Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-24 15:44:00
Cənub Qaz Dəhlizi haqqında tədqiqat kitabı ictimaiyyətə təqdim edildi  

                                      

Bu gün BP şirkəti SOCAR və ADA Universiteti ilə birlikdə bu il Xəzər regionundan Avropaya qaz nəql etməyə başlayacaq bir sıra boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin (CQD) əhəmiyyətindən bəhs edən tədqiqat kitabının təqdimatını keçirib. Bu boru kəməri ilk dəfə olaraq Xəzər regionundakı qaz yataqlarını birbaşa Avropadakı bazarlarla birləşdirəcək.

 

AzEdu.az xəbər verir ki, bu tədqiqat işləri və kitabın nəşri bp-nin qlobal enerji keçidi proseslərinə dəstək olmaq səyləri çərçivəsində bp Azərbaycan tərəfindən maliyyələşdirilib.

 

Kitab müxtəlif ölkələr, CQD ilə bağlı bazarlar və enerji layihələri haqqında dərin biliklərə malik on tanınmış yerli və beynəlxalq müəllifin yardımı ilə hazırlanmış on bir fəsildən ibarətdir. Kitab ingilis dilində yazılıb və CQD-nin başladığı və CQD-yə ilkin olaraq qaz təchiz edəcək ölkədə - Azərbaycanda yerli auditoriyanın bu kitabdan bəhrələnməsi üçün onun Azərbaycan dilinə tərcümə edilməsi planlaşdırılır.

 

Bu gün Bakıda kitabın ictimaiyyətə təqdim olunması münasibətilə keçirilən xüsusi tədbirdə çıxış edən bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “bp CQD-nin aid olduğu bu nəhəng qaz dəyəri zəncirinin bütün hissələrində iştirak edir. Ona görə də, təbii ki, biz CQD ilə bağlı vəziyyəti və şəraiti və eləcə də az karbonlu dünyada qazın gələcəyini araşdıran bu dəyərli tədqiqatı və təhlili dəstəkləmək qərarına gəldik. İnanıram ki, kitab bu nəhəng infrastrukturun bir neçə aydan sonra tam işə düşməyə hazırlaşdığı bir vaxtda CQD-nin əhəmiyyətini dərindən başa düşmək üçün dəyərli bir bələdçidir. CQD-nə aid  mövzular və bu böyük layihə ilə bağlı regionlar haqqında öz dərin biliklərini bölüşdüklərinə görə bütün müəlliflərə təşəkkür eddirəm.”

 

Kitabın redaktoru və on müəllifindən biri olan Gülmirə Rzayeva: “Bu kitab enerji keçidi erasında təbii qaz bazarlarında misli görünməmiş dəyişikliklərin baş verdiyi bir vaxta təsadüf etdi. Ümumiyyətlə təbii qaz və xüsusən də Cənub Qaz Dəhlizi kimi boru kəməri layihələri Avropanın təchizat təhlükəsizliyinə əhəmiyyətli dərəcədə töhfə verməklə bu keçid prosesində mühüm rol oynayır. Bu kitab təbii qaz bazarı və Cənub Qaz Dəhlizi sahəsində tanınmış mütəxəssislərin əhəmiyyətli töhfəsi sayəsində ərsəyə gəlib.

 

Kitabın redaktoru və müəlliflərindən biri olan professor Kostas Andriosopoulos: “Mühüm layihə olan Cənubi Qaz Dəhlizinə həsr edilmiş və Avropa İttifaqının öz iqtisadiyyatını karbonsuzlaşdırmağa və enerji təchizatının təhlükəsizliyini təmin etməyə çalışdığı bir dövrdə ideal keçid yanacağı kimi təbii qazın rolundan bəhs edən “Cənub Qaz Dəhlizi və onun Cənub-Şərqi Avropa üçün əhəmiyyəti | Yeni enerji keçidi erası” adlı nəşrin təqdimatında iştirak etməkdən məmnunluq duyuram.”

 

Layihənin ümumi dəyəri 25,000 ABŞ dollarından çoxdur.

Qeyd edək ki,  BP şirkəti Azərbaycanda təxminən 28 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin operatorluğunu təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək, bp öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə 76 milyard dollardan artıq sərmayə qoyub və on minlərlə iş yeri açmaqla və özünün geniş sosial sərmayə fəaliyyətlərini (yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, idman potensialı və ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlmiş) həyata keçirməklə yerli icmalara töhfələr verib.

 

 

Azərbaycanda bp şirkətində 2500 nəfərdən çox Azərbaycan vətəndaşı işləyir və bu da, şirkətin ixtisaslaşmış heyətinin 90 faizini təşkil edir.
 

Ötən 28 il ərzində bp və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

 

2019-cu ildə bp və tərəfdaşları Azərbaycanda öz sosial investisiya layihələrinə təxminən 4 milyon ABŞ dolları vəsait xərcləmişlər.

 

Ümumilikdə isə, fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə 87 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.