Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 16:55:43
“Abituriyentlər gələn il qəbul imtahanının suallarını cavablandıra bilməyəcəklər” –Mütəxəssis rəyləri  

Xəbər verdiyimiz kimi 2019-cu ildən ali məktəblərə qəbul imtahanı kurikulum sistemi əsasında keçiriləcək. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunacaq. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Bu prosesdə yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar öz əksini tapacaq. Həmin tapşırıqların cavabı göstərilməyəcək və abuturiyent cavabı özü tapacaq.

İmtahan yeni sistem əsasında keçiriləcəyindən xüsusilə  yazılı şəkildə cavablandırılması tələb olunan 3 sualın formatı abituriyentlər üçün hələ də qaranlıq qalıb.

AzEdu.az məsələyə aydınlıq gətirməyə çalışıb.

Azərbaycan dili və ədəbiyyat müəllimi Elxan Nəcəfov AzEdu.az-a açıqlamasında bildirib ki, həmin 3 sual  şagirdə tədris zamanı öyrədilən bacarıqları qiymətləndirəcək və proqramdan kənar olmayacaq:

“Bu tipli suallarda şagirdə aşılanan müxtəlif bilik və bacarıqlar yoxlanıla bilər. Hazırlanan tapşırığın məqsədindən asılı olaraq, abituriyentin məntiqi təfəkkürü, inteqrativ bilikləri, dünyagörüşü və s. bu tipli sualların düzgün cavablarının tapılması zamanı üzə çıxacaq”.

Təhsil eksperti Kamran Əsədov vurğulayıb ki, indiyədək tətbiq edilən qiymətləndirilmə üsulları  heç də bütün hallarda obyektiv qiymətləndirilməni təmin edə bilməyib:

“Qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə dünyanın əksər ölkələrində  geniş tətbiq edilən test üsulundan istifadədir. Test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün tələbələr qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır”.

Kamran Əsədov kurikulum əsasında keçiriləcək qəbul imtahanına düşəcək açıq suallar barədə danışıb:

“Açıq tipli test tapşırıqlarında  hər bir suala söz, ifadə, cümlə, işarə, formula və s. yazılmaqla şagird özü cavab verir. Açıq tipli test tapşırıqları iki cür olur:  Sərbəst şərhdə imtahan verən cavabı sərbəst şəkildə şərh edir, bu zaman ona heç bir məhdudiyyət qoyulmur. Tamamlama tipli tapşırıqlarda isə imtahan verən tapşırığın şərtindəki məhdudiyyətləri nəzərə almaqla cavab verir (məsələn, cümləni tamamlama).

2019-cu ilin qəbul imtahanlarında yeni tipli test tapşırığı istifadə olunacaq. Bu situasiya tipli test tapşırığı modelləridir. Əslində 2017-ci ildən IX sinif buraxılış imtahanlarında bu modeldən istifadə olunub. Yəni imtahan iştirakçıları bu tipli test tapşırıqları ilə tanışdırlar. Əvvəlki model test tapşırıqlarından fərqli olaraq bu model testlərdə yazılı şəkildə cavablandırılma tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqları modelidir. Yəni bu test tapşırıqlarının standart cavabı olmur. Ona imtahan iştirakçısı geniş də cavab verə bilər, qısa da. Əsas odur ki, qaldırılmış məsələnin həlli verilmiş cavabda öz əksini tapsın”.

Kurikulum üzrə təlimçi Günel Əliyeva qeyd edib ki, açıq sualların məqsədi şagirdin dünyagörüşünü, söz ehtiyatını yoxlamaqdır:

“Şagirdə  mətn verilir və ondan mətnə aid terminlərin izahı tələb olunur. Cavab isə elə mətnin içərisindədir.Şagird sadəcə həmin terminin mənasını bilməlidir. Bu da onun dünyagörüşünə, nə qədər informasiyalı olmasına əsaslanır. Suallar tarixlə, ədəbiyyatla, idmanla və digər bütün  sahələrlə bağlı olur. Şagird öz fikrini əsaslandırmalı, mətnə uyğun sual verməyi bacarmalıdır. Çünki suallar təfəkkürü, düşüncə tərzini yoxlayır. Uşaqların bu istiqamətdə  hazırlanmasında ciddi problemlər var. Demək olar ki, şagirdlərin söz ehtiyatları, dünyagörüşləri yoxdur. Kurikulum müasirlik tələb edir, dərslər oyun və əyləncəylə aparılmalıdır. Ancaq bizdə müəllim həm sualı, həm də cavabı verir.  Ənənəvi dərslər  hafizəyə əsaslanırdı. Ancaq hazırda da şagirdlər “niyə?” sualının cavabını tapa və ümumiyyətlə, düşünə bilmirlər”.

Günəl Əliyevanın sözlərinə görə, gələn il qəbul imtahanlarında şagirdlər çətinlik çəkəcəklər:

“Düşünürəm ki, abituriyentlər fikirlərini yazaraq ifadə edə bilməyəcəklər. Cümlə qursalar belə çoxsaylı səhvə yol verəcəklər. Çünki şagirdlərin əksəriyyəti inşa da yaza bilmir. Riyaziyyatdan onsuz da  çətinlik çəkirdilər. Azərbaycan məktəblərində 100 %-ə  yaxın şagird fikrini obrazlı cümlələrlə ifadə edə bilmir”.

Qeyd edək ki, bu tapşırıqların yoxlanılması da yeni üsullarla olacaq. Qapalı formalı tapşırıqlar üzrə səhv cavabların sayının 1/4-i ümumi baldan çıxılır. Açıq formalı test tapşırıqları üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Situasiya və yaxud mətn üzrə təqdim olunan açıq formalı test tapşırıqları isə 0, 1 və ya 2 balla, digər formalı açıq və qapalı test tapşırıqları isə 0 və ya 1 balla qiymətləndirilir.

İmtahanın müddəti 3 saatdır. Tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə qeyd olunur. İmtahanın sonunda sual kitabçaları və cavab vərəqələri şagirdlərdən təhvil alınır. 

2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticənin əldə olunması nəzərdə tutulub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları