Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-07 12:01:02
Kurikulum əsasında imtahanlar necə keçiriləcək? – Fərqlər və çətinliklər

Xəbər verdiyimiz kimi 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Yeni modelə uyğun sınaq imtahanı keçirilsə də, imtahanın  nəticələrini o qədər də qənaətbəxş hesab etmək olmaz. Bu sistem özündən öncəki qəbul  modelindən tamamilə fərqləndiyindən mütəxəsislər tərəfindən abituriyentlərin gələn ilki  qəbul imtahanlarında aşağı nəticə göstərəcəkləri proqnozlaşdırılıb.

AzEdu.az xəbər verir ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I blok – Riyaziyyat, Fizika, Kimya

II blok-Riyaziyyat, Coğrafiya, Tarix

III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat

IV blok – Biologiya, Kimya, Fizika

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Yazılı şəkildə cavablandırılması tələb olunan test tapşırıqlarında abituriyentlərin dünyagörüşü, təxəyyülü, düşüncə və özünüifadə bacarıqlarının yoxlanılması nəzərdə tutulub. Həmin tapşırıqların cavabı göstərilməyəcək və abituriyent cavabı özü tapacaq. Bu suallar tədris proqramını tamamilə əhatə edəcək.   

Yeni test tapşırıqlarının yoxlanılması da yeni üsullarla olacaq. Cavabların yoxlanılması təkcə kompüterlə yox, ekspertlərin qiymətləndirilməsilə aparılacaq. Dövlət İmtahan Mərkəzi valideynləri tam əmin edib ki, yazı işlərinin yoxlanmasında heç bir insan faktoru qiymətləndirməyə hər hansı təsir göstərə bilməz. Yazı işlərinin qiymətləndirilməsi ümumi imtahan nəticələrlə birlikdə internet səhifəsində yerləşdiriləcək və hər bir abituriyent öz işi ilə tanış ola biləcək. 

Situasiya və yaxud mətn üzrə təqdim olunan açıq formalı test tapşırıqları isə 0, 1 və ya 2 balla, digər formalı açıq və qapalı test tapşırıqları isə 0 və ya 1 balla qiymətləndirilir.

Qapalı formalı tapşırıqlar üzrə səhv cavabların sayının 1/4-i ümumi baldan çıxılır. Açıq formalı test tapşırıqları üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın müddəti 3 saatdır. Tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə qeyd olunur. İmtahanın sonunda sual kitabçaları və cavab vərəqələri şagirdlərdən təhvil alınır.

Qeyd edək ki, gələn il yalnız qəbul imtahanlarında sualların modeli dəyişməyəcək. Belə ki 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları