəlif tədbirlər keçirilirdi. Biz burada əl çatmayan insanları  görür və onlardan  informasiyalar alır, məlumatlar əldə edirdik. Amma karantin müddətində bunlar olmadı.

 

Eyni zamanda mən müsahibə və reportajlara daha çox üstünlük verdiyim üçün karantin müddətində bunu sıfıra endirmək məcburiyyəyində qaldım. Çünki qonaqların redaksiyaya dəvət olunması və ya bizim harasa getməyimiz düzgün olmazdı. Bu da müəyyən çətinliklər yaradırdı.

 

 

Jurnalistika elə bir sahədi ki, burada biz hadisələrin içində olmalıyıq. Amma karantin müddətində biz nə hadisələrin içinə gedə bildik, nə də insanlarla mütəmadi olaraq təmas yaratmaq imkanımız oldu. Bunların da olmaması jurnalist üçün bir qədər yaxşı hal deyil. Bu baxımdan karantin jurnalistikada müəyyən çətinliklər yaratdı”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları