Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-07 12:16:37
“Bunu etsək, müəllimlərin maaşı ən azı iki dəfə arta bilər” – Professordan təklif

“Burada qara niyyətlər də olduğu üçün bəzən təhsili idarə edən insanlar da məktəblərin sayının artmasında maraqlı olurlar. Beləcə, məktəbin idarə işləri üçün xeyli vəsait xərclənir. İnkişaf etmiş ölkələrdə isə belə etmirlər”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Şahlar Əsgərov deyib. O, qeyd edib ki, şagirdlərin sayını normal Avropa ölkələrindəki kimi tənzimləyə bilsək, təkcə bu səbəbdən müəllimlərin maaşı 2 dəfə arta bilər:

“Təxminən, 5 il bundan qabaq Azərbaycanda 10 şagirdə bir müəllim düşürdü. Bu, məncə, aşağı göstəricidir, bir müəllimin cəmi 10 şagirdə bilik ötürməsi deməkdir. Dünyanın inkişaf etmiş ölkələrində, məsələn ABŞ-da 20 şagirdə bir müəllim düşür. Biri var ki, şagirdləri 20-20 bölüb müəllim verəsən, bir də var ki 10-10… Əlbəttə ki, şagirdlər 20-20 bölünəndə müəllim maaşı daha çox olur. Elə müəllimlərin maaşının az olmasının əsas səbəblərindən biri də siniflərdəki şagirdlərin sayının az olması ilə bağlıdır. Biz şagirdlərin sayını normal Avropa ölkələrindəki kimi tənzimləyə bilsək, təkcə bu səbəbdən müəllimlərin maaşı 2 dəfə arta bilər”.

Ekspert qeyd edib ki, bizdə təhsilə baxış yüksək səviyyədə deyil. Onun sözlərinə görə, müəllim ailəsi ölkənin ən firəvan yaşayan ailəsi olmalıdır.

“Burada qara niyyətlər də olduğu üçün bəzən, təhsili idarə edən insanlar da məktəblərin sayının artmasında maraqlı olurlar. Beləcə, məktəbin idarə işləri üçün xeyli vəsait xərclənir. İnkişaf etmiş ölkələrdə isə belə etmirlər. Böyük bir kənddə yaxşı müasir məktəb tikirlər, balaca kəndlərdən məktəbliləri avtobusla həmin məktəbə aparmağa başlayırlar. Beləcə, həm sinifdəki şagirdlərin sayı artır, həm də məktəbin idarə işləri üçün ayrılan vəsaitə qənaət edilir, əlavə xərclər azalır. Məktəbə baxış bizdə kamil səviyyədə deyil. Yüksək səviyyədə olsa, dünya təcrübəsini tətbiq edərdik. Şübhəsiz, müəllimə maaş yüksək verilməlidir. Elə olmalıdır ki, kəndin şəhərin ən firavan yaşayan ailəsi olmalıdır. Həm maaş almalı, həm də özünün kənd təsərüffatı ilə bağlı əlavə işlrdən qazancı olmalıdır. Gərək, müəllimlər məktəbə bağlansın…”

Qeyd edək ki, aparılan araşdırmalar  göstərir ki, digər ölkələrlə müqayisədə Azərbaycan müəllimi çox az əməkhaqqı alır. Məsələn, Finlandiyada müəllim 8 saatlıq iş gününə görə ayda 2500 avro, Cənubi Koreyada 3167, Böyük Britaniyada 3083, ABŞ-da 3083, Tunisdə 1333, Çilidə 875, Türkiyədə 750, Macarıstanda 667, Peruda 375 dollar maaş alır.