Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-18 14:00:00
Dərslər sentyabrda da online keçiriləcək?- Müəllimlər necə hazırlaşırlar?  

 

Koronavirus səbəbiylə mart ayından etibarən Azərbaycanda dərslər onlayn formada davam etdirildi. Bu, təhsil  sistemimiz üçün bir ilk oldu.  Pademiya səbəbindən karantin rejiminin qarşıdakı aylarda da  davam edəcəyi  təqdirdə müəllimlərimizin  buna nə dərəcədə hazır olması, nə kimi yeniliklərə əl atacaqları çox maraqlıdır.

 

 

“Pandemiya bizi onlayn resurslara öyrəşdirdi”

 

 

Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbin fizika-riyaziyyat müəllimi Elçin Abbasov AzEdu.az-a açıqlamasında bildirir ki,  pandemiya onları onlayn resurslara artıq öyrəşdirib:

 

“İndiyə qədər nəinki dərslər üçün, heç onlayn platformalardan istifadə edib dostlarla əlaqə də yaratmamışdıq. ZOOM, SKYPE və s. sosial imkanlar hər zaman olub. Biz sadəcə, biriylə-votsapla kifayətlənirdik, lakin ondan belə görüntülü danışıq üçün  gec-gec yararlanırdıq. Pandemiya şəraiti mənfi hal hesab olunsa da, bizi onlayn resurslara və  təhsilə öyrəşdirdi. Məsələn, əvvəlki illərdə konfrans, təlim olduqda Bakı şəhərinə getməli olurduq. Hazırda evdən bu prosesə qoşula bilirik”.

 

Elçin müəllim növbəti onlayn tədrisə tam hazır olduğunu bildirir:

 

“Mən dərsləri həm ZOOM, həm də Microsoft Teams proqramı üzərindən keçdim. Müəllimlərlə yanaşı, şagirdlər də proqramlardan istifadəni mənimsəyiblər. Əgər sentyabrda dərslər yenə onlayn qaydada davam etdiriləcəksə, mən buna tam hazıram. Məktəb rəhbərliyi ilə onlayn görüşlər keçirib, proqram və cədvəli hazırlayıb distant təhsilə başlamaq olar. Hətta müəyyən vacib günləri (9 may, 28 may) onlayn şəkildə şagirdlərlə qeyd etdik. Düşünürəm ki, şagirdlərin distant təhsildən bezməmələri üçün onlayn tədbirlər, təlimlər həyata keçirilməlidir”.

Laçın rayon Taxtakörpü kənd məktəbinin ingilis dili müəllimi Şəbnəm Cəbrayıl bu formalı tədrisin əsas problemi kimi internetsizliyi qeyd edir:

 

 “Virtual məktəb” platformasından öncə dərslərimi ZOOM platforması üzərindən keçirdim. “Virtual məktəb” platformasının imkanları daha genişdir. Sadəcə, çətinlik internetsizlik idi. Məsələn, sinifdəki 17 uşaqdan 13-14-ü onlayn dərslərə qoşulurdusa, qalanları proqramdan geri qalırdı. Ümumilikdə isə sinfin 80%-i dərslərə qatıla bildi. Qeyd edim ki, dərslərimi iyunun 14-ü yox, 16-sı bitirdim”.

 

Şəbnəm Cəbrayıl qeyd etdi ki, onlayn təhsildə konkret cədvəl üzrə işləyən müəllim yorulmur:

 

 “Təbii ki, onlayn əlaqə canlı ünsiyyətin yerini verə bilməz. Pandemiya şəraiti olduğu üçün əsas şagirdlərin sağlamlığını düşünməliyik. “Virtual məktəb” həm tədris prosesinə kömək oldu, həm də onları tibbi cəhətdən mühafizə etdi. Qısa müddət ərzində Təhsil Nazirliyi tərəfindən distant təhsillə bağlı uğurlu addımlar atıldı. Onlayn təhsil zamanı müəllim konkret vaxt təyin etdikdə yorulmur və şagirdlər bilir ki, həmin müddətdə bütün suallarını müəllimə ünvanlaya bilərlər”.

 

 “Ümid edirəm ki, vəziyyət düzələr və ənənəvi qaydada məktəbdə dərslərə davam edərik”

 

Müəllimlər üçün onlayn təhsil ilk təcrübə oldu. Növbəti tədris ili onlayn formada başlasa,  daha fərqli nələrsə etmək olar. Ancaq ümid edirəm ki, vəziyyət düzələr və ənənəvi qaydada məktəbdə dərslərə davam edərik. Bizə onlayn tədrislə bağlı platformalardan istifadənin asanlaşması məqsədilə təlimlər keçirildi. Bununla yanaşı praktikada onlayn platformalardan istifadəni daha da inkişaf etdirdik.

 

“Tək problem bəzi şagirdlərin internetsizliyi idi”

 

 Laçın rayonu, Mişni tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar İsmayılova da online tədris formasından gileyli deyil. Lakin əksər bölgə müəllimləri kimi onu da əsas problem düşündürür:

 

“Onlayn tədris zamanı demək olar ki, əksər müəllimlər dərsləri “Virtual məktəb” platforması üzərindən keçdi. Bu platforma üzərindən dərs keçməyə öyrəşmişəm. Tək problem şagirdlərin bəzilərinin internet imkanlarının olmaması idi. Hətta görüntülü danışığa əlverişli olan telefonların sayı da az oldu. Neqativ hallara baxmayaraq, bütün platformalar üzərindən əlaqə qurdum və öz telefonu və internet imkanı olmayan şagirdlər üçün dərs materiallarını onlara yaxın insanların telefonları vasitəsilə çatdırdım. Hətta internet imkanı olan şagirdləri “Virtual məktəb” platforması üzərindən bir-bir qeydiyyatdan keçirtmişdim”.

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları