Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-22 11:46:00
Mətbuat tariximizin ziya yolçuları - 145-ci mərhələ

XIX əsr Azərbaycan jurnalistikası

İyulun 22-də Azərbaycanda milli mətbuatın yaranmasının 145-ci ili tamam oldu. 1875-ci ilin 22 iyulunda dövrün mütərəqqi fikirli ziyalısı Həsən bəy Zərdabi böyük çətinliklər hesabına “Əkinçi” qəzetini çap etdirdi. Həmin tarix Azərbaycan mətbuat tarixinin yaranma günü kimi qeyd olunur. Azərbaycanın maarifçilik tarixinin ən parlaq çağları  bu dövrdən başlanır. XIX əsrin sonları Azərbaycan mətbuat tarixinin parlaq dövrü sayılan XX əsrin əvvəlləri (1900-1918-ci illər) üçün hazırlıq mərhələsi rolunu oynadı.

 

Həsən bəy Zərdabinin “Kimə göstərirəm görmür, deyirəm eşitmir, çağırıram gəlmir” şüarı dövrün bütün mənzərəsinin əksi idi. O, bu vəziyyətdən çıxış yolunu 1875-ci ildə “Əkinçi” qəzetini yaratmaqda görür. “Daşı damcının altına qoyanda o yarılmaz, amma illər keçdikcə, damcı o daşı dələr” deyərək, qəzetin bütün ideyasını bu cümlələrlə əks etdirən Zərdabi, “Əkinçi”ni cəmi iki il yaşada bildi. 56-cı nömrədən sonra bağlanan “Əkinçi”nin açdığı cığırda ilk olaraq “Ziya, “Kaspi”, “Tərcüman” qəzetləri, “Kəşkül” jurnalı irəlilədi. XIX əsrin sonları Azərbaycanda maarifçiliyin “qığılcım dövrü” hesab edilir. Adıçəkilən mətbu orqanlar da həmin qığılcımın yaşam forması idilər. Zərdabi ilə birlikdə Nəcəf bəy Vəzirov, Ünsizadə qardaşları, Əsgər ağa Gorani, Seyid Əzim Şirvani, İsmayıl bəy Qaspıralı, Firudin bəy Köçərli, Sultan Məcid Qənizadə, Əli bəy Hüseynzadənin sözləri ilə desək, “bu dövrün qırmızı qaranlıqları içində yaşıl işıqlar” idilər.

 

XX əsrin əvvəllərində mətbuat

 

XX əsrdə cərəyan edən intellektual inkişafın kökündə məhz XIX əsrin sonlarında yaşanan proseslər dayanırdı. Proseslərlə yanaşı, XIX əsrin ikinci yarısına damğa vuran bir çox şəxsiyyətlər də vardı ki, XX əsrin aydınları onların “şinel”indən çıxdılar. Mirzə Cəlil, Sabir, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Abdulla Şaiq, Məhəmməd ağa Şahtaxtinski Axundovun, Zərdabinin yolunu davam etdirdilər.

 

Bu mərhələnin ilk qəzeti olan “Şərqi-rus” Azərbaycan mətbuatı tarixinin qaranquşu hesab edilir. Bu dövrdə yaranan hər bir mətbu orqan mənəvi və intellekt baxımdan ac olan xalqı qidalandırmaq, təfəkkürünü zənginləşdirməklə məşğul idi. Həmin orqanların önündə gedən ilk dördlük “Molla Nəsrəddin”, “Füyuzat”  jurnalları, “Həyat” və “İrşad” qəzetləri idi. “Tazə həyat”, “Tərəqqi”, “Babayi əmir”, “Bakinski raboçi”, “İttifaq”, “Məktəb” və s. kimi qəzet-jurnallar dövrün intellektual, ictimai-siyasi mənzərəsinə işıq tuturdu.

Cəmi bir il işıq üzü görən və 32 nömrəsi çapdan çıxan “Füyuzat”, qısa müddətdə Azərbaycan ictimaiyyəti üçün xeyli işlər gördü. Əli bəy Hüseynzadənin qələmi ilk dəfə olaraq bəşəri ideyaları, fransız maarifçilik düşüncələrini Azərbaycan oxucusuna çatdırmağa yönəldi. Bu yolda ona Əhməd bəy Ağaoğlu, Səid Səlmasi, Məhəmməd Hadi, Abbas Səhhət, Hüseyn Cavid kimi ziyalılar kömək edirdilər.

 

“Molla Nəsrəddin”in ideologiyası isə daha konkret və real oldu. Mirzə Cəlilin “Sizi deyib gəlmişəm” adlı yazısı jurnalın proqram məqaləsi idi. Jurnal dövrün ən müasir inqilabi məsələləri ilə yanaşı Azərbaycan xalqının min illərdən bəri davam edən dərdlərini  də yazırdı. Bu dərdlər içərisində dini-fanatizm daha dəhşətlisi idi. Bu fikrini xalqa çatdırmaq üçün C.Məmmədquluzadə “Molla Nəsrəddin”in birinci nömrəsinin üz qabığında öz həmvətənlərini yatmış vəziyyətdə göstərən bir rəsm dərc etdirmişdi. “Molla Nəsrəddin”in tarixi mübarizəsinin böyüklüyü onda idi ki, onun XX əsr Azərbaycan həyatının eybəcərliklərinə qarşı çevrilmiş bu amansız qəzəb və nifrətinin arxasında Vətənə və xalqa böyük məhəbbət dolu bir ürək dayanmışdı.

 

Bu, Vətəni və xalqı hər cür ictimai rəzalətlərdən xilas etmək, onu müasir dünyanın qabaqcıl xalqları sırasına çıxarmaq arzusu ilə çırpınan ürək idi.

 

Cümhuriyyət dövrü jurnalistikası

 

Cümhuriyyət dövrü Azərbaycanında 60-a qədər mətbu orqan fəaliyyət göstərirdi. Onlardan 28-i – Azərbaycan, 20-si – rus, 12-si isə digər dillərdə çap olunurdu. Əsas üzdə olan mətbu orqanlar isə “İstiqlal”, “Bəsirət”, “Qurtuluş”, “Azərbaycan ” idi. Bundan əlavə, Müsavat Partiyasının “Müsavat” adlı qəzeti dərc olunurdu. ”İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı ilə çıxan bu mətbu orqanının ən fəal əməkdaşı Məhəmməd Əmin Rəsulzadə və Əhməd Həmdi idi. “Müsavat” qapandıqdan sonra onun yerinə “İstiqlal” qəzeti çap olundu. İlk sayı 1919-cu ildə çıxan qəzetin 2 ildə 51 sayı işıq üzü gördü.

Cümhuriyyət və ondan sonrakı mühacirət dövrü jurnalistikası isə “milli birlik və mənəvi dirilik” şüarı altında fəaliyyət göstərdi. Dövriliyindən, yanaşmasından asılı olmayaraq hər bir orqan məhz bu iki ideologiyanı əks etdirirdi.

 

Bu dövrdə Azərbaycanda çıxan dövri mətbuat orqanları, sözsüz ki, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olub. Ölkənin ictimai və siyasi xadimlərinin formalaşmasında, həm də onların siyasi fəaliyyətlərinin gerçəkləşdirilməsində mətbuatın misilsiz xidmətləri olub.  Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümummilli platformadan çıxış edən “Azərbaycan” qəzetinin Üzeyir bəy Hacıbəyli tərəfindən nəşr edilməsi ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı olduğunun ən bariz nümunəsidir.

 

Əslində, Cümhuriyyət dövrü mətbuatının fəaliyyəti Həsən bəy Zərdabi ideyalarının, “Əkinçi” prinsiplərinin həyata keçirilməsinin yeni və çox mühüm mərhələsi idi.

 

Sovet və müstəqillik dövrü jurnalistikası

 

Azərbaycan jurnalistikası sovet dövründə də basqılara baxmayaraq, öz ənənələrinə sadiq qalmağa çalışdı. Sovet rejiminin jurnalistikanın üzərinə qoyduğu bəzi ideoloji prinsiplərlə yanaşı, Azərbaycan ziyalıları yenə də mətbuatdan kürsü kimi yararlana bildilər. Bu proses Ümummili lider Heydər Əliyevin 1969-cu ildən, yəni, Azərbaycana rəhbərlik etdiyi vaxtdan başlayaraq daha da inkişaf etdi.  Ziyalı kəsim yenə mətbuat vasitəsilə xalqın yanında idi. “Şərq qadını”, “Sovet kəndi”, “Müəllim qəzeti”, “Kirpi” kimi mətbu orqanlar ictimai-sosial problemləri qabartmaqdan çəkinmirdilər.

 

H.Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən mətbuatla sıx təmas onun iş prinsipinin başlıca istiqamətlərindən biri olub. Bu, ondan irəli gəlirdi ki, Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi. Ona görə də 70-80-ci illərdə cəmiyyəti düşündürən, narahat edən bütün problemlər məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bu və ya digər formada mətbuata çıxarılırdı.

 

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra isə həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi.

1998-ci ilin avqust ayının 6-da Ümummilli lider Heydər Əliyevin imzaladığı xüsusi sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Ulu Öndərin 1998-ci ildə imzaladığı sərəncam tarixi bir qərar idi və bu qərar Azərbaycanın müstəqillik tarixinə, Azərbaycan mətbuatının müstəqilliyinə çox böyük töhfələr verdi. Senzuranın ləğvi əsl demokratik addım kimi bütün jurnalistlər tərəfindən müsbət qarşılandı.

Müstəqilliyin ilk illərində qəzetlərin əksəriyyəti “Azərbaycan” Nəşriyyatında çapdan çıxırdı. Qəzetlərin maliyyə problemləri, üst-üstə yığılan borcları onların bağlanması təhlükəsini yaratmışdı. Həmin dövrdə qəzetlərin “Azərbaycan” nəşriyyatına 450 min dollar məbləğində borcu var idi. H.Əliyev qəzetlərin ağır dönəmində baş redaktorlarla görüşərək mətbu orqanların nəşriyyata olan borclarını dondurdu. Bir neçə ildən sonra prezident İlham Əliyev tərəfindən həmin borclar tamamilə silindi.

Həmçinin, 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun digər hüquqi-normativ aktların qəbulu həyata keçirildi.

Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” kimi mühüm bir sənəd təsdiq olundu. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fond hər il qəzetlərə maliyyə yardımları ayırır və jurnalistlər arasında müsabiqələr keçirir, müxtəlif layihələr təşkil edir.

2013-cü ildə isə dünyada ilk və yeganə ölkə olaraq Azərbaycanda jurnalistlər üçün yaşayış binası tikildi. Və 150-dən çox jurnalistə həmin binada mənzil verildi. 2017-ci ildə daha 257 jurnalist mənzillə təmin olundu və elə həmin ərazidə jurnalistlər üçün daha bir binanın özülü qoyuldu.