Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-07 09:36:00
“Uşaqların 6, ya, daha az yaşda məktəbə getmələri  yolverilməz və təhlükəlidir”- Psixoloqdan irad  

Azərbaycan Respublikasının “Təhsil haqqında”qanununa əsasən, məktəbə qəbul 6 yaşdan başlanır. Eyni zamanda, dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqlar valideynlərin arzusu ilə Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada vaxtından əvvəl məktəbə qəbul oluna bilərlər.

Ümumtəhsil müəssisəsinin məktəbəhazırlıq qrupunda məşğul olmuş xüsusi istedadlı uşaqlar müəssisə rəhbərinin təqdimatı əsasında həmin müəssisənin I sinfinə müsahibəsiz qəbul oluna bilərlər. Qaydalara əsasən uşaqla tədris alacağı dildə 15-20 dəqiqə ərzində müsahibə aparılır. Müsahibə zamanı zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün ona 4 sual verilir və  hər suala cavab beşballıq şkala ilə qiymətləndirilir. Məktəbə qəbul olunmaq üçün uşaq ən azı 15 bal toplamalıdır.

Bəs 6 yaşı tamam olmayan uşaq orta məktəb məsuliyyətinə nə dərəcədə hazır olur? Keçirilən müsahibə həqiqətənmi onun hazırlıq səviyyəsini müəyyənləşdirir?

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov bununla bağlı ölkəmizdəki şərtləri dünya təcrübəsi ilə müqayisə edib:

“İlk növbədə qeyd edim ki, bir çox dünya ölkələrinin təhsil praktikasında birinci sinfə qəbul 6 deyil, 7 yaşdan həyata keçirilir. Bu yaş həddi təbii ki, boş yerə müəyyən edilmir. Burada uşaqların psixoloji və fiziki hazırlığı əsas götürülür. Onların müəyyən olunan dərs müddətində parta arxasında oturmaq bacarığı araşdırılır.

Bizdə də əvvəllər belə idi. Ancaq sonradan qəbul yaşı 6-a endirildi. İndi I sinfə 15 sentyabr tarixinədək 6 yaşı tamam olan, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl qəbulu üzrə müsahibədən uğurla keçən, həmin ilin 16 sentyabr tarixindən 31 dekabr tarixinədək olan dövrdə anadan olan uşaqlar qəbul edilir.

16 sentyabr tarixinədək və ya sentyabrın sonunadək 6 yaşı tamam olan uşaqlar normal qaydalarla orta məktəbə cəlb olunurdular. Ondan sonrakı müddətdə yaşı tamam olanların qəbulu zamanı isə çox ciddi qanun pozuntuları olurdu. Bunun ilin sonunadək 6 yaşı tamam olan uşaqlara da şamil edilməsi neqativ halların qarşısını alacaq”.  

O, vaxtından əvvəl orta məktəbə qəbulun şagirdlər üçün açdığı gələcək imkanlardan da söz açıb:

“Qanunvericiliyə edilən dəyişiklik gələcəkdə bu şəxslərin ali təhsil və hərbi xidməti zamanı da müsbət imkanlar açacaq. Burada intervallar qorunur. Məsələn, hərbi xidmətə çağırış aparılır. Hər il 4 dəfə hərbi xidmətə çağırış olur. Və bu müddətlərdə yalnız 18 yaşı tamam olanları hərbi xidmətə aparırlar. Əgər şəxsin 18 yaşı aprel ayında tamam olacaqsa, onu əlbəttə ki, yanvar ayında hərbi xidmətə çağırmayacaqlar. Yəni, bu, normaldır  və bu məhdudiyyət anlaşılandır. Hesab edirəm ki, bu məhdudiyyəti saxlamaq lazımdır”.

Onun sözlərinə görə 6 yaşı tamam olan bütün şagirdlərin fiziki və psixoloji olaraq məktəbə hazır olduqlarını demək də doğru deyil:

“6 elə də böyük yaş deyil. Ona görə də bütün uşaqları məktəbəqədər təhsil müəssisələrinə cəlb etmək lazımdır ki, rahat oxuya bilsinlər. Hətta  bəzi hallarda uşaq I sinfə qəbul olub, amma müəyyən müddətdən sonra valideyninin istəyi ilə təhsilini dayandırır. Bu hallara da rast gəlinib. Ona görə də bu yaş məhdudiyyəti normal, başa düşüləndir. Amma daha aşağı yaş yəddinə imkan vermək olmaz.

Dünyada fərqli yaş dövrlərində orta məktəbə qəbul aparan ölkələr də var. Məsələn, Yaponiyada uşaqları məktəbə 5 yaşdan götürürlər. Biz isə bunlara uyğunlaşa bilmərik. Biz öz inkişafımıza uyğun olaraq və həm də əlverişli mühit yaradaraq bunu tətbiq etməliyik”.

Psixoloq Fərqanə Mehmanqızı isə 7 yaşın şagirdlərin orta məktəbə başlaması üçün psixoloji cəhətdən daha uyğun olduğunu düşünür:

“Məktəbə başlamaq uşağın həyatında dönüş nöqtəsidir. Çünki o, bununla ciddi rejimə keçir. Gərək həmin rejimə elə vaxtda keçəsən ki, onun məsuliyyətini daşıya biləsən. 6 yaşı olmayan uşaq üçün bu məsuliyyəti daşımaq çox ağırdır. Çünki onu oyun və öz dünyasından çəkib məcburi təhsilə yönləndirmək onda təhsilə, qaydalara qarşı kin yaradacaq.

Uşaq yaxşı şeir öyrənə, zehni gücü və marağı ola bilər. Amma bunun üçün xüsusi kurslar var. Onlar məntiq və savadı inkişaf etdirir. Məktəbin isə qanunları var.  Yaşca özündən böyük uşaqlarla oxuması  istər-istəməz ona özünü zəiflik hiss etdirəcək. Ümumiyyətlə uşaqlar çox sürətli inkişaf edir. 7 və 6 yaşındakı uşaqların psixologiyası, özgüvəni eyni deyil. Buna görə də uşağın 6-7 yaşlarından sonra məktəbə getməsi daha düzgündür. Hətta məncə 7 yaş daha uyğundur”.

O, şagirdlərin məktəbə 6 yaşdan əvvəl getməsinin fəsadlarını izah edib:

“Belə olduqda uşaq daha özgüvənli olur, özünü daha yaxşı müdafiə edib, qaydalara daha yaxşı uyur. Verilən tapşırıqların məsuliyyətini  daha yaxşı dərk edir. İctimai davranış formaları, iradə böyük yaşlarda özünü göstərir.

Çünki dərsləri oxuyub yaxşı cavab vermək ağıl yox, iradə məsələsidir. Uşaq iradəlidirsə və ona uşaqlıqdan məsuliyyət aşılanıbsa, yaşı artdıqca iradəsi, məsuliyyəti daha da güclənir. İradə müəyyən yaş dövründən sonra azala və ya arta bilər. Bəzən, uşaq ibtidai sinifdə yaxşı oxuyur, sonradan zəifləyir. Və ya əksinə. Bu, onun iradəsindən asılıdır. Uşaq iradə və məsuliyyəti dərk edəndən sonra məktəbə getməlidir. Azyaşlının savadı, zehni varsa, bunu kurslarda tətbiq edə bilər. Amma məktəbin  qayda-qanunları fərqlidir. Onlara riayət etməyib yaxşı oxuyan uşaq başqalarının da haqqına girmiş olur. Çünki dərsi pozur və mənfi nümunə olur.  Bu , onun yalnız cəmiyyətə verdiyi ziyandır. Bundan əlavə bu, onun özündə də güvənsizlik formalaşdırır. Çünki hər dəfə ona düz otur deməklə o özünə inamını itirir və bu daxili aqresiyaya çevrilir. Ya  Melonxolik olub və “mən heç nə bacarmıram” düşüncəsi üzə çıxır, ya da “mən beləyəm” deyərək, aqresivləşir. Düşünür ki niyə mən hamı kimi deyiləm. Buna görə də uşağın məhz 6-7 yaşdan sonra məktəbə getməsi psixoloji cəhətdən daha düzgündür”.

Qeyd edək ki, 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbul müsahibəsinin vaxtı hələ açıqlanmayıb. Bu, iyun ayı ərzində aydın olacaq.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları