Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-07 11:05:00
Qiymətləndirmədə  Təhsil Nazirliyi “öz standartlarını” DİM isə “öz standart”larını tətbiq etməkdə israrlıdır - EKSPERT

“Yığcamlıq və rahatlıq yaratmaq lazım gəldikdə isə dərhal müddətlə bağlı möhlətə ehtiyac duyuruq. Başqa sözlə, 125 suala cavab almağa cəmi 180 dəqiqə vaxt verməkdə problem yaşamırıq, ancaq vətəndaşları da, dövləti də əlavə xərclərdən azad edə biləcək, gəncləri əlavə stressdən, bir ay ərzində iki dəfə psixoloji təzyiqə məruz qoymaqdan çəkinmək  kimi  zəruri bir məsələni həll etmək üçün isə bizdən hələ 2 il də vaxt tələb olunur”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Nadir İsrafilov deyib. O, qeyd edib ki, istər buraxılış, istərsə də qəbul imtahanlarının keçirilməsi və bu prosedur vasitəsilə biliyin qiymətləndirilməsi uzun illərdən bəri birmənalı qarşılanmayaraq müzakirə və mübahisə predmetinə çevrilib:

“Bunun nəticəsi kimi imtahanların daha optimal variantının tapılması və tətbiqi üçün mövcud qaydalarda dəfələrlə müəyyən dəyişikliklər aparılması zərurəti ortalığa çıxıb. Hələ 2 il bundan qabaq daha optimal variantın-buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə rəsmi dövlət qurumunun münasibətini bu imtahanların çox yığcam və rahat bir modelinin ictimaiyyətə təqdim ediləcəyi perspektivi baxımından əhəmiyyətli və təqdirəlayiq hesab etmək olardı. Lakin  başqa maraqlı tərəf o idi ki, məsələyə münasibətdə “2 il ərzində” müddət həddi onun hələ də bir müddət uzadılacağından xəbər verirdi. Hər şeydən əvvəl ona görə ki, bu kimi fikirlər hələ bir neçə “2 il ” bundan qabaq da səsləndirilmişdi. Digər tərəfdən belə bir fikir yaranır ki, görəsən, bu gedişlə məsələni kökündən həll etmək üçün bizə hələ neçə belə “2 il ” lazım gələcək?”

Nadir İsrafilov qeyd edib ki, biz bütövlükdə təhsillə, konkret halda isə imtahanlarla bağlı prosedurları mürəkkəbləşdirərkən nədənsə müddət baxımından heç bir çətinlik çəkmirik:

“Yığcamlıq və rahatlıq yaratmaq lazım gəldikdə isə dərhal müddətlə bağlı möhlətə ehtiyac duyuruq. Başqa sözlə, 125 suala cavab almağa cəmi 180 dəqiqə vaxt verməkdə problem yaşamırıq, ancaq vətəndaşları da, dövləti də əlavə xərclərdən azad edə biləcək, gəncləri əlavə stressdən, bir ay ərzində iki dəfə psixoloji təzyiqə məruz qoymaqdan çəkinmək kimi zəruri bir məsələni həll etmək üçün isə bizə hələ 2 il də vaxt tələb olunur. Lakin neçə 2 il - bunu hələ ki, zamanın öhdəsinə buraxmışıq... Razılaşaq və qəbul edək ki, dünya təcrübəsində uzun illərdən bəri tətbiq olunan buraxılış və qəbul imtahanlarının birləşdirilməsi yolu ilə təkpilləli vahid imtahan sisteminə keçid bizdə ona görə ləngiyib ki, əvvəllər buraxılış imtahanları Təhsil Nazirliyinin, qəbul imtahanları isə TQDK-nın səlahiyyətində idi. Artıq belə bir problem yoxdur, çoxdandır ki, “ikihakimiyyətliyə” son qoyulmaq yolu ilə öz həllini tapıb. Yəni, hər iki imtahanı vahid bir qurum TQDK, sonradan isə səlahiyyətləri daha da genişləndirilən və DİM adlandırılan eyni qurum həyata keçirir. Bu mənada, əlahiddə səlahiyyətlərə malik olan dövlət qurumunun problemin həllini sürətləndirməkdə operativlik göstərməsi üçün imkanları az deyil”.

Ekspert əlavə edir ki, sən demə, əvvəlki qiymətləndirmə müəllimin subyektiv mülahizəsinə əsaslanırmış və bu sistem şagirdlərdə təlimə marağı və məsuliyyət hissini azaldırmış:

 “Fikirləşmədik ki, bəlkə də şagirdlərimizin böyük əksəriyyətinin təhsilə qarşı olan-qalan marağında, müəyyən məsuliyyət hissi daşımasında başlıca amillərdən biri məhz gündəlik qiymətləndirmə olub. Biz rüblük qiymətləndirməni yarımillik qiymətləndirmə ilə əvəz etməklə, aralıq sinifdən-sinfə keçirmə imtahanlarını ləğv etməklə nəyə nail olduq? Digər tərəfdən “ola bilsin ki,…”, “amma…”, “aparıla bilər…”, “fənlərin sayı dörd olsa… “, “ali məktəblərin özlərinin də razılığı olmalıdır…”, “qəbulun aparılmasına razıdırsa….”, çünki ali məktəblər özləri…”, “heç olmasa 5 fənn üzrə olarsa…”, “…hələ demək mümkün deyil”, “belə olanda biz…”, “bu, bəlkə də daha çox… “, “qəbulda nəzərə ala bilərik…” və s bu kimi tərəddüdlü və sığortaedici ifadələr hələ ki, ümidverici perspektivdən xəbər vermir. Göründüyü kimi bu və buna bənzər fikirlər yeni ideya olmayıb, zaman-zaman səsləndirilib. Məsələni bir az da konkretləşdirsək belə bir qənaətə gəlmək olar ki, təhsilimizdə biliyin qiymətləndirilməsi sahəsində vəziyyət o qədər də ürəkaçan deyil. İstəsək də, istəməsək də açıq etiraf etməliyik ki, bizdə optimal vahid qiymətləndirmə sisteminə əməl olunmur. Əgər belə demək mümkündürsə hələ ki, Təhsil nazirliyi qiymətləndirmədə “öz standartlarında”, DİM isə “öz standartlarında” israrlıdır.

Qiymətləndirmə təhsil prosesinin mühüm tərkib hissəsi olduğu, Respublikamızda qiymətləndirmə üzrə yeni konsepsiyanın yaradılmasına ehtiyac duyulduğu nəzərə alınaraq Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında Azərbaycanda təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin yaradılması nəzərdə tutulub. Sadəcə olaraq prosesi sürətləndirmək lazımdır. Çıxış yolunu buraxılış və qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan sisteminə keçməkdə görürəm. Bu, Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi arasında uzun illərdən bəri davam edən qarşılıqlı ittıhamlara son qoymaqla yanaşı, həm də məzunlarımızı əlavə yükdən, vaxt itkisindən və psixoloji gərginlikdən, fiziki və mənəvi sağlamlıqları üçün təhlükə yaradan stressdən azad etmiş olar”.