Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 20:41:00
Rus dili və ədəbiyyatı üzrə X olimpiadaya yekun vurulub

Bakı Slavyan Universitetində (BSU) rus dili və ədəbiyyatı üzrə X olimpiadaya yekun vurulması münasibəti ilə mərasim keçirilib. AzEdu.az xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov,  “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, alimlər iştirak ediblər.

 “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov bildirib ki, Azərbaycanda rus dili və ədəbiyyatı üzrə olimpiada bu ilin yanvar ayından may ayınadək keçirilib. Olimpiadada Azərbaycanın 51 şəhər və rayonundakı 605 ümumtəhsil müəssisəsindən 2811 şagird iştirak edib. Sonda 170 iştirakçı olimpiadanın qalibi olub.

 Daha sonra olimpiadaya həsr olunan videoçarx nümayiş etdirilib.

 Təhsil nazirinin müavini Firudin Qurbanov qalibləri təbrik edib, bu cür olimpiadaların keçirilməsinin gənclərin intellektual zənginləşməsində, məktəblilərin  rus dili vasitəsilə Avropa və dünya ədəbiyyatı ilə tanış olması baxımından  mühüm rol oynadığını vurğulayıb.

 

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Artyom Barkov, BSU-nun rektoru Nurlana Əliyeva  böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum günündə qeyd edilən Beynəlxalq Rus Dili Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər.

 

Tədbir konsert proqramı ilə davam etdirilib. Konsertdə beynəlxalq müsabiqələr laureatı Əli Muradov, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Atilla Məmmədov, Bakıdakı Nizami və Nəsimi rayonlarının uşaq yaradıcılıq evlərinin rəqs kollektivləri, Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin klarnetçilər kvarteti, BSU-nun “Arzu” gənclər ansamblı, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Aslan Əzimzadə çıxış ediblər.

 

Qeyd edək ki, olimpiadanın təşkilatçıları Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası olub.