Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-07 12:48:05
Müəllimlərin yerdəyişməsinə görə vakant yerlər necə müəyyən olunur - TƏHLİL

Xəbər verdiyimiz kimi, artıq 4 iyundan etibarən 11 iyun tarixinə qədər müəllimlərin yerdəyişməsi müsabiqəsi üçün ərizə qəbulu davam edir. Müəllimlərin işə qəbulu (MİQ) və yerdəyişməsi zamanı vakant yerlər nəzərə alınaraq müəllimlərə təqdim olunur. Bu il, təxminən, 6 min vakant yerin təqdim olunduğu yerdəyişmə zamanı tutulacaq yerlər nəzərə alınaraq MİQ imtahanlarında yeni vakant yerlər təqdim olunacaq.

Müəllimlərin yerdəyişməsi nədir və yerdəyişmə üçün vacant yerlər necə müəyyənləşdirilir?

İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi üçün keçirilən mərkəzləşdirilmiş müsabiqədir. Bu müsabiqə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni  rayon  (şəhər) daxilində,  bir rayondan (şəhərdən) digər  rayona  (şəhərə)  yerdəyişməsi məqsədilə proqram  təminatı tətbiq olunmaqla Nazirlik tərəfindən həyata keçirilir.

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi qanunla tənzimlənir. Əvvəlcə müəllimlərarası dərs bölgüsü məsələsinə aydınlıq gətirilir.

Müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü necə müəyyənləşdirilir?

"Dövlət ümumi  təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında"  Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli Sərəncamı;

"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.07.2016-cı il tarixli qərarı;

"Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması haqqında" Azərbaycan Respublikası Təhsil  Nazirliyinin 07.10.2016-cı il tarixli əmri.

Qeyd olunan sənədlərlə müəllimlərin dərs bölgüsü və yerdəyişmə üçün vakant yerlər təsdiq edilmiş qaydalara uyğun olaraq müəssisə rəhbərliyi tərəfindən müəyyənləşdirilir.

Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır…

Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs  yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür.

Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur.  Bu mümkün olmadıqda isə həmin dərs saatları vakant kimi müsabiqəyə çıxarılması üçün təqdim edilir.

İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında bir sıra dərslərin I-IV siniflərdə məhz ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. Belə olan halda həmin dərs saatları vakant hesab olunur…

İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər.